“Baku Business Factory”də uğur qazanmaq üçün ağıllı ideyası olan istənilən gəncə şans verilir
“Eşidəndə də ki, yeni yaranan şirkətlər üçün pulsuz ofis verilir, çox sevindik. Ofis, iş görüşməsi üçün otaq, yorulanda dincəlmək üçün kabinet, sürətli internet, printer, skayner, kompyuter, hələ üstəlik mentor… Və bunların hamısı da pulsuz. İnanılmazdır. Amma bütün bunları Baku Business Factory (BBF-Bakı Biznes Fabriki) bizim kimi gənclər üçün təşkil edir. İşləmək üçün başqa nə lazımdır ki?”.
Bu sözləri bizimlə söhbətində BBF-də 4 nəfər işçisi ilə birlikdə işləmək imkanı qazanan Brandcream şirkətinin rəhbəri Elşən Qurbanov bildirdi.
Elşən deyir ki, frlilans olaraq qrafik dizaynla məşğuldurlar. İki ilə yaxındır fəaliyyət göstərsələr də, bir yerdə birləşəndə işləmələri üçün məkan yox idi. Daha doğrusu, qazancları icarəyə ofis götürməyə çatmırdı. BBF barədə eşidəndə CV-lərini və şirkət barədə məlumatı bura göndəriblər. Layihələri bəyənildiyindən müsahibəyə çağırılıblar və ofisin bütün imkanlarından yararlanmaq imkanı qazanıblar: “O vaxt BBF-dəki mentorumuz işimizin qabağa getməsi üçün nəyə ehtiyacımızın olduğunu soruşdu. Yer ayırmaqdan başqa, bizə kompyuterlərin, planşetin alınmasında maddi cəhətdən kömək də etdilər”.
Biz də gənclərimiz üçün bu cür şəraitin yaradıldığını eşidəndə BBF-dən reportaj hazırlamaq qərarına gəldik.
Qeyd edək ki, BBF AF Business House-un 3-cü mərtəbəsində yerləşir. Burada startaplar, frilanserlər və kiçik biznesləri olanlar üçün pulsuz işləmək imkanı yaradılır. Elşənin də dediyi kimi, gənclər heç bir ödəniş etmədən ofisin bütün imkanlarından – iş stolu, görüş otaqları, istirahət otağı, internet, printer, skayner, resepşn, çay, kofe və s., istifadə edə bilir, həmçinin, BBF tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və peşəkarlardan bizneslərini inkişaf etdirmək üçün məsləhət almaq imkanı qazanırlar.
İqtisadiyyatımızın diferensiallaşdırılmasına dəstək
BBF-in İdarə Heyətinin üzvü Anar Əskərov deyir ki, şirkətin əsas məqsədi gənclərin biznes təşəbbüslərinin dəstəklənməsidir: “BBF-in təsisçisi Union Grand Energi Şirkətlər Qrupunun təsisçisi və icraçı direktoru Anar Əlizadədir. Ötən ilin aprel ayında bu sosial layihəmiz işə başlayıb. Missiyamız biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi bazanın təmin edilməsini kompleks şəkildə həyata keçirməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşdırılmasıdır. Düşünürük ki, uğur qazanmaq üçün ağıllı ideyası olan istənilən azərbaycanlı gəncə şans verməyə dəyər. Bildiyiniz kimi, Azərbaycanda dövlət tərəfindən gənclərimizə dəstək məqsədilə inkubasiya mərkəzləri yaradılıb. Biz də iqtisadiyyatımızın differensiallaşdırılmasına dəstək olmaq məqsədilə kənd təsərrüfatı, xidmət, istehsal və s. kimi ən müxtəlif profilli layihələrə dəstək veririk. Gənclərimizə ofis şəraiti yaratmaqla yanaşı, texniki avadanlığa ehtiyacı olanları bu avadanlıqlarla təmin edir, BBF-in tərkibindəki peşəkar iqtisadçılar, marketoloqlar bu layihələrə dəstək göstərirlər. Ola bilsin ki, yeni yaranan şirkətlərin büdcəsi güclü marketoloq işlətməyə çatmasın. Bu zaman biz öz əlaqələrimizdən istifadə edərək həmin marketoloqları dəvət edirik ki, gənclərimizin layihələrini inkişaf etdirməsi üçün onlara mentorluq etsinlər”.
Kimlər BBF-in imkanlarından istifadə edə bilər?
Hər bir yeni yaranan şirkət BBF-in bu cür imkanlarından istifadə etmək istəyər. Amma təbii ki, hər şirkətin müraciəti qəbul edilmir. Seçimin necə aparıldığından danışan həmsöhbətimiz deyir ki, işləmək üçün motivasiyası, həvəsi olan gənclərimizin ən güclü layihələrini qəbul edirlər: “Layihə daxil olanda İdarə Heyətinin üzvləri ilə dəfələrlə analiz edir, layihənin rəhbəri ilə görüşür və ən uğurlu ola biləcəkləri seçirik. Yalnız bundan sonra həmin kiçik şirkətlər BBF-in imkanlarından istifadə etmək şansı qazanırlar. Burada fəaliyyətə başlayandan sonra BBF-in İdarə Heyəti layihə meneceri ilə tez-tez görüşlər keçirir. Şirkət rəhbərləri inkişaf etmələri üçün çatışmazlıqlarını deyir, biz də onu araşdırır və dəstək olmağa çalışırıq. Ola bilər ki, hansısa böyük şirkət rəhbəri ilə görüşmək istəyərlər. Bu zaman da yardımımızı əsirgəmirik. Kiməsə xarici investor lazımdırsa, bunu da təşkil edirik ki, gənclərimizin biznesləri inkişaf etsin. Bu, gənclərə müştərilərini, əlaqələrini artırmağa kömək olur. Nəticədə onlar pul qazanırlar”.
Şirkətlərin nə vaxtadək BBF-in pulsuz ofis və digər imkanlarından istifadə etməsinə gəlincə, A.Əskərov deyir ki, BBF-in uğuru bura gələn layihənin getdiyi gün sayılır: “Biz layihəni qəbul edəndə onun büdcəsi az olur, yalnız yaxşı gəlir əldə etməyə başlayanda buradan çıxıb icarəyə ofis götürə bilir. Burada yerləşməmişdən əvvəl şirkət rəhbərləri doldurduqları anket formasında nə qədər müddətdə BBF-in ərazisində fəaliyyət göstərmək istədiklərini qeyd edirlər. Dedikləri vaxtda biznes plana uyğun yeni ofis tutub köçürlər. Biz burada şirkət rəhbərləri ilə daim görüşlər keçirir, bizneslərinin hansı mərhələdə olduğunu və hansı köməyə ehtiyac yarandığını soruşuruq. Əsas məqsəd budur ki, burada inkişaf etsinlər, gəlir qazansınlar və BBF-dən məzun olsunlar. BBF-dən məzun olan şirkətlər bizim uğurumuzdur. Məsələn, Code Akademiya vaxtilə BBF-də otururdu, onlara dəstək olduq, işlərini böyütdülər. Hazırda elə bu binada BBF-in ərazisinin yarısı qədər ölçüdə ofis götürüblər”.
Onu da deyək ki, kovörkinq sahəsində (müxtəlif sektorlardan olan sərbəst işçilər üçün məkan) 38 yer var. Hər layihədə maksimum 3-4 nəfərə yer ayrılır. A.Əskərovun sözlərinə görə, gələn ildən kovörkinq sahəsində çalışan bəzi biznes layihələrə maliyyə dəstəyi verilməsini planlaşdırırlar: “Hətta bu günlərdə xarici investorlarla, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin iqtisadiyyat şöbələri ilə görüşlərimiz olur. Əsas məqsədimiz yerli startaplarla xarici investorlar arasında BBF olaraq körpü rolunu oynamaq, bu işə töhfə verməkdir”.
“Bizi kreativliyimiz birləşdirir”
Kovörkinq üçün ayrılan ərazidə BBF-in imkanlarından yararlanan gənclərimizlə də həmsöhbət olduq.
Nərmin Bayramova, Pomada.az şirkətinin nümayəndəsidir. 6 aya yaxındır burada işləyir. Deyir ki, pomada.az Azərbaycanda mütəxəssislərə, saç, makiyaj, tatu və s. ustalara aid yeganə saytdır: “Ustalar pulsuz olaraq bizdə qeydiyyatdan keçir, pulsuz olaraq əl işlərinin şəkillərini saytımızda yerləşdiririk. Xanımlar hansısa ustanın işini bəyənəndən sonra onlayn qeydiyyata düşürlər. Biz ustalarla müştəriləri əlaqələndiririk. Gün ərzində 3-4 yazılış olur”.
Nərmin BBF-in kovörkinq sahəsində çox səmimi mühit olduğunu deyir: “Burada özümü evimdəki kimi hiss edirəm. Eyni məkanda başqa-başqa şirkətlərin nümayəndələri çalışsa da, hamımızın ümumi xüsusiyyətimiz var. Bu da kreativ olmağımızdır. Buna görə də bir-birimizlə rahat dil tapırıq. Heç kim böyük şirkətlərdə olduğu kimi, bir-birinin ayağının altını qazmır. Hamımız can deyib, can eşidirik”.
Ayrı-ayrı şirkətlər bir komandadır
Banko.az şirkətinin nümayəndəsi Günel Abduraxmanova bir ildən çoxdur ki, burada fəaliyyət göstərdiklərini bildirdi: “Burada bizim şirkətdən 2 nəfər üçün yer ayrılıb. Banklar, bank məhsulları və Azərbaycan iqtisadiyyatına aid xəbərlər və araşdırma məqalələr hazırlayır müsahibələr alırıq”.
Günelin fikrincə, müxtəlif şirkərlərin nümayəndələri ilə eyni otaqda işləmək çətin yox, maraqlıdır: “Çünki bəzən bilmədiyimiz sahələrlə bağlı bir-birimizdən məsləhət ala bilirik. Məsələn, bank sektorunu araşdırırıqsa, burada bank sektoru ilə əlaqəsi olmayan dostlarımızın sualı olduqda, bizə ünvanlayırlar. Yaxud sosial media agentlikləri, dizaynerlər var ki, biz də lazım olanda onlara müraciət edirik. Buna görə də bir komanda kimi formalaşmışıq, sanki hamımız bir şirkətin nümayəndələriyik”.
Yaponiyaya bal ixrac edən şirkət
Kercom MMC-nin (mrbee.az) rəhbəri Cavid Kərimov şirkətlərinin bal və arıçılıq məhsullarının istehsalı və satışı ilə məşğul olduğunu deyir: “Kercom MMC hazırda topdansatış bal bazarının əsas iştirakçılarından biridir. 2015-ci ilin son rübündən başlayaraq şirkət pərakəndə bazara da daxil olub. Bu istiqamətdə yaradılan yeni brend, “Mr Bee”nin həm pərakəndə mağazalar şəbəkəsi, həm də onlayn platforma üzərindən satışı həyata keçirilir. İstehsal fəaliyyəti həm bal, həm də arıçılıq məhsullarının istehsalından ibarətdir. Bal məhsulları sırasına cökə, dağ, may, şabalıd, yemişan, sarmaşıq, kəklikotu və s. növləri; arıçılıq məhsulları sırasına isə arı südü, vərəmum, çiçək tozu və digər məhsullar daxildir. Son 2-3 ildə illik istehsal həcmimiz 20 tondan çoxdur. Keçən ilin sonlarından başlayaraq ixracla da məşğuluq. Məhsulumuzu “Mr B” adı ilə Yaponiya bazarına ixrac edirik”.
Müsahibimiz də BBF-in onlar üçün yaratdığı ofis imkanlarından razılıq edir: “Xaricdən gələn partnyorlarımızı burada rahat şəkildə qarşılayırıq. Bura həm də biznes əlaqələrimizi genişləndirmək üçün gözəl məkandır. BBF-də fəaliyyət göstərən şirkətlərlə müxtəlif sahələr üzrə əməkdaşlıq edirik. Yeni yaranan və inkişafda olan şirkət üçün bu, önəmli məqamdır. BBF özü də satış prosesimizə, inkişaf istiqamətlərimizə dəstək verir”.
Pozitiv mühit
Layihələrində 4 nəfərin yer aldığını deyən müsahibimiz onlar üçün yaradılan şəraitdən razıdır: “Buradakı pozitiv mühit günümüzün darıxdırıcı keçməməsinə, daha da enerjili işləməyimizə rəvac verir”.
İşləməyə həvəsləndirən mühit
BBF-in Startaplar olan bölümündə çalışan startaplarla da həmsöhbət olduq.