Bu ilin üçüncü rübündə Azərbaycandan olan turistlərin Gürcüstanda orta xərcləri 524,5 lari (302,32 AZN) təşkil edib.
Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rüblük araşdırmasında bildirilib.
Rüblük müqayisədə azərbaycanlı turistlərin qonşu ölkədəki orta xərcləri 108,5 lari (62,54 AZN) və yaxud 26% artıb. Bu ilin ilk doqquz ayı ərzində əcnəbi ziyarətçilərin Gürcüstanda xərclədikləri orta məbləğə görə Azərbaycandan olan turistlər ən az pul xərcləyənlər olublar.
Araşdırmaya əsasən, iyul-sentyabr aylarında Gürcüstanda ən çox pul xərcləyən turistlər arasında Rusiya vətəndaşları 1,323.8 lari (763,04 AZN) ilə birinci yeri tutublar. Türkiyə və Ermənistandan olan turistlərin orta xərcləri isə müvafiq olaraq 816 lari (470,34 AZN) və 553,9 lari (319,27 AZN) təşkil edib.
Qonşu ölkənin bu ilin üçüncü rübündə qəbul etdiyi əcnəbi ziyarətçilərin ümumi xərcləri 3,3 mlrd. lariyə (1,1 mlrd. dollardan çox) bərabər olub. Turistlər bir səfər ərzində orta hesabla 1 182 lari (401 dollar) xərcləyiblər.
Xərclərin 31,1%-i qida və içkilər, 24,6%-i yerləşmə, 14,3%-i mədəni və əyləncə xidmətləri, 20,7%-i alış-veriş, 7,7%-i yerli nəqliyyata, 1,6%-i isə digər xidmətlərə yönəldilib.
Hesabat dövründə Azərbaycandan Gürcüstana 547 114 nəfər səfər edib ki, bu da illik müqayisədə 10,6% çoxdur. Azərbaycandan olan turistlərin 92,2%-i qonşu ölkəyə təkrar, 7,8%-i isə ilk dəfə səfər edib.
Azərbaycanlı turistlərin Gürcüstanda gecələmə müddəti orta hesabla 2,3 gün təşkil edib.
Qonşu ölkəyə səfər edənlərin 53,6%-i səfərindən çox məmnun, 37,4%-i məmnun qalıb, 0,1%-i isə müvafiq sualı cavablandırmaqdan imtina edib.