Azərbaycanda mobil tətbiq bazarı niyə zəifdir?

Date:

Paylaş:

Cumulus Media-da çalışan Lori Lewis və Chadd Callahan tərəfindən hazırlanan hesabata görə, hər 60 saniyədə 342 min Android və iOS tətbiqləri yüklənir.

Elə bu statistika dünyada mobil tətbiqlərə qarşı marağı və təlabatı aydın formada göstərir.

Bu gün dünyanın mobil tətbiq bazarında sürətli artım, inkişaf müşahidə edilir. Düzdür, bu artım ölkələrə görə fərqlənir. Amma ümumi baxanda, artıq ölkələrin bu sahəyə ciddi diqqət etdiyinin şahidi oluruq.

Məlumdur ki, xidmətlərin elektronlaşdırılması sektoru tamamilə dəyişib. Belə ki, əvvəllər kağız formasında görülən işlər artıq məcburən elektron formaya keçirilir. Bu tendensiya Azərbaycanda da müşahidə edilir.

Qəbul etməliyik ki, İnternet erasında xidmətlərin eloktranlaşdırılması da kifayət etmir.

We Are Social və Hootsuite tərəfindən yayımlanan “Digital in 2017 Global Overview” hesabatına görə, dünyanın yarısından çoxu artıq 1 ədəd ağıllı telefon istifadə edir. Dünya əhalisinin təxminən üçdə ikisi isə ən azı bir mobil telefona sahibdir.

2019-cu ildə isə smartfon istifadəçilərinin sayının 5 milyarda çatacağı gözlənilir. 

Beləliklə, insanlar artıq xidmətləri də öz telefonlarında görmək, smartfonlar üzərindən həyata keçirmək istəyir. İnternetin, texnologiyanın inkişafı buna imkan verirsə, niyə də olmasın?

Lakin müşahidələrimiz göstərir ki, Azərbaycanda mobil tətbiq bazarında bir “qıtlıq” var. Bazarın inkişafı ilə bağlı hər hansı ciddi fəaliyyət, rəqəm yoxdur.

Hələ Azərbaycanda saytlar yeni-yeni mobil versiyaya uyğunlaşmaya çalışır. Əksər vacib xidmət təqdim edən qurumların, şirkətlərin mobil tətbiqi belə yoxdur.

Bundan əlavə, ən sadə məsələlərdə də xarici tətbiqlərdən istifadə etməli oluruq.

Elə Milli İnternet Mükafatına(MilliNet) təqdim edilən mobil tətbiq sayına baxanda bu boşluğu görmək mümkündür.

Görəsən, niyə bizdə də bu sahə inkişaf edə bilmir? Bu istiqamətdəki əngəllər nədir? Mobil tətbiq bazarı necə inkişaf etdirilməlidir?

Elə bu suallarla İT üzrə ekspert Vahid Qasımova müraciət etdik.

Vahid Qasımov deyir ki, mobil tətbiq bazarının inkişafı bir neçə amillə bağlıdır:

“Bu bazarın inkişafı ilk olaraq sifarişçilərin və interprenyorların marağından asılıdır. İşin qiyməti, proqramçı sayı və onların bacarığı da inkişafa təsir edən amillərdəndir. Həmçinin, bu məsələdə istifadəçilərin sayı və gəliri, qazanc imkanı da xüsusi qeyd edilməldir”.

Onun sözlərinə görə, Azərbaycan kiçik, kasıb və az inkişaf etmiş ölkə olduğundan bizdə bunların heç biri yoxdur:

“Azərbaycanda biznes hələ yeni-yeni veb saytın olmasını normal olaraq qəbul edib. Bizneslə məşğul olan şirkətlərin bir çoxu öncə qiymətə baxır. Bundan sonra sadə və ucuz saytlar hazırladır. Amma onlar bu resursları illərlə yeniləmir. Əksər saytların mobil versiyası belə yoxdur. Belə olan halda mobil tətbiqlər haqda düşünən yoxdur”.

Ekspert deyir ki, ölkəmizdə mobil developer-lərin (proqramçıların) sayı, ümumiyyətlə, çox azdır. Yaxşı proqramçı sayı çox az olduğu üçün də qiymətlər süni olaraq yüksəkdir:

“Əhalinin sayı az olduğuna görə istifadəçilərin sayı da azdır. Tətbiq istifadəsinə görə pul ödəməyə razı olanların sayı isə lap azdır. Buna görə də milli tətbiqlərin monetizasiya imkanları məhduddur”.

Vahid Qasımov onu da qeyd edib ki, “mobil tətbiqin yaradılmasına çox əziyyət və pul xərcləyib, sonra o pulu qaytara bilmirəmsə, o sektora niyə daxil olmalıyam?” məntiqi həmin sektorun zəif inkişaf etməsinin ilkin səbəbidir.

İT ekspert bununla bağlı dövlətdən asılı olan məsələlərə də toxunub:

“Qeyd etdiklərimdən əlavə, dövlət səviyyəsində onlayn fəaliyyətin inkişafında vergi, əlavə rüsumlar, bank tranzaksiyalarının ləng olması kimi problemlər də bu inkişafa təsir edir. Həmçinin, dövlət tərəfindən PayPal ödənişlərin qəbuluna qadağalar və bu kimi digər əngəllər qoyulanda, ümumiyyətlə, Azərbaycanda mobil sektorla məşğul olmaq məntiqli görsənmir”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...