“Hadisələrin İdarəedilməsi Sistemi çərçivəsində Azərbaycanın risk xəritəsini hazırlamağa çalışacağıq.
Bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib.
“Sistemdən çıxan nəticələri əlaqədar dövlət qurumlarına bildirəcəyik ki, onlar da uyğun bildikləri tədbirləri həyata keçirsinlər”,- deyə R.Əhmədov əlavə edib.
Qeyd edək ki, risk xəritəsinə görə, ən çox qəza baş verən yollar, ölümlə nəticələnən qəzaların olduğu yollar müəyyən ediləcək.
“Hadisələrin İdarəedilməsi Sistemi” layihəsi icbari sığorta növləri üzrə sığorta tələblərinin vahid informasiya sistemi üzərindən qeydiyyatının aparılmasını nəzərdə tutur. Əsas məqsəd sığorta ödənişlərinin həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsidir. Belə ki, sistem üzərindən qeydiyyata alınan sığorta tələbləri üzrə ödənişlər avtomatik yaradılan unikal ödəniş kodları vasitəsilə həyata keçiriləcəkdir. Nəticə etibari ilə müvafiq nəzarətedici orqan istənilən vaxt sistemə daxil olaraq sığorta ödənişlərin tənzimlənməsi prosesi barədə məlumat əldə edə biləcəkdir. Müştərilərin şikayətlərinin olması halında nəzarət orqanı sığorta şirkətlərindən müvafiq sənədlərin istənilməsi üçün zaman itirməyəcək, sistemdən istifadə sayəsində dəyərləndirmə sürətlə həyata keçiriləcək və bu da ölkəmizdə sığortalıların məmnuniyyətinin artmasına xidmət edəcək.