Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumu keçiriləcək

2
1304

İqtisadiyyat naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid İbrahim Abdullah əs-Süleymi qəbul edib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə nazir ölkələr arasında əlaqələrin inkişafında Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfərinin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb, yüksək səviyyəli siyasi münasibətlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb.

O, qeyd edib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında əlaqələr uğurla inkişaf edir, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Bakıda və Əl-Riyadda biznes forumlar, ötən ilin dekabrında Səudiyyə Ərəbistanına ixrac missiyası təşkil edilib. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 2018-ci ilin iyununda Bakıda keçirilməsi nəzərdə tutulan iclası çərçivəsində növbəti biznes forum təşkil ediləcək. Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayələr yatırır, Səudiyyə İnkişaf Fondu ilə su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması, məktəb tikintisi, kanal və yol tikintisi sahələrində uğurlu maliyyə əməkdaşlığı həyata keçirilir. Son illərdə Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Birbaşa aviareysin açılması bu sahədə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli ola bilər.

Görüşdə Ş.Mustafayev Səudiyyə Ərəbistanı tərəfinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə görə təşəkkür edib. Səfirlə 5-ci dəfə görüşdüyünü xatırladan nazir ölkələr arasında əlaqələrin genişlənməsində Müsaid İbrahim Abdullah əs-Süleyminin Azərbaycanda uğurlu fəaliyyətini qeyd edib, gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir isə Müsaid İbrahim Abdullah əs-Süleym qəbula görə təşəkkür edib, Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. O, vurğulayıb ki, Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir, ölkəsinin mövqeyi dəyişməzdir və Azərbaycan işğal olunmuş torpaqlarını tezliklə qaytaracaq.

Müştərək Komissiyanın bu ilin iyun ayında Bakıda keçirilməsi nəzərdə tutulan iclası, investiyalar, turizm, birgə layihələrin icrası və s. məsələlər barədə fikir mübadiləsinin aparıldığı görüşdə Müsaid İbrahim Abdullah əs-Süleym Səudiyyə Ərəbistanında qeyri-neft sektorunda həyata keçirilən layhələr barədə məlumat verib və Azərbaycan ahibkarlarını fəal əməkdaşlığa dəvət edib.

2 COMMENTS