Bu gün ADA Universitetində “Onbranch” adlı sosial şəbəkənin təqdimatı olub.
Layihə müəllifi Elçin Əsgərovdur. Bu, real ünsiyyətə sövq edən beynəlxalq miqyaslı sosial şəbəkədir. Tədbirdə çıxış edən layihənin strateji inkişaf üzrə konsultantı Emil Məcidov bunu yeni nəsil sosial şəbəkə adlandırıb.
Başlanğıc nöqtəsi istirahət, əyləncə və iaşə sektorları olmaqla, “Onbranch” növbəti mərhələlərdə ictimai xidmətlər və biznes mühiti üçün müxtəlif rahat və effektiv həllər təklif etməyi planlaşdırır. İstənilən sahədə fəaliyyətin əsas prinsipi detallı araşdırmanın aparılması ilə həm sıravi istifadəçilər, həm xidmət göstərənlər üçün rahat və faydalı məhsulların hazırlanmasıdır.
“Onbranch”a qoşulan məkanların özləri üçün ayrıca mobil tətbiq (application) sifariş etmələrinə, həmçinin onlayn sifariş sisteminə artıq xərc çəkməsinə heç bir zərurət qalmır. Müxtəlif kateqoriyalara aid olan məkanların sahibləri “Onbranch” vasitəsilə öz biznesini inkişaf etdirə və müştərilərinə yeni xidmət çeşidlərini təklif edə biləcəklər. İstənilən kafe, restoran, əyləncə mərkəzi, universitet, kitabxana və ya hər hansı digər məkanın səhifəsi qeydiyyatdan keçməklə vahid virtual sistemin tərkib hissəsi olacaq. Bu sistemə təkcə qapalı məkanları deyil, həmçinin açıq havada olan əraziləri də eyni qaydada qoşmaq mümkündür.
“Onbranch” istənilən məkan üçün onun həqiqi interyerini və eksteryerini əks etdirən xüsusi üçölçülü qrafik xəritənin yığılmasını da təmin edir.
Layihə müəllifi bu proqramın hazırlanmasına 2015-ci ilin noyabr ayından başladıqlarını bildirib:
“Hələlik sosial şəbəkədə əsasən ictimai məkanların profilləri var, lakin gələcəkdə mülki obyektlərin də daxil edilməsi prosesi gedəcək. Dünyada bu layihənin analoqu yoxdur. Sosial şəbəkənin təqdimatı iyul ayına kimi Bakıda, daha sonra isə Londonda və dünyanın digər şəhərlərində aparılacaq”.
©qaynarinfo