Azərkosmos 4 ay ərzində 9.3 milyon dollar gəlir əldə edib

0
616

2018-ci ilin yanvar-aprel aylarında Azərkosmos ASC tərəfindən dünyanın 19 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib.

Xeberler.az bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İxrac İcmalı-nın 2018-ci ilin may ayı üçün sayında qeyd olunub ki, bu ilin ilk 4 ayında Azərkosmos ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 9,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Azərkosmos ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. Xüsusən də 2018-ci ilin aprel ayı Azərkosmos ASC üçün əlamətdar olub. Aprel ayında xidmət ixracın dəyəri 5,85 milyon ABŞ dolları təşkil edib.

Azərkosmos ASC-nin 2018-ci ilin ilk 4 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.