Vergi inzibatçılığı məsələsində qəbul olunmuş qərarların, mövcud Vergi Məcəlləsinə edilmiş düzəlişlərin və qanunvericilik aktlarının hamı tərəfindən tətbiqinə və riayət olunmasına nəzarət olunmalıdır.
Bunu İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev bildirib.
Nümunəvi sahibkarlarıq reytinqi müəyyənləşdirilməlidir
Onun sözlərinə görə, sahibkar, biznesmen deyəndə qaydalara riayət edən və rəqabət şərtlərini düzgün şəkildə icra edən, ədalətsiz, haqsız rəqabətə girişməyən sahibkarlıq subyektləri nəzərdə tutulmalıdır: “Ancaq o sahibkarlıq subyektləri ki, biznesə və sahibkarlığa yaraşmayan yollarla müəyyən addımlar atırlarsa, onlara qarşı mübarizə aparılmalıdır. Çünki, nümunəvi olan və qaydalara riayət edən sahibkarlar o mühitin tamamilə şəffaflığını anlamalıdırlar ki, bu onların xeyrinə işləyir, onların da əsas vəzifəsi işlərini gözəl bir şəkildə qurub, yalnız üzərlərinə düşən vergi və sosial ödəmələri həyata keçirmələridir”.
Ekspert Ruslan Atakişiyev
“Qeyri-qanuni fəaliyyət göstərən və vergidən yayınan sahibkarlıq subyektlərinin bazarlara çxışları məhdudlaşdırılır, təbii rəqabət qabiliyyəti də artacaq”.
Ekspert deyir ki, yaxşı olar ki, bundan sonra nümunəvi sahibkarlıq subyektlərinin reytinqi müəyyənləşdirilsin və nümunəvi vergi ödəyicisi və nümunəvi sahibkarlar kimi cəmiyyətə elan olunsunlar: “Bu, sahibkarların işinə böyük qiymət olacaq. İkinci məsələ, “kölgə iqtisadiyyatı”nda mövcud olan “işbazlar”a qarşı və onların “kölgə”dən çıxarılması istiqamətində iş aparılmalıdır. Yəni onlar öz mövcud istehsal avadanlıqlarını və sexlərini “ağartmaqda” çətinlik çəkirlərsə, qorxurlarsa, burada da bir inam formalaşdırmaq lazımdır. Düşünürəm ki, onlarla fərdi görüşlər, problemlərinə yaxından bələd olmaq lazımdır və bu “kölgə” iqtisadiyyatını necə “ağarda” bləcəyi üzərində iş aparmaq lazımdır. Bunun üçün bütün bunların həll variantları vermək lazımdır və bu həll variantları yolu ilə onları “qara”dan “ağ”a çıxarmaq lazımdır”.
R. Atakişiyev hesab edir ki, bütün bu kimi münasibətdən razı olmayan “işbazlar”, məqsədli şəkildə rəqabət və bazar prinsiplərinə uyğun fəaliyyət göstərməyənlər, bütün dünyada olduğu kimi, ya bu bazarlardan kənarlaşdırılmalıdır və ya müxtəlif inzibati yollarla qaydalara riayət edilməlidir: “Yəni vergi sistemi rəqabət mühitində və azad bazar mexanizmində oyun qaydalarının bir qrup prinsiplərini özündə ehtiva edir. Bir sözlə, dövlət oyun qaydalarını müəyyənləşdirir, sahibkarlıq subyektləri də bunun əsasında fəaliyyət göstərirlər. Düşünürəm ki, ancaq bu yolla şəffaf işləyən sahibkar çox inamla öz işini quracaq, genişləndirmək istəyəcək. O, anlayanda ki, onun fəaliyyətinə heç bir struktur və heç kəs qeyri-qanuni şəkildə müdaxilə edəsi deyil, fikrini daha öz işinə yönəldəcək”.
Mütəxəssis deyib ki, bundan başqa, sahibkar görəndə ki, qeyri-qanuni fəaliyyət göstərən və vergidən yayınan sahibkarlıq subyektlərinin bazarlara çxışları məhdudlaşdırılır, təbii rəqabət qabiliyyəti də artacaq.
Azərbaycanda biznesə başlamaq çox rahatdır
Bu gün Azərbaycanda hələlik oturuşmuş iqtisadiyyat yoxdur. Buna da səbəb hələ də “kölgə iqtisadiyyatı”nın, “qara iqtisadiyyat”ın olmasıdır.
Bu sözləri isə iqtisadçı, vergi sahəsi üzrə ekspert Anar Bayramov bildirib.
O düşünür ki, daha komfortlu biznes mühitinin yaradılması və iqtisadiyyatda fəallığı artırmaq üçün vergi siyasəti və inzibatçılıq siyasətində bir sıra işlər görülməlidir: “Bir sıra istiqamətdə tədbirlər planı həyata keçirilməlidir. Birincisi, bu tədbirlər planına “kölgə iqtisadiyyatı”nın “ağartmağa” doğru gətirilməsi, monopoliyanın, inhisarçılığın, qeyri-qanuni sahibkarlığın yığışdırılması daxildir. Nəzərə alsaq ki, qeyri-qanuni sahibkarlığın, “kölgə iqtisadiyyatı”nın başında duran insanlar sıradan iş adamları deyil, sıradan vətəndaşlar deyil. “Qara sahibkarlıq” fəaliyyəti ilə məşğul olan insanlar da bəlli gücə malik və arxasında müəyyən gücə malik insanlardır. Onlarla mübarizə aparmaq da o qədər asan məsələ deyil”.
Ekspert deyir ki, Cənab Prezident də hazırkı İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən ona qarşı böyük təzyiqlərin olduğunu vurğulayıb: “O bildirdi ki, amma o, bütün bunların qarşısında dayana biləcək. Yəni, komfortlu biznes mühitinin yaradılması olduqca çətin bir prosesdir”.
Ekspert Anar Bayramov
“Hazırda dövlətin yaratdığı imkanlardan, vergi siyasətindən istifadə etməklə, komfortlu biznes şəraiti qurmaq olar”.
A.Bayramov bildirib ki, bunun üçün isə “qara iqtisadiyyat” ağardılmalıdır, mövcud şərait daha da yaxşılaşdırılmalıdır: “Hazırda Avropa ölkələrində belə bir problem yoxdur, onlar ancaq mövcud iqtisadi şəraiti yaxşılaşdırmaq istiqamətində işlər aparırlar. Bunun sosial ağırlığı olmamalıdır. Çünki, dövlət büdcəsinin artırılmasının bir yolu vergi haqlarının qaldırılmasıdır. Arxasında iqtisadi əsas olsa da belə, bunun son nəticəsi vətəndaşın, əhalinin üzərinə düşür. Misal üçün, 1 faiz mənasız işsizlikdən sığorta haqqı əlavə edilib ki, bu da büdcəyə gəlir gətirsə də, bu ağırlıq vətəndaşın, işəgötürənin üzərinə düşüb”.
Ekspert düşünür ki, ancaq bununla belə hazırki iqtisadi artım tempi Azərbaycanda çox yaxşıdır: “Bunu “Doing Business” hesabatlarında da görmək olar. Bu gün Azərbaycanda evdə oturmaqla şirkət qeydiyyata almaq mümkündür. Bu gün bunun xaricdən gələn investorlar da bilir. Azərbaycanda biznesə başlamaq çox rahatdır”.
A.Bayramov deyir ki, ancaq dövlətin bunun üçün yaratdığı imkanlar genişdir: “Hazırda dövlətin yaratdığı imkanlardan, vergi siyasətindən istifadə etməklə, komfortlu biznes şəraiti qurmaq olar. Ancaq bu sahədə qanunvericilik nöqteyi-nəzərindən çatışmazlıqlar hələ də var, iqtisadiyyata və sahibkarlığa bəzi kənar müdaxilələr mövcuddur. Ümid edirəm ki, zamanla bütün bunlar təbliğat, təzyiq və sahibkarlığın müqaviməti yolu ilə aradan qaldırılacaq”.