Azərbaycanın sənaye və texnologiya parklarında qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərə məxsus müəssisələrində gömrük-tarif tənzimlənməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Bizplus.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə yerli istehsal müəssisələrinin tələbatının ödənilməsi məqsədilə ölkədən çıxarılan mis xammalına ixrac rüsumlarının tətbiq edilməsi məqsədilə Dövlət Gömrük Komitəsi, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar layihəsi hazırlayıb və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edib.
O bildirib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanına əsasən ölkədə ağır sənaye və maşınqayırmanın inkişafı ilə əlaqədar Sumqayıt, Neftçala, Hacıqabul və digər sənaye parklarında, həmçinin Mingəçevir Yüksək Texnologiyalar Parkında qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslər tərəfindən yaradılmış müəssisələrin istehsal gücləri artdıqca, daxili tələbatın ödənilməsi nəzərə alınaraq gömrük-tarif tənzimlənməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.