Caspian European Club və Caspian Energy Azərbaycan, Gürcüstan və Qazaxıstanda B2B forumun təşkilini bərpa edib.
İlk B2B forum 2020-ci il fevralın 27-də Bakıda keçirilib, inşaat, tikinti innovasiyaları və inşaat sektorunda müasir qərarlar mövzusuna həsr olunub. Bu barədə Caspian European Club və Caspian Energy qrupunun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
B2B forum çərçivəsində Nabucco A&C, BIMD MMC, Caspian Service MMC, Yagmur-2 MMC, Gardashlar Mebel, CAHAN Holding (Magna brendi), Kartaş Ltd LLC (Mr.Fix), VIEN Group MMC şirkətlərinin nümayəndələri qısa təqdimatla çıxış etmək, öz fəaliyyətləri barədə danışmaq imkanı əldə ediblər. B2B forumda Fövqəladə Hallar Nazirliyinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndələri, həmçinin diplomatik missiya və beynəlxalq təşkilat rəhbərləri, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin top-menecerləri və ekspertlər iştirak ediblər.
B2B forum Caspian European Club tərəfindən beynəlxalq biznes netvorkinqi üçün yaradılmış unikal platformadır. Bu tədbir çərçivəsində biznes nümayəndələri qısa təqdimatlar keçirir və öz fəaliyyətləri barədə məlumat verirlər.
Hər ay Bakı, Almatı və Tbilisdə keçiriləcək B2B forum Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin Xəzər-Qara dəniz və Baltik regionunun digər ölkələrinin iqtisadiyyatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin yaradılması üçün əlavə platformaya çevriləcək.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.