Əsas səhifə Məqalələr Bəşəriyyətin gələcəyi; hansı peşələrə yiyələnməyin artıq heç bir mənası yoxdur

Bəşəriyyətin gələcəyi; hansı peşələrə yiyələnməyin artıq heç bir mənası yoxdur

83
Paylaş

Dünyaca tanınmış futuroloq və fizik Mitio Kaku gələcəkdə bizi nələrin gözlədiyi ilə bağlı məruzə ilə çıxış edib. Onu dünyaya tanıdansa onun Kainatın necə qurulmasından bəhs edən “Simlər(string) nəzəriyyəsi” (çoxölçülük, bu nəzəriyyəyə görə, Kainatı təsvir etmək üçün zamanla birlikdə 10 ölçünün varlığı hesab edilir) olub. O, dünyada baş verən dəyişikliklər mövzusunda keçirilən tədbirlərin ən tanınmış məruzəçilərindən biridir. Və təbii ki, yüksək texnologiyaların inkişafı və kompüterlərin  gündəlik həyatımıza daxil olması sayəsində baş verən həmin dəyişikliklər hər birimiz üçün böyük əhəmiyyət daşıyır.

2017-ci il, 16-18 oktyabrda Moskvada “Açıq innovasiyalar” forumu keçirilir. Burada Mitio Kaku insanların nə üçün robotların həyatımıza daxil olmasından narahat olmamalarından, həmçinin, hansı peşələrin çox tezliklə yox olacağından və artıq əmək bazarına lazım olmayacağından bəhs edib:

  • Rəqəmsal texnologiyalar bəşəriyyətə nə verir – yeni təhlükələr yoxsa yeni imkanlar?

Söhbət texnologiyanın inkişafından gedirsə burada həmişə risklər, təhlükə var. Amma təbii ki, həmin yeni texnologiyalardan gələn fayda cəmiyyətdə nəzərə çarpacaq dərəcədə özünü göstərəcək. Əminəm ki, rəqəmsal dünyaya keçid müasir kapitalizmin təzadlarını aradan qaldırmağa, onun qeyri-effektivliyinin öhdəsindən gəlməyə, artıq iqtisadiyyatı bezdirən vasitəçilərdən qurtulmağa kömək edəcək. Bu vasitəçilərin onsuz da biznes-proseslərə və istehsalçı ilə istehlakçı arasındakı zəncirə heç bir real dəyərləri, müsbət təsirləri yoxdur.

  • Rəqəmsal texnologiyalar məhsul və xidmətlərdən istifadəni necə dəyişəcəklər?

Əsas dəyişiklik adət etdiyimiz kapitalizmdən belə deyərdim ki, mütləq (tam) kapitalizmə keçiddə özünü göstərəcək. Klassik kapitalizm sistemində qiymətlər tələb və təkliflə müəyyən olunur. Bu sistem Adam Smittin vaxtında yaxşı işləyərdi. O zamanlar istehlakçılar qiymətləndirmənin, mövcud malların əksəriyyəti əsasında necə ola bilməsini təsəvvür edə bilirdilər. Amma indi, bu və ya digər bir məhsulun maya dəyərinin nə qədər olduğunu bilə bilmirik. Bu kapitalizm tam deyil və ədalətsizdir. Təkrar satışla məşğul olan çoxsaylı vasitəçilər bundan sui-istifadə edirlər, qazanırlar. Onu mütləq kapitalizmlə əvəz etməkdə əlavə reallığa və süni zəkaya əsaslanan yeni texniki cihazlar kömək edəcək.

Təsəvvür edin ki, mağazaya gedəndə gözünüzə kontakt linza taxırsınız. Onunla məhsullara baxırsınız və həmin “ağıllı” linzalar dərhal məhsulların digər mağazalardakı analoji məhsullarla qiymət və keyfiyyət fərqini təyin edirlər, nəyi və haradan almağın daha yaxşı olması barədə tövsiyələr verirlər. İstehlakçı ona lazım olan məhsulla bağlı bütün rəyləri gözdən  keçirə, onunla bağlı istənilən məlumatı soruşub öyrənə bilər. Belə bir cihaz hər bir istehlakçını bazarla bağlı biliklərə yiyələnmiş mütəxəssisə çevirəcək. Tələb və təklif bir-birinə tam müvafiq olacaq, yəni mütləq kapitalizm formalaşacaq.

  • Belə cihazlardan qazanan təkcə istehlakçılar olacaq, yoxsa iş adamları da?

Lazımsız vasitəçilərdən başqa hərkəs udacaq. İstehlakçılar daha ucuz qiymətə daha keyfiyyətli mallar əldə edəcəklər. İstehsalçılar daha çox məhsul sata biləcəklər, çünki reteylerlər onlara əsassız” qiymətlər oxumayacaqlar”. Nəticədə,  texniki cihazlardan “böyük məlumatlar”ı təhlil edən reteylerlər özləri öz istehlakçılarının hər birinin mənzərəsini görə biləcəklər. Onlar istehlakçı üçün əlavə dəyər yaratmaqdan ötrü yeni texnologiyaları mənimsəməli olacaqlar. Aldadıcı qiymət artımları ilə yenidən satış, geniş auditoriya üçün nəzərdə tutulub, bununla belə ancaq bəzilərinə çatan reklam kimi vasitəçi xidmətləri isə tarixə qovuşacaq.

Airbnb və Uber kimi xidmətlər bugün nə ilə məşğuldurlar? Məhz lazımsız vasitəçilərin aradan qaldırılması ilə. Nəticədə isə bütün cəmiyyət qazanacaq, çünki istehlakçılar bazardan yeni dəyərlər çıxaracaqlar, istehsalçılar isə məhsul və xidmətlərinin keyfiyyətini artırmalı olacaqlar.

  • Çox tez-tez eşidirik ki, texnologiyanın inkişafı artıq yaxın gələcəkdə onlarla peşənin öz əhəmiyyətini itirib sıradan çıxması ilə nəticələnəcək. Bu, cəmiyyət üçün təhlükəlidir ya faydalı?

Elə indi bir o qədər də faydası olmayan həmin vasitəçi peşələr yox olacaqlar.Məsələn, texniki cihazlar zəif ixtisaslı həkimlərin əməyini əvəz edəcəklər. Özünüzü pis hiss edəndə çarpayıdan qalxmadan virtual həkim-robota müraciət edib probleminizi deyə biləcəksiniz. Heç yerə getməyinizə, hətta heç bir düymədən belə istifadə etməyinizə ehtiyac qalmayacaq: həkim-robot özü sizə diaqnostik suallar verəcək; “Haranız ağrayır? Necə ağrayır?” və s., daha sonra eyni simptomları yaşamış xəstələrlə bağlı baza məlumatları əsasında diaqnoz qoyacaq. Belə bir robot həkim lazım olan çoxsaylı analizləri də edə biləcək – infraqırmızı kameranın köməyi ilə hərarətin ölçülməsi, xüsusi sensorlar vasitəsilə DNT hissəciklərini öyrənmək. Ancaq daha ciddi hallarda canlı həkimə getmək lazım gələcək. Süni zəkadan istifadəyə əsaslanan belə sistemlər tibb sahəsində inqilab yaradacaqlar, insanların həyat və sağlamlığının qorunmasına kömək edəcəklər.

  • Bəzi ixtisasların yavaş-yavaş yoxa çıxması artıq göz önündədir. Buna nümunə kimi rus banklarından birinin bu il 3 minə yaxın hüquqşünasını ixtisara saldığını deyə bilərik – yəni onların əməyini bir sıra proqramlar artıq əvəz edir.

Təmamilə doğrudur, hüquqşünaslar bu sıradan birincidirlər. Dünyada bugün artıq onlarla robot-hüquqşünaslar fəaliyyət göstərirlər – bu , ərizə, iddia və məktub və başqa bu kimi sənədlərin tərtibatı ilə bağlı gündəlik işləri icra edən proqramdır.

Amma mən istənilən halda insanların robotlarla düşünülməmiş şəkildə əvəzlənməsinin əleyhinəyəm. Bugün bir çox banklar deyirlər: gəlin çox pul tələb edən maliyyə analitiklərini ödəniş tələb etməyən alqoritmlərlə əvəzləyək. Amma alqoritmlər insanları tam əvəz edə bilməzlər – onlar ancaq nəyinsə həlli üçün lazım olan daha zəngin məlumatları təqdim etməkdə yardımçı ola bilərlər. Bunu bir qədər öncə haqqında danışdığımız robot həkimlər barədə də deyə bilərik. Onlar canlı həkimlərə ancaq yardımçı kimi ola biləcəklər. Gündəlik işləri əhatə edən bütün sahələrdə süni zəka artıq canlı işçiləri tam əvəz edir və beləcə, onların sayəsində həmin insanlar daha kreativ məşğuliyyətlər üçün enerji və boş vaxt qazana bilirlər.

  • Bəs internetin gələcək inkişafı dünyamızı necə dəyişəcək?

Yaxın gələcəkdə internet elektrik enerjisi kimi nəzərəçarpmaz olacaq. Yüz il bundan qabaq elektrik enerjisindən hamı danışırdı. Amma indi artıq nə avtomobildən nə də mobil telefonlardan istifadə edərkən onlara elektrik enerjisi israf edildiyinin fərqində olmuruq: yəni bu sanki adi birşey kimi gəlir. İnterneti bu aqibət gözləyir. Cəmi on ildən sonra elektron cihaz çipləri kağızdan daha ucuz olacaqlar. Ətrafımızda olan bütün cihazların Şəbəkəyə çıxışı olacaq və biz vahid intellektual mühit daxilində yaşayacağıq. İnsanlar sanki sehrbazlara çevriləcəklər: onlar daimi olaraq cansız materiya ilə səs, jestlərlə ünsiyyət quracaq və hətta əşyalara hansısa işi görmələri üçün xəyalən göstərişlər də verə biləcəklər.

  • Bəs cəmiyyət özü necə, dəyişəcəkmi?

Əlbəttə, və təkcə bütövlükdə cəmiyyət deyil, fərdlər də dəyşəcəklər. Onların şüurları və şəxsiyyəti rəqəmsallaşacaq. Kompüterlər beynimizdən təəssürat və xatirələrlə bağlı məlumatları “oxuyub” onları böyük qalereyalarda saxlayacaq və onları da oradan digər insanların beyninə ötürmək, yükləmək mümkün olacaq. Bu istoqamətdə araşdırmalar da hal-hazırda aparılır. Məsələn, Massaçusets texnoloji institutunda.  Bu fikirlərin rəqəmsallaşması və onların yaddaşda saxlanması istehlakda da inqilaba səbəb olacaq, belə ki, istənilən bir şəxs digər bir istehlakçının məhsuldan tutmuş alış-verişinə qədər bütün düşüncələri ilə tanış ola biləcək.

Bu hələ başlanğıc olacaq. Rəqəmsal texnologiyalar sayəsində insanlar belə desək, sanki ölümsüzləşəcəklər. Məsələn, təsəvvür edin ki, Albert Eynşteyn barədə məlumatlar toplayıb bunların əsasında onun real holoqrafik (təsvirin fotoqrafik forması) surətlərlə rəqəmsal kimliyini yarada biləcəksiniz. Bu sağ olan insanlar üçün də mümkün olacaq. Rəqəmsal şəxsiyyətlə canlı insanların sanki virtual əkizləri yaradılacaq. Bu rəqəmsal avatar ( əkiz ) bizlərə o qədər çox oxşayacaq ki, hətta ölümümüzdən sonra belə bizi əvəzləyib yerimizə yaşayacaq – bizim xarakterimizlə yaşayıb digər insanlarla ünsiyyətdən əldə etdiyi xatirələri yaddaşına yazacaq.

  • Məncə bu, bir qədər elmi fantastikaya oxşayır. Bütün bunları gələcək nəsillərin deyil, bizim də görə biləcəyimiz nə dərəcədə gerçəkdir?

20 il bundan qabaq biz internetin də həyatımızda bugünki yeri barədə heç bir təsəvvürə malik deyildik. 15 il bundan əvvəl heç kim insanların bugün öz smartfonlarından ayrı qala bilməyəcklərini təsəvvürünə belə gətirə bilməzdi. Yeni imkanlar, təkcə yeni həllərin üzə çıxması səbəbindən yaranmır – onların çoxu artıq çoxdan futuroloqlar tərəfindən proqnoz edilmişdir. Dünya sadə texnoloji imkanların çoxalması sayəsində dəyişir. Belə ki, prosessorların istehsal qabiliyyəti hər 18 aydan bir iki dəfə artır və Mur-un qanunu tezliklə artıq işləməyə bilər ( Intel prosessorunun təsisçisi Qordon Mur inteqral sxemdə yerləşən tranzistorların sayının hər iki ildən bir iki dəfə artdığını müşahidə edib və bu da “Mur qanunu” adını alıb.). Silikon erası da sona çatacaq – biz yeni məlumat daşıyıcıları mənimsəyəcəyik. Cəmiyyətin rəqəmsallaşması artıq başlayıb, bu, gözümüzün önündə baş verir və tam olaraq geri qayıtmazdır. İstənilən dəyişikliklər həmişə göründüyündən daha yaxında olur.

Kakunun gələcəyin təkamülü haqqında fikirləri

1 . 2027-ci ildə beyindən fikirləri oxuyub Şəbəkə ilə onların ötürülməsi, hətta başqa insanların beyninə yükləmək mümkün olacaq. Bu, internetin “şəbəkə-beyin”ə çevrilməsinə yol açacaq.

2 . 2029-cu ildə robotlar demək olar ki, bütün işlərdə insanlardan daha ağıllı olacaqlar. Amma hökmranlığı əlimizdən alacaqlarından narahat olmaq lazım deyil: belə ki, Kaku belə hesab edir ki, onlarda “həşərat zəkası” olacaq – güclü, amma yalnız konkret tapşırıqların həllinə yönəlmiş.

3 . 2040-cı illərdə nanotexnologiya sayəsində proqramlaşdırılmış materiyadan obyektlərin yaradılması mümkün olacaq. Həmin obyektlərin, sahiblərinin göstərişi ilə öz formalarını dəyişməsi mümkün olacaq. Beləcə, istənilən əşyanın imkanları ancaq onun kimyəvi və fiziki xassələri ilə məhdudlaşacaq.

4 . 2050-2060-cı illərdə Marsda müstəmləkəçilik başlayacaq: özəl şirkətlər sakinlərinin Yerdən kömək almadan yaşaya biləcəkləri yaşayış məntəqələri yaradacaqlar.

5 . 100 ildən sonra Yer Kürəsində qərarları, milli hakimiyyətlərin mövqeyindən daha vacib olacaq qlobal hökumət və ümumi dövlət orqanları olacaqdır.