Əsas səhifə Biznes Müsahibə Baku Translation  və Networking.Az rəhbəri biznesi yaratmasından danışdı

Baku Translation  və Networking.Az rəhbəri biznesi yaratmasından danışdı

143

Müsahibimiz Baku Translation şirkətinin rəhbəri və Networking.Az tədbirlərinin təşkilatçısı Orxan Hacıyevdir.

  • Orxan bəy, biznesə necə gəldiniz, bu proses sizdə necə baş verdi?

Mən Xarici Dillər Universitetində təhsil almışam. Təhsil aldığım müddət ərzində yaxşı oxumasam da, çox aktiv tələbə olmuşam. Daim öz ətrafıma tələbə yoldaşlarımı yığaraq, müxtəlif tədbirlər təşkil edirdim. Sonuncu kursda isə  düşündüm ki, pul qazanmağa başlamaq lazımdır. İlk zamanlar universitetin sayəsində ətrafımda kifayət qədər xarici dil bilən gənc olduğunu fikirləşirdim. Lakin ətrafımda olan bu şəxslərin menecment, təşkil və proyekt şəklində işləmək bacarıqları zəif idi. Bu səbəbdən də, mən bu funksiyanı öz üzərimə götürərək, sifariş əsasında tərcümələrin edilməsi biznesinə başlamaq qərarına gəldim. İlk olaraq, o vaxtlar məşhur olan “Birja” qəzetinə elan yerləşdirdim. Gün keçdikcə, sifarişlərin sayı artdı. Bizdə bu sifarişləri qəbul edib, vaxtında yerinə yetirməyə çalışırdıq. Bir müddət bu formatda işlədikdən sonra, korporativ sektordan daimi müştərilər qazandıq və işlərimiz stabilləşməyə başladı. Bu işi demək olar ki, investisiyasız qura bildik. Hazırda kifayət qədər böyük komandamız var – onların bir qismi Azərbaycanda, digər qismi isə xarici ölkələrdən bizimlə çalışırlar.

  • Biznesinizi quran və idarə edən zaman hansı çətinliklərlə üzləşmisiniz?

Əslində biznesimiz 2008-ci ildə qurulduqdan sonra bir müddət artım templəri ilə inkişaf edirdi. Lakin 2015-ci il böhranından sonra bizim daimi müştərilərimizin bir qismi ya bizimlə fəaliyyətini tam dayandırmağa, ya da sifarişlərin həcmini azaltmağa başladı. Ancaq bizim maliyyə məlumatlarımızın təhlili göstərirdi ki, bizim gəlirlərimizdə enişlər yoxdur. Buna da səbəb yeni müştərilərin cəlb edilməsi idi. Bu dövrlərdə mən paralel olaraq həvəskar kimi Networking.Az layihəsini başlamağa qərar vermiş və 40 nəfərlik qrupla ilk görüşlərimizi keçirtməyə başlamışdım. Artıq işin gedişatında görürdüm ki, bu tədbirlərin nəticəsində bizim tərcümə mərkəzinin müştəri bazasıda yavaş-yavaş artım başlayır. Bu alətin effektiv olmasına şahid olduqdan sonra, onun üzərində daha ciddi çalışmaq qərarı verdim.

  • Networking.Az haqqında daha ətraflı məlumat verə bilərsinizmi?

İlk olaraq bu ideya mənə gəldikdə dost və tanışlarımla məsləhətləşməyə başladım. Onların bəziləri bunun vaxt itkisi olduğunu bildirsələr də, bəziləri mənə mənəvi dəstək oldular. Elə oldu ki, şirkətlərdən biri bizim bu təklifimizi bəyənərək bizə dəstək olmaq qərarına gəldi. Qeyd edim ki, bu dəstək olmasaydı, bəlkə də bu işi başlamaqda indiyə qədər də tərəddüd etmiş olardım. Beləliklə, biz ilk tədbirimizi biznes adamlarını bir araya toplayaraq, onların bir-birləri ilə ünsiyyət yaratmaq imkanı yaratdıq. İlk dövrdə buna 40 nəfərlik qrupla başlasaq da, hazırda tədbirlərimiz ildə 2 dəfə olmaqla böyük toplantı şəklində baş tutur. Bu görüşlərdə müxtəlif səpkidən olan şəxslər bir-biriləri ilə tanış olur, fikir mübadiləsi aparır, gələcək əməkdaşlıqları müzakirə edirlər. Görüşlər zamanı qonaq spiker qismində məşhur şəxslər dəvət edilir.

 

  • Networkingdə kifayət qədər təcrübəsi olan şəxs kimi, bu işi uğurla aparmaq üçün gənclərə nə məsləhət bilərdiniz?

İlk olaraq qeyd etmək istərdim ki, “networking” indiki biznes dünyasında çox əhəmiyyətli alətlərdən biridir, buna görə də alətdən düzgün və maksimum istifadə edən şəxslərin, ümumiyyətlə, biznesdə və həyatda uğur qazanmaq şansları daha yüksəkdir. Mən tədbirlərimizdə də dəfələrlə qeyd edirəm ki, tanışlıqlardan utanmaq lazım deyil, əksinə tədbirlərdə iştirak etməli, yeni insanlarla tanış olmalı, tanış olduqdan sonra isə bu əlaqələri inkişaf etdirməliyik. Mütəmadi olaraq, bu şəxslərlə əlaqə saxlamaq, onlara öz köməyini əvəzsiz təklif etmək lazımdır. Ən azından həmin şəxsləri “Facebook”da dostluğa əlavə etməli, görüşüb-danışmalısız (bayramlarda təbrikləri də unutmaq olmaz). Bu prinsiplər üzərində qurulan “networking” zaman keçdikcə inkişaf edəcək və bunun əhəmiyyətini siz öz həyatınızda mütləq hiss edəcəksiniz.

  • Az-la bağlı gələcək planlar necədir?

Yaxın gələcək üçün istəyirik ki,  görüşlərin intensivliyini artıraq, həmçinin iştirakçılar üçün üzvlük haqqlarını müəyyən edib, görüşlərdə iştirak etmək istəyənlərə seçimlər təqdim edək. Bu qaydada, il ərzində ayda bir dəfə olmaqla 12 tədbir keçirtmək planlaşdırırıq. Hazırda iştrakçı sayı çox olduğundan hər kəsin tədbirlərə dəvət edilməsi fiziki cəhətdən sadəcə mümkünsüzdür.

Lakin buna baxmayaraq ənənəvi olaraq, ildə 2 dəfə baş tutan görüşlərimizdə öz qaydasında davam etdiriləcəkdir.

Ümumiyyətlə “Networking.Az”ın Azərbaycanın biznes həyatında daha mühüm yer tutması istiqamətində davamlı işlər görmək niyyətindəyik. Bu tədbirləri daha geniş miqyasda keçirməyi planlaşdırırıq.

 

 

 

 

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here