Hər bir insan şəxsi biznesini qurmadan əvvəl biznesin hansı növünün daha gəlirli olacağını düşünür. Bəzən səhv bir yatırım həmin şəxsin iflasına səbəb olur. Maraqlıdır, Azərbaycanda biznesin hansı növü daha gəlirlidir? İqtisadçı ekspert Vüqar Bayramlı kiçik biznesin daha gəlirli olduğunu bildirir: “Azərbaycanda biznesi gəlirli kiçik, orta, iri biznes kimi qruplaşdırmaq düzgün deyil. Çünki biznes sahələrinin xarakterinə uyğun onların gəlirliliyini müəyyən etmək olar. Əlbəttə ki, bazardakı mövcud vəziyyəti nəzərə alsaq, rəqabət daha çox kiçik sahibkarlıq, kiçik biznes arasındadır.
Rəqabətin daha çox olduğu və iş adamlarının daha asanlıqla daxil ola biləcəyi bazar kiçik sahibkarlıqdır. Yəni kiçik sahibkarların məşğul olduğu bazardır. Eyni zamanda kiçik sahibkarlığın strukturunda bir sıra sektorlar var ki, onlar daha gəlirlidir. Hər kəsə məlumdur ki, xidmət sektoru gəlirli bir sektor kimi qiymətləndirilir. Bunlar kafe və restoranlardır. Ümumiyyətlə, son illər elektron ticarətlə bağlı olan xidmətlər və ya sektorlar daha gəlirli hesab olunur. Daha çox informasiya texnologiyasına əsaslanan, informasiya texnologiyasını tətbiq edən və start-up adlandırılan bizneslər indiki halda gəlirli hesab olunur. Yəni informasiya texnologiyasını tətbiq etməklə fəaliyyətə başlayan sahibkarlar daha çox gəlir əldə etmək imkanına malikdir. Məsələn, kafe və restoranlarda daha çox informasiya texnologiyasının tətbiq edilməsi, eyni zamanda internet üzərindən elektron xidmətin, ticarətin təklif edilməsi gəlirlidir. Burada xərc azdır.
Çünki elektron ticarətdə hər hansı bir ofis saxlamaq və işçi heyətinə malik olmaq tələb olunmur. Buna görə də Azərbaycanda elektron ticarət gəlirli hesab olunur. İri ticarətdə isə mənzərə fərqlidir. İri ticarətdə, adətən, holdinqlər daha çox gəlir əldə edirlər. Çünki onlar bazarın əhəmiyyətli hissəsini götürüblər. Buna görə də onlar bazardakı qiyməti diqtə edirlər. Yəni bazar onların qiymətini diqtə etmir, onlar bazardakı qiyməti diqtə edirlər. Bu da imkan verir ki, iri biznes arasında hansı sektorda olmasından asılı olmayaraq holdinqlər daha çox gəlir əldə etsin. Amma bu, heç də davamlı gəlirlilik deyil. Nəzərə almaq lazımdır ki, bu, bazarda qiymətin diqtə edilməsi hesabına əldə edilən gəlirdir”.