“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu məsələni belə şərh edir.
Yenə də həmin Dubay şirkətidir – “Sensemi DMCC OF DUBAİ”. Artıq müqavilə də bağlanıb.
Əvvəllər də Azerişıq bu qurumdan bir xeyli bu tip sayğaclar alıb.
Ötən il sayğacla bağlı ciddi problemlər yaşanmışdı.
“Azərişıq”ın vətəndaşlara göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğunluğundan şübhələnmək üçün müəyyən əsaslar yaranmışdı.
Bu məbləğin bir neçə dəfə çox olduğu haqqında sosial mediada kütləvi məlumatlar açıqlanmışdı.
Bundan sonra bir xeyli ictmai müzakirələr aparıldı. Lakin təəssüf ki bu məsələ indiyədək də öz həllini tapmayıb.
Bir daha bildirmək istərdim ki, Azerişıq-ın AĞILLI SAYĞACLARINA və ya ümumiyyətlə onun informasiya sisteminə müdaxilədən (kənar müdaxilə, məqsədyönlü müdaxilə, sistemin özünün düz çalışmamasından dolayı olan problemlər və s ) şübhələnmək üçün əsaslar HƏLƏ DƏ QALIR:
Diqqət yetirək :
1. Sərfiyyatı hesablayan proqram təminatını –billing sistemini Azerişıq özü hazırlayıb. (Bildiyim qədər digər aidiyyatı dövlət qurumları tərəfindən bu sistemə hər hansı baxış keçirilməyib)
2. Sayğaclardakı hesablamaları mərkəzə ötürən İnformasiya şəbəkəsini Azerişıq özü qurub və özünə məxsusudur.
3. Xarici şirkətlərə məxsus olan Sayğacların da alınmasında yalnız bu qurum – Azerişıq iştirak edir. Bu sayğacların daxili alqoritminin necə işləməsi, xaricdən və ya daxildən müdaxilə ehtimalları ilə bağlı bizim digər dövlət qurumları tərəfindən testdən keçirilməyib.
Belə olan halda düşünürəm ki Azerişıq üzərində dövlət və ictimai nəzarət imkanlarını gerçəkləşdirmək üçün hökumət ciddi səylər göstərməlidir.
Fikrimcə XDMX, VXSİ Dövlət Agentliyi və digər aidiyyatı dövlət qurumlarının və müstəqil ekspertlərin Azerişıq infromasiya sistemini birgə audit etməsi doğru olardı.
Xatırlayıram ki Nazirlər Kabinetinin bu il keçirilən toplantısında Prezident Azəriqaz -ı sayğaclardakı problemlərə və qazın keyfiyyətinə görə ciddi tənqid etmişdi.