Azərbaycanda sahibkarlığın inkişafı və dövlət dəstəyi

Date:

Paylaş:

2.ci dünya müharibəsindən sonra darmadağın edilən Yaponiya. 1950.ci illərdə “Made in Japan” sözləri dünya bazarlarında ucuz keyfiyyət və aşağı qiymət anlamına gəlirdi. Bu gün bu sözlər tamamilə əks məna deməkdir. Bir zamanlar bataqlı bir ada olan və ərazisi Bakıdan 3 dəfə kiçik olan Sinqapur bu gün, qüdrətli dövlətə çevrilmişdi.

Hesab edirəm ki, Azərbaycanın 50 il sonra dünyada sözü keçən intellektual mərkəz və iş dünyası üçün cənnətə çevrilməsi, bu gün aparılan işlərə birbaşa bağlıdır və bunların nəticəsi olacaq.

Hər zaman dediyim bir məqamı bir daha qeyd edərək yazıma başlamaq istəyirəm  : “Azərbaycanın gələcəyi 2 vacib məqama bağlıdır : elm və biznes və ya təhsil və iş dünyası”. Və Azərbaycanın sahib çıxması gərəkən 2 vacib sərmayəsi var : müəllimləri və sahibkarları.

Bu gün Azərbaycan olduqca vacib bir yol ayrıcındadır.

Öncəki dövrdə uğurlu olan biznes bu gün yeni iqtisadi reallıqlarda öz ölkəmizin daxilində belə fəaliyyətində əziyyət çəkir – mən hələ bizim məhsul və xidmətlərin beynəlxalq bazarlara çıxmasını demirəm.  2014.cü ilin sonunda neft qiymətlərinin kəskin enməsi və 2015.ci ildə baş verən devalvasiya örtüyü qaldırdı və biznesimizin vəziyyəti bütün çılpaqlığıyla önə çıxdı : qeyri-effektiv biznes, nəzarətsiz xərclər, sürətli böyümə ilə bərabər real inkişafın olmaması, korrupsiyaya bulaşmış idarəçilər, vs.

Bir neçə il ərzində ciddi “lomka” dövrünü keçən biznesimiz anladı ki, artıq yeni iqtisadi reallıqlarda fərqli davranış və idarəçilik alətləri istifadə edilməlidir. Məmurlara və nazirlərə bağlı və idarəçilərinin korrupsiyaya batmış bir neçə “uğurlu” holdinqlərin çökməsi biznesimizin sağlamlığı haqda ən yaxşı göstərici oldu.

Hesab edirəm ki, bu gün Azərbaycanda biznesin önündə bir neçə ciddi məsələ var :

  • Sahibkarlarımızın və işadamlarımızın vizyonunun genişləndirilməsi;
  • Güclü idarəçilərin yetişdirilməsi və ümumilikdə insan potensialının gücləndirilməsi;
  • Dövlət qurumlarının sahibkarlarla DOĞRU ünsiyyəti;
  • Dünya bazarlarına çıxarmaq üçün müasir idarəçilik sistemlərinin təhlil və tətbiq edilməsi.

BU MƏQALƏMDƏ ANCAQ BİRİNCİ MADDƏ HAQDA YAZIRAM – SAHİBKAR-LARIMIZIN VƏ İŞADAMLARIMIZIN VİZYONUNUN GENİŞLƏNDİRİLMƏSİ

Böhrandan öncəki dövrdə biznesimizin əksər hissəsinin alver tərzdə işə yanaşması ilə bərabər olduqca müsbət tərəflər də vardı : uzun müddətli düşünən, sistem quran məşhur holdinqlərimiz möcvud idi. Bunlardan Azərsun holdinqdi nümunə kimi göstərə bilərəm.  Uzun müddət ərzində əməkdaşlarının inkişafına böyük yatırmlar edən, idarəçilik sistemini quran, idarəçilər və personalının şirkətlə sadiqliyini təmin etmək üçün uzun müddətli düşünən bu holdinqin fəaliyyətini hər zaman böyük maraqla izləmişəm. Təsəvvür edin ki, holdinqin daxili inkişaf akademiyası, bir çox ali təhsil öcaqlarından daha yaxşı biznes təhsili verir; şirkətdə 15-20 il işləyən insanlar kifayət qədər çoxdur, və bu da loyallığı göstərir; üst idarəçilərinin əksəriyyətini şəxsən tanıyıram və çox savadlı insanlardır.

1 il öncə Azersun Holdinqdə işləyən bir idarəçidən möhtəşəm sözləri eşitdim : “Mənim işçim bilir ki, mənə qarşı onun arxasında holdinq və İK (İnsan Resursları) var”. Düşünün – holdinqin sıravi işçisi öz müdirinə qarşı güvənir holdinqə və buna əlavə olaraq holdinq insan resursları, insanların haqqlarını qorumaqda onlara etibar verib!

Misal olaraq digər bir şirkətlər qrupunu da göstərə bilərəm : Caspian Express, Bank Respublika, Səba və bir sıra Yapon istehsalı avtomobil brendlərin aid olduğu BİNCO qrupu göstərmək mümkündür. 2004.cü ildən BINCO.nun bütün şirkətlərində işlərə sistemli yanaşma, standart və prosedurların yazılması və bunlara tam riayət edilməsi, korporativ dəyərlərin müəyyən edilərək onlara uyğun davranması BINCO.nun əsas fəlsəfəsi olmuşdur.

BU HOLDİNQLƏRİN UĞURLARININ SİRRİ ÇOX SADƏDİR : SAHİBKARIN VİZYONU GENİŞDİR.

Şirkət sahibləri və rəhbələri ilə görüşlərdə “şirkətim, komandan, idarəçilərim necədir?”  sualının cavabını hər zaman qısa verirəm “Eyni Sizin kimi”. Şirkət, əməkdaşlar, komanda, Müştəriyə qarşı davranış tərzi, şirkət sahibinin birbaşa etdiyi kimidir.

Burada çox vacib bir digər məqam daha var : peşəkarlarla işləməyin əhəmiyyətini anlayan bir sahibkar, işə xaricdə təhsil almış bir neçə gənc mütəxəssisi cəlb edir. Bir müddət sonra isə mütəxəssislər işdən ayrlılr. Və ya buna bənzər digər vəziyyət. Şirkət sahibi işə çox peşəkar və tanınmış bir insanı dəvət edir. Bir neçə il sonra o insan işdən ayrılır və cəmiyyətdə suallar yaranır o peşəkar haqda : “getdi o şirkətə – nə etdi ki? Heç nə də etmədi?”. Əslində günah peşəkarda deyil.

Bu cümləmi diqqətlə oxuyun – istənilən sahədə peşəkar bir insanın şirkətdə edə biləcəyi HƏR ŞEY, sahibkarın vizyonu ilə məhduddur və o mütəxəssis, ANCAQ sahibkarın icazə verdiyi bir koridor içində hərəkət edə bilir.

Buna görə də hesab edirəm ki, Azərbaycanda biznesin və işgüzar mühitin inkişafı, məhsullarımızın daha keyfiyyətli olması və dünya bazarlarına çıxarılaraq beynəlxalq rəqabətə dözə bilməsi, ölkədə istihdamın artması məqsədi ilə birinci növbədə biznes sahiblərimizin vizyonu genişlənməlidir.

NƏ ETMƏLİ?

Bəzi böyük holdinqlər inkişaf etmək məqsədi ilə idarəçilərinin yetişdirilməsi üçün daxili inkişaf akademiyasını qurma imkanı var (belə bir akademiyanı mən AAAF Holdinqdə 2016.cı ildə qurmuşdum); ciddi konsultasiyaya ehtiyacı olanda ən bahalı xarici və yerli mütəxəssislərə müraciət etmək üçün imkanları var.

BƏS KİÇİK və ORTA SAHİBKAR NƏ ETSİN?

Böyük holdinqlərin, şirkətlərin bu mövzularda çox da sıxıntısı yoxdur – yetər ki, sahibkarın bu mövzularda biliyi olsun. Bəs kiçik və orta sahibkar nə etsin?

Ölkə biznesində kiçik və orta sahibkarlığın rolu olduqca böyükdür və hesab edirəm ki, bu kimi mövzularda dövlət qurumları vəziyyəti ələ almalıdırlar.

Sadə bir neçə sual :

  • işini inkişaf etdirmək istəyən kiçik və ya orta sahibkar biznesin idarəçiliyi mövzusunda konsultasiya almaq üçün hara müraciət edə bilər?
  • İşini böyütmək istəyən və İnsan Resursları olmayan bir orta miqyaslı şirkət sahibi peşəkar kadrları necə və hardan seçməlidir? Kimdən məsləhət ala bilər?

Azərbaycanda iş dünyasında bu gün qeyri-rəsmi haqsız bir rəqabət var : böyük holdinq və şirkətlər əllərində olan vəsaitlər sayəsində daha da böyüyürlər, kiçik və orta sahibkar isə gündəlik dava-dalaşdan inkişaf etmək, böyümək üçün başını belə qaldıra bilmir və aradakı uçurum artdıqca artır.

Kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatı üçün əhəmiyyəti haqda bir neçə vacib informasiya :

  • Beynəlxalq standartlaşdırma təşkilatının (İSO) saytında kiçik və orta biznes haqda belə bir cümlə var : “Around the world, the small and medium-sized enterprise (SME) sector is a vital engine of innovation and job creation”;
  • Bu gün inkişaf etmiş ölkələrdən kiçik və orta biznesin sayı, ümumi şirkətlərin saıynın 70-90 %.nı təşkil edir;
  • ABŞ.da kiçik və orta şirkətlərdə əhalinin 53 %.i, Yaponiyada isə 71.7 %.i işləyir.

Mən isə kiçik və orta sahibkarlar haqda belə deyirəm : “kiçik şirkətlərin böyük biznesləri”.

Yaponiya, ABŞ, Sinqapur və Avropa ölkələrində kiçik və orta bizneslərə və sahibkarlara ciddi dəstək göstərən və onları irəli çəkmək üçün agentliklər, qurumlar var.

Dünyada uzun illər istifadə edilən və çox məşhur lean production, just-in-time, istehsalatda effektivlik, agile kimi olduqca vacib müasir idarəçilik alətləri var.  Dövlət səviyyəsində bu mövzularda beynəlxalq mütəxəssislərin Azərbaycana dəvət edilməsi, şirkət sahibləri üçün xüsusi geniş tədbirlərin keçirilməsi, zavod, fabrik, klinika, firma və fərqli sahələrdən biznes sahiblərinin bu tədbirlərdə dövlət dəstəyi ilə iştirak etməsi olduqca vacibdir.

Hesab edirəm ki, bu mövzuda dövlət qurumları tərəfindən ÇOX CİDDİ ADDIMLAR atılmalıdır. Əks halda isə klassik bir vəziyyət olacaq – böyüklər böyüyəcək, kiçiklər əziləcək, dövlət qurumlarımız da artım faizləri haqda hesabatlar verərək biri-birilərini təbrik edəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...