Startup üçün problem?! Bir az qəribə səslənir. Axı startuplar da elə problemləri həll etmək üçün yaradılır. Əgər startup heç bir çətinliyi aradan qaldırmayacaqsa, onda həmin startupın gələcəyindən danışmağa dəyməz. Soruşmaq olar ki, bütün problemləri 1 startupmı həll edəcək? Yox, əlbəttə. Sadəcə olaraq startup hər hansı bir çətinliyi aradan qaldırmaq üçün yaranır və bu yöndə çalışmalara başlanır. Əgər həmin çətinliyin qarşısını almaqda başqa çətinliklər varsa, deməli çıxış yolu tapılmayıb, ya da o qədər də uğurlu deyil.
Problem Startupların Qarşısındakı Çətinlik Deyil, Stimuldur
Unutmaq olmaz ki, bizim qarşımızdakı problem başqaları üçün də eyni çətinliyi yaradır və yalnız bu çətinliklərin öhdəsindən gələ bilən startuplar uğur qazana bilər. Bütün startuplar uğur qazanmır ki..
Azərbaycan Startupları Üçün Özəl Olan Bir Sıra Yerli Çətinliklər Var
Əgər problemlər yerli xarakter alırsa, onda vəziyyət dəyişir. Biz Azərbaycanda necə kompyuter istehsalına başlaya bilərik?! Bunun üçün nə xammal (kompyuter üçün xammal prosessor, ram, yaddaş kartı, ekran, proqram təminatı və b. bu kimi parçalardır), nə də işçi qüvvəsi var (təcrübəli elektronika mütəxəssisləri). Heç banan da yetişdirə bilmərik. Gülünc səslənsə də, buradan aydın olur ki, hansı işi bacarırıqsa, hansı çətinliklərin həlli bizim üçün “heçnədirsə” ordan da başlamalıyıq.
Azərbaycanda Yeni İdeya Tapmaq Çətindir?!
Buna inanmaq mümkün deyil. Azərbaycanda startup layihəsinə başlamaq üçün istənilən temada bir sayt açmaq yetərlidir. Demək olar ki, xəbər saytlarından başqa heç bir böyük proyekt yoxdur. Heç nə yoxdur demək də doğru olmaz: müxtəlif elan saytları, alqı-satqı saytlarını sadalamağa çalışsaq çətin olacaq. Bir sayt açılırsa başqaları da onu kopyalamağa çalışır, sonra bir başqaları gəlir və ondan da üstün birşeylər yaradır. Beləliklə, yavaş-yavaş da olsa inkişaf gedir. Maraqlıdır, görəsən, qlobal uğur qazanmış xarici saytları nə zaman kopyalamağı və onlardan bir az daha üstün səviyyədə məhsul yaratmağı bacaracağıq?!
Məyər VKontakte, Ok.ru və hətta GooglePlus Facebooku, Yandex və Mail.ru haradasa Google-u, Vimeo, Dailymotion YouTube-u kopyalayıb, daha uğurlu məhsul yaratmağa çalışmır?!
Azərbaycanda Startup İdeyaların Oğurlanması Problemi Varmı?
Yuxarıda göstərdiyimiz misallardan da görünür ki, bu problem hər yerdə var və həmişə də olacaq. Çünki kimsə öz proyekti üzərində yetərincə çalışmırsa (misal üçün, bizim kimi zamanı yoxdursa : ) ya da düzgün çalışmayıb səhvlər buraxırsa, əlbəttə ki, yaxşı ideyalar oğurlanacaq. Mən buna oğurluq da deməzdim. Bəlkə belə deyək: Yeməyənin payını yeyərlər.
Yox, əslində belə deyil. Tək ideya oğurlamaqla iş bitsəydi Facebook WhatsAppı 19 milyard, Instagramı 1 milyard, Google Youtube-u 1,65 milyard, Androidi 50 milyon ABŞ dollarına ($) almazdı – elə sadəcə ideyanı oğurlayardı.
Problem 5: Azərbaycanda Startupların İnvestor Problemi
Burda nə demək olar?! Əgər maliyyə dəstəyi olarsa, eyni güclə işləməklə qat-qat daha çox nəticə əldə etmək olar. Ancaq maliyyə dəstəyi olarsa eyni güclə çalışarıqmı?! Bu çətinliklər daha da güclü işləmək üçün stimuldur və doğurdan gözəl ideya gec-tez investor tapacaq. Bizdə isə hələlik qlobal deyil, heç yerli bazar üçün əvəzolunmaz startup yoxdur. Yoxsa, investor üçün nə fərqi var startapı yaradan haralıdır.
Altıncı Problem: Azərbaycanda Online Bazar Kiçikdir
Bax bu saydığımız çətinliklər arasında doğurdan da ən problemlisidir. Azərbaycanda internet istifadəçilərin sayı olduqca azdır (mobil telefondan sadəcə sosial şəbəkə istifadə edənləri saymasaq). Bu isə elə bir problemdir ki, biz onu həll edə bilmirik. İnternetdən istifadə etmək istəyənlər çoxdur, ağıllı telefonlar (smartfon) və planşet işlədənlər də. Ancaq bölgələr bir kənara, hələ paytaxt Bakı şəhəri 100 % şəhər telefonları ilə təchiz edilməyib (ADSL internet üçün). Fiberoptik interneti isə heç yada salmağa dəyməz.
Deməli, çıxış yolu nə varsa onunla yetinib, qlobal proyektlər yaratmaqdadır. Böyük düşünək!
7. Startup Üçün Komanda Yığmaq Çətindir
Bu isə elə bir problemdir ki, ondan çıxış yolunu biz də bilmirik. Komanda olmadan ən yaxşı ideyanı belə həyata keçirmək mümkün deyil. Deyə bilərsiniz ki, 2005-ci ildə Android satılarkən bu proyekt üzərində cəmisi 6 nəfər çalışırdı. Bəs indi, bunun üzərindən 10 ildən çox geçməsinə baxmayaraq Azərbaycanda belə bir mütəxəssis varmı? Hələ bizə komanda yaratmaq üçün bir neçə nəfər, onların arasında seçim etmək və proyekt işə düşənə qədər kiçik məvacib qarşılığında çalışmağa razı olanlar lazımdırsa…?!
“Yerli bazara kiçik məhsulların (götürək saytların) yaradılması üçün o qədər də professional olmaq lazım deyil” fikrilə getsək yenə də bu uğur qazanmaq üçün yetərli olmayacaq. Ətraf mühitin startupın formalaşmasına böyük təsiri danılmazdır. Kimsə Silikon vadisində hər gün innovativ insanlarla qarşılaşır, yoldaşlarının necə uğursuz proyektlərə vaxt itirib sonradan bağlamasını görür, uzaq tanışının, qonşusunun illərlə bir startup üzərində necə fasiləsiz və nəticəsiz çalışdığının şahidi olur. Bəs biz təcrübəni necə toplayırıq? HTML kodlarının Azərbaycan əlifbasını dəstəkləmədiyi üçün çıxış yollarını axtarmaqla..
Sonuncu Problem: Startupdan Çox Təlimçi, Müəllim, Mentor və Tənqidçi Var
Bu isə problem yox, artıq həllini tapa bilmədiyimiz 7-ci problemin çıxış yoludur. Bütün bu öyrədən, yardımçı və tənqidçi insanların hər biri startup mühitinin formalaşmasına müsbət təsir edir.
Bizim WEB Dizayn Studiya da bu bloqu yaratmaqla öz oxucularına köməklik göstərməyə çalışır. Əgər kiməsə kömək edə bilsək bundan qazanan Azərbaycan startupları, dolayısıyla biz olacağıq.
Hələ bu bloq yazılarını yazdıqca biz özümüz də nə qədər yeniliklər kəşf edirik..