Bu gündən Bakı Dəmir Yolu Vağzalında “ABAD” sərgi-satış mərkəzi fəaliyyətə başlayıb.
ASAN Radionun xəbərinə görə, mərkəz xüsusi dizaynda hazırlanıb və burada Azərbaycanın müxtəlif regionlarından nəfis əl işləri, bal və mürəbbə kimi turistlərin böyük maraq göstərdiyi ərzaq məhsulları təqdim olunur.
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, sərgi-satış mərkəzinin məhsullarının 90% alıcısı turistlər olur. O qeyd edib ki, sayca üçüncü olan belə mərkəzlərdən birincisi turistlərin sıx olduğu “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsində, ikincisi isə Azərbaycana hava nəqliyyatı ilə səfər edən turistlərin tələbatını qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında yaradılıb. Onun sözlərinə görə, növbəti mərhələdə dəmir yolu nəqliyyatı ilə ölkəyə səfər edən turistlərin sayının sürətlə artmasını nəzərə alaraq, üçüncü belə mərkəzin məhz Bakı Dəmir Yolu Vağzalının ərazisində yaradılması qərara alınıb: “Mərkəzdə təqdim olunan bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində “ABAD” leybli yerləşdirilib. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir. Hazırda “İçərişəhər”, Heydər Əliyev Beynəlxalq Hava Limanı və Bakı Dəmir Yolu Vağzalında fəaliyyət göstərən “ABAD” sərgi-satış mərkəzlərində 130 ailənin 1650 adda 5000-dən çox sənət nümunəsi, 9 ailənin isə 40 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılıb. İndi “ABAD”ın Masallı və Balakən rayonlarında regional mərkəzləri, Bakı şəhəri üzrə üç sərgi-satış mərkəzi fəaliyyət göstərir. Gələcəkdə “ABAD” sərgi-satış mərkəzlərinin 5 ulduzlu otellərdə açılması nəzərə tutulur”.
Qeyd edək ki, prezidentin 23 sentyabr tarixli fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosial yönümlü layihələrin həyata keçirilməsidir. “ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdir.