Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı – Prezident 20 mln. manat ayırdı

Date:

Paylaş:

Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Bizplus.az xəbər verir ki, fərmanda deyilir:

“Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir”.

Fərmanla ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Sənədlə “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilib.

Fərmanla, eyni zamanda, müəyyən edilib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Qeyd edək ki, Prezident İlham Əliyev yeni yaradılan bu Fonda vəsait ayrılması haqqında sərəncam imzalayıb və sözügedən bu sərəncamla koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan  ilkin olaraq 20 milyon manat ayrılıb.

Bizplus.az bildirir ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu dekabrın 31-dək fəaliyyət göstərəcək. Bu barədə, Prezident İlham Əliyevin imzaladığı fərmanda qeyd olunur.

Fərmanla, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydası təsdiqlənib.

Sənəddə deyilir:

1. Ümumi müddəalar

1.1. Bu Qayda Koronavirusla Mübarizəyə Dəstək Fondunun ( Fond) vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Fondun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının  yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

1.3. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir.

2. Fondun vəsaitinin formalaşdırılması və ondan istifadə

2.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

2.1.1. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti;

2.1.2. fiziki və hüquqi şəxslərin könüllü ödəmələri;

2.1.3. qanunla qadağan olunmayan digər mənbələr.

2.2. Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində xüsusi xəzinə hesabı açılır.

2.3. Fondun vəsaitindən istifadə bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulan xərc istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi gəlir və xərclər smetası əsasında həyata keçirilir.

2.4. Fondun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər.

2.5. Fondun fəaliyyəti başa çatdıqdan sonra xüsusi xəzinə hesabında qalan xərclənməmiş vəsait bu Qaydanın 2.7.1-ci yarımbəndində nəzərdə tutulan işlərin maliyyələşdirilməsinə yönəldilir və ya dövlət büdcəsinə qaytarılır.

2.6. Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.

2.7. Fondun vəsaitindən koronovirusla mübarizə üzrə aşağıdakı istiqamətlərdə istifadə olunur:

2.7.1. tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə;

2.7.2. tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə (o cümlədən texnoloji qurğuların, cihazların, avadanlığın, nəqliyyat vasitələrinin, mal və materialların, habelə digər tibbi ləvazimatın alınmasına);

2.7.3. xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına;

2.7.4. nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə;

2.7.5. tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;

2.7.6. tibb sahəsində mütəxəssislərin hazırlanmasına;

2.7.7. təbliğat və maarifləndirmə işlərinə;

2.7.8. koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.

2.8. Fondun vəsaitindən bu Qaydada nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...