Azərbaycanın ən böyük telekommunikasiya şirkətlərindən biri Azercell öz maliyyə göstəricilərini açıqlamayıb. Bu şirkət özəl statusuna malik olduğu dövrlərdə hər zaman hesabatlarını açıqlayırdı. Lakin şirkətə sahiblik dövlətə keçdikdən sönra bu hesabatın açıqlanması dayandırılıb və ya məqsədli şəkildə ləngidilir. Bu barədə ekspert Osman Gündüz daha ətraflı məlumat vermişdir: “Azercell bəlkə də ilk dəfə olaraq açıqladığı Hesabatda gəlirləri gizlədib. Bir neçə gün öncə Azercell ötən ilin hesabatını açıqlayıb. Azercell-in dövlət şirkətinə çevriləndən sonrakı əsas hesabatı olduğundan, maraqlı olacağını düşünərək hesabatla daha yaxından tanış olmaq istədim. Lakin təəssüf ki hələlik hesabat sayta yerləşdirilməyib.
Açıqladığı məlumatlarda isə nə qədər axtarsam da gəlirlər və xərclərlə bağlı rəqəmlərə rast gəlmədim. Azercell-in açıqladığı bu məlumatda sadəcə görülmüş işlərə, tədbirlərə yer ayrılıb, ictimai əhəmiyyət kəsb etməyən bir xeyli statistika burada yer alıb.Əlbəttə, ötən müddət ərzində Azercell bir sıra yeniliklərlə bağlı açıqlamalar verib, rebrendiq edib , yeni hədəflər müəyyən edib və s.
Bununla belə Azercell-in bu ilki hesabatından Cəmiyyətin yalnız bir gözləntisi vardı : Görəsən dövlət şirkətinə çevriləndən sonra Azercell-də vəziyyət necə dəyişib ?Gəlirlər və xərclər necə olub? Mənfəət olubmu ? İdarəetmədə situasiya necə olub. ? Qurumun idarəetməsində və qərarların qəbul edilməsində köhnə komandanın xeyli dərəcədə kənarlaşdırıldığı bildirilir. Bəzən belə fikirlər səslənir ki , Azercell-in idarəetməsinə tam səriştəsiz xeyli insanlar cəlb edilib və onlar mənasız və əhəmiyyətsiz layihələrə böyük pullar ayırmaqla, necə deyərlər bu dövlət şirkətini xımır-xımır yeməklə məşğul olurlar. Görəsən bu fikirlər nə dərəcədə doğrudur ?
Cəmiyyəti daha çox maraqlandırır ki görəsən NRYTN Azercell-i “sağlamlaşdıra” bilibmi ? Bu dövlət şirkətinin investisiya imkanları necə olub ? Doğurdanmi bu dövlət qurumu kimlər üçünsə yeni “qidalanma” mənbəyinə çevrilməkdədir?BARAMA əldən çıxandan sonra situasiya necə olub ?İnternet xidmətlərinin qiymətlərini artırmasından belə qənaətə gəlmək olar ki qurumun investisiya imkanları elə də güclü deyil.
Düşünürdüm ki dövlət şirkətinə çevriləndən saonra Azercell daha geniş , daha əhatəli Hesabat verəcək. Çünki Azercell –in sağlamlaşdırılandan , investisiya imkanları güclənəndən sonra yenidən özəlləşdirilməyə çıxarılacağı gözlənilir.Odur ki bu dövlət şirkəti şəffaflığa, hesabatlılığa daha ciddi önəm verməliydi. Təəssüfki hələlik gözləntilər özünü doğrutmayıb.
Xatırladıram ki 2018-ci ilin martında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC Azercell-in səhmlərinin 51.3%-ni satın alıb. Və bundan sonra Azercell dövlət şirkətlərinin reyestrinə daxil edilib. Azercell-i satın almaq üçün Maliyyə Nazirliyi büdcədən təxminən 450 milyon manat vəsait ayırıb.
Ümid edirəm Hesabat tam açıqlananda ictimai əhəmiyyət kəsb edən məlumatları grörə biləcəyik. Fikrimcə aidiyyatı dövlət qurumları, büdcədən təxminən yarım milyard manat dövlət vəsaiti yatırılan şirkətə ciddi nəzarət etməli, ictimai nəzaərt imkanları yaratmalı , idarəetməsini şəffaf qurmalı, şirkətin gələcəkdə özəlləşdirilməyə çıxarılnmasına diqqəti artırmalıdır.Cəmiyyət isə zamanında Azərbaycanda innovasiyaların və texnologiyaların inkişafında mühüm rol oynayan, İT kadrların formalaşmasında müstəsna rol oynayan, gözəl ənənələri olan bu qurumun yenidən dirçəlməsini, ölkənin innovasiya ekosistemində özünəməxsus yer tutmasını gözləyir.”