Bakıdakı tarix müəllimi Avstriyada necə biznes qurdu – MÜSAHİBƏ

Date:

Paylaş:

Avstriyada yaşayan azərbaycanlı iş adamı Rauf Kamillə bu ölkəyə səfərimiz zamanı, Azərbaycan səfirliyindəki tədbirdə tanış olduq. Tədbirə dəvət almış qonaqların sırasında olmaqla yanaşı, məlum oldu ki, qonaqlara təklif edilən şərablar da Rauf müəllimin müəssisəsində istehsal edilib. Azərbaycandan Avstriyaya 19 il əvvəl gələrək biznes quran iş adamının tarixçəsi  oxucular üçündə maraqlı olacaq.

– Rauf müəllim, gəlin əvvəlcə sizi tanıyaq…
– Mənim adım Rauf Kamildir. Avstriyada 1999-cu ildən yaşayırıq. Gəldiyimiz gündən bəri ailəmlə, uşaqlarla işləyirik.

– Bakıda nə işlə məşğul idiniz?
– Bakıda tarix müəllimi işləmişəm.

– Bəs necə oldu, birdən-birə bura gəldiniz?
– O vaxt elə bir vəziyyət idi ki, hamı ölkədən çıxırdı, hamı harasa gedirdi. Mən də birdən-birə beynimə saldım ki, gedib bir Avstryanı görüm. Əvvəlcə özüm gəldim, xoşum gəldi ölkədən, sonra gedib ailəmi də gətirdim. Gəldiyim gündən burdakı ərzaq mallarının satışı üzrə firmamı idarə edirəm.

– Bəs araq istehsalına necə başladınız? Tarix müəllimi və spirtli içki istehsalı bir qədər fərqli sahələrdir.
– Burada şərabçılıq və spirt çəkmək üzrə təşkil olunmuş kurslara getdim. Ümumiyyətlə hər iki sahə üzrə əvvəldən yaxşı təməl biliyim vardı. Mən əslən İrəvandanam. Ondan sonra getdim sənədlərimi lazımı yerə təqdim etdim və istehsal üzrə öz lisenziyamı aldım. Elə həmin vaxtdan – 2009-cu ildən bəri həm şərab istehsal edirəm, hələ ki böyük miqdar deyil, amma əsas böyük miqdarda araq və konyak istehsalı ilə məşğulam.

– Məhsullarınızı hansı şəhərdə istehsal edirsiniz?
– İstehsal müəssisəmiz Mödlinq şəhərindədir. Vyanadan təxminən 25 km uzaqlıqda yerləşir.

– İstehsal gücünüz necədir?
– Avadanlıqlarımız iman verir ki, gündəlik 1000-1200 şüşə araq istehsal edək. Amma çaxır istehsalında illik cəmisi 5000 şüşədir istehsalımız.

– Kvotanız o qədərdir?
– Xeyr, kvota deyil, mənim üzüm sahələrimdən əldə etdiyim miqdar o qədər olur.

– Üzüm sahəniz nə qədərdir, 50 hektar olar?
– Yox, 50 hektar olsaydı, xoşbəxt olardım. Cəmisi 3 hektar üzüm sahəm var.

– 3 hektarla ildə 5000 şüşə? Yəqin faydalı iş əmsalınız yüksəkdir. Şərabı hansı üzümlərdən çəkirsiniz?
– Məndə əsasən qruniveltina  ilə qlafirenth növdür. Bu növlər Avstriyanın torpağına uyğundur.  “Azərbaycan” şərabını qlafirenth növdən çəkmişəm. Qruniveltinadan da “Abşeron” şərabını çəkirəm.

– İki markada şərab buraxırsınız – “Abşeron” və “Azərbaycan”. Bəs arağın adı nədir?
– Araq markamızın adı “Bakı”dır. Taxıldan çəkirik, taxılı isə özümüz əkmirik, alırıq. Mən bu arağın keyfiyyətinə görə, 2016-cı ildə İngiltərədə qızıl medal almışam. Danimarkadan isə 2 qızıl medal almışam. Bu günkü məqsədim odur ki, Bakı arağını burda daha çox tanıdım.

– Nəyə görə məhz araq?
– Çünki şərabda müəyyən bir sərhəd var, tutaq ki 3-5 ton üzüm var, o miqdar bitdisə istehsal da dayanır.

– Bəs əlavə üzüm almaq mümkün deyil?
– Mənim istədiyim sort satışda olmur hər zaman. Amma araqda bu problem yoxdur. Taxılı alıb istənilən qədər hazırlayırıq.

– Bu məhsullar Azərbaycan üsulu ilə istehsal olunur?
– Bəli, hamısı oranın istehsalı hesab olunur. Azərbaycan məhsuludur. Texnologiya Avstriyanındır, lakin üsul Azərbaycana məxsusdur. Bu məhsulun çəkilməyi, təmizlənməyi, saxlanmağı var. Normalda arağın hazırlanması 8-10 gün çəkir, amma mənim araqlarım 1 ilə başa gəlir.

– Nəyə görə 1 il?
– Ona görə ki mən məhsulu saxlayıb 1 ilə tam yetişməsini istəyirəm. O müddət başa çatmalıdır ki, bu cür keyfiyyət əldə edə biləsiniz.

– Məhsullarınızı haraya satırsınız? Yalnız Avstriya daxilində təklif olunur, yoxsa başqa ölkələr də var?
– Xeyr, tək bura deyil. Sloveniya, Slovakiya, Macarıstana da ixrac edirik. Hələlik 3-4 ölkədir. Amma bizim menecerlərimiz çalışır ki, məhsulumuzu Cənubi Afrikaya aparsın və orda satışını təşkil etsin. Hətta bizim menecerimiz Sərdar bəy Zimbabvedə məhsulumuzu prezident və nazirlərə də hədiyyə edib, onlar təkrar istəyiblər menecerimizdən. Sərdar bəy həmçinin Zimbabve nazirlərinin təmsilçisidir. O həm də ona görə geri qayıdıb ki, Azərbaycan məhsulundan onlara yenə aparsın. Dediyinə görə çox bəyəniblər məhsulumuzu.

– Ən çox hansı məhsulunuzu bəyəniblər?
– Zimbabve prezidentinin ən çox bəyəndiyi məhsulumuz Azərbaycan konyakı olub. Ona görə yenə istəyib təmsilçimizdən.

– Rauf müəllim, bu günədək biznesə nə qədər investisiya yatırmısınız?
– Təxminən yarım milyon avro olar.

– Planlarınız necədir? İndiki həcm sizi qane edir?
– Xeyr, kifayət qədər deyil. Çünki satış elədir ki, bu gün üçün bir sorğu varsa onu hazırlayırıq, sabaha 1000-dirə 1000 ədəd etməliyəm. İstək artsa, əgər Cənubi Afrikadan da sifariş gəlsə məcburuq istehsalı artıraq. Bu da mənim problemimdir ki, istehsalı necə böyüdəcəm. Amma əsas odur ki, müştəri olsun, bazarı əldən buraxmaq olmaz.

– Rauf müəllim, bəs Azərbaycandakı şərab istehsalçıları ilə əlaqəniz varmı?
– Əslində mən əlaqə qurmaq istəyirəm. İstəyirəm ki, Avstriyada Azərbaycan şərabi evi açım və burada təkcə mənim istehsal etdiyim şərab və araqlar deyil, Azərbaycan istehsalı olan məhsullar da satılsın. Həm biznes inkişaf etsin, həm də ölkəmiz tanınsın.

– Bunun üçün işlərə başlamısınız?
– Bəli başlamışdıq, amma bizə ciddi, məhsulunun keyfiyyətinə ciddi yanaşan, keyfiyyətli məhsul buraxan istehsalçılar lazımdır. Çünki burada məhsulun keyfiyyəti çox önəmlidir. Amma bizim bəzi istehsalçılarda bununla bağlı problem var. Mən bəziləri ilə danışıqlar aparmışdım, hətta onlardan sınaq məhsullarını da istəmişdim ki, Avstriyada yoxladaq və satışına başlayaq. Amma buraya göndərilən məhsulun yolda qapağı açılmışdı… Ona görə də məhsulları xarici bazarlara çıxarmaq  üçün keyfiyyətinə ciddi fikir vermək lazımdır.

fed.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...