Bu gün Bakıda 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi “Gift & Promo 2019” və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi “Adprint 2019” öz işinə başlayılb.
Bu sərgi ölkənin və regionun yeganə ixtisaslaşmış sərgiləri həm yerli, həm də xarici mütəxəssisləri öz meydançalarında bir araya gətirir. Builki sərgidə dünyanın 6 ölkəsini təmsil edən 43 şirkət iştirak edir.
Qeyd edık ki, “Gift & Promo Fair 2019” – 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi promo məhsulları sahəsində geniş məhsul və xidmət çeşidini, individual və “VIP” kateqoriyalı hədiyyələri təqdim edir. Bu il sərgidə yerli şirkətlərlə yanaşı, “Plastoria”, “Sols”, “Universal Woods” kimi dünya brendlərinin nümayəndələri də iştirak edir. Sərgidə təqdim olunan məhsullar sırasında suvenirlər, korporativ hədiyyələr, dəri məhsulları, tekstil, bayraqlar və aksessuarlar, müxtəlif fəaliyyət növləri üçün uniforma, zərgərlik məmulatları, əl işləri, oyuncaqlar və müəllif kuklaları yer alır. Bu il sərgidə Rusiya və Türkiyəni təmsil edən şirkətlər iştirak edir.
“AdPrint” – 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi isə öz platformasında sənaye yeniliklərini, eləcə də reklam və çap işləri sahəsinin innovativ məhsul və xidmətlərini təqdim edir.
Sərginin eksponentləri arasında reklam işi və poliqrafiya sahəsində həm şəxsi məhsul istehsalçıları, həm də Almaniya, Fransa və İtaliyanın məşhur brendlərinin distribütorları yer alır. Sərgidə vizual reklam texnologiyaları, reklam xidmətləri, reklam qablaşdırması və etiketlər, tipoqrafiya və poliqrafiya xidmətləri, çap avadanlıqları və ləvazimatlarının istənilən növü, sərgi stendlərinin qurulması üzrə xidmətlər və digər sənaye sahələri üzrə məhsul və xidmətlər təqdim edilir.
Reklam və çap işi sahəsində innovativ məhsull və xidmətlərin təqdim edildiyi unikal platforma – “AdPrint” sərgisi bazarı təhlil etmək, yeni tərəfdaş və sifarişçilər cəlb etmək üçün effektiv vasitədir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) də dəstək göstərdiyi sərgilərdə 50-yə yaxın yerli və xarici şirkətin, o cümlədən mikro və kiçik qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur.
Sərginin açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi baxımından belə sektoral sərgilərin əhəmiyyətini vurğulayıb, müvafiq sahələrdə xeyli sayda mikro, kiçik və orta biznes subyektlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.O qeyd edib ki, KOBİA mikro və kiçik sahibkarlara, xüsusilə də qadın və əlil sahibkarlara, startaplara və gənclərə dövlət dəstəyi mexanizmləri və Agentliyin təqdim etdiyi xidmətlər çərçivəsində dəstək göstərir. Belə dəstək tədbirlərindən biri də mikro və kiçik sahibkarların ölkəmizdə keçirilən müxtəlif sərgi və festivallarda iştirakının təmin edilməsidir. Burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır.
Qeyd edək ki, KOBİA-nın dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və s. olmaqla ümumilikdə 50-yə yaxın çeşiddə əl işləri sərgilənir.
Sərgilər Caspian Event Organisers (CEO) MMC-nin təşkilatçılığı ilə keçirilir və sentyabrın 14-dək davam edəcək.