İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankı (ECO Trade and Development Bank, ETDB) Azərbaycanda kənd təsərrüfatı, kənd infrastrukturu, nəqliyyat, tranzit və logistik infrastruktur, istehsalat, turizm və digər sahələrin inkişafı üzrə layihələrin həyata keçirilməsi üçün investisiya imkanlarını öyrənməyi planlaşdırır.Azərbaycan son illərdə çox şey vəd edən iqtisadi inkişaf nümayiş etdirir və ETDB Azərbaycanın davamlı inkişafa nail olmaq məqsədilə apardığı əsaslı islahatlara dəstək üçün səylər göstərir: ETDB-dən deyiblər ki, bank Azərbaycanın maliyyə sektoru ilə əməkdaşlıq edərək ölkədə kiçik və orta müəssisələrin inkişafına dəstək məqsədilə öz maliyyələşdirmə proqramlarımı genişləndirə bilib: “Bank 2018-ci ildə Azərbaycana 6,83 milyon dollar ayırıb. 2019-2020-ci illərdə Azərbaycanla tərəfdaşlıq üzrə yeni strategiya hazırlanma mərhələsindədir və yaxın illərdə ölkədə bankın fəaliyyətinin genişlənəcəyi gözlənilir. Bu yaxınlarda bankın Direktorlar Şurası ETDB-nin yeni üzvlərinə, o cümlədən Azərbaycana gələcəkdə dəstəyi genişləndirmək qərarına gəlib və onlara maliyyələşdirmənin maksimum həcmini əldə etmək imkanı təqdim olunub. Bu, onların bankın kapitalına ödənilən iştirak payından 3 dəfə çoxdur”. Bankdan bildiriblər ki, ümumilikdə Azərbaycanda makroiqtisadi sabitlik və əlverişli biznes mühiti möhkəmlənir, bu da biznen imkanlarının geniş spektrini açır: “Buna görə də ETDB ölkədə dinamik və balanslaşdırılmış artım tempinin təmin edilməsi məqsədilə inkişaf layihələrinin maliyyələşdirilməsinə töhfə verməyə çalışır. O cümlədən ticari maliyyələşdirməyə kömək və kiçik və orta müəssisələrin inkişafına dəstək bankın ölkədə əsas fəaliyyət istiqamətləri olaraq qalır. Bununla yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə dəstək baxımından Ticarət və İnkişaf Bankı iqtisadiyyatın müxtəlif sektorlarının inkişafı üzrə layihələrin həyata keçirilməsi üçün investisiya imkanlarını öyrənmək niyyətindədir”. Qeyd edək ki, ETDB İqtisadi Əməkdaşlıq Təşkilatının himayəsi ilə üzv dövlətlər arasında sosial-iqtisadi inkişaf və daxili regional ticarətə kömək məqsədilə yaradılan regional inkişaf bankıdır. Mənzil-qərargahı İstanbulda yerləşən bank 2005-ci ildə yaradılıb və 2008-ci ildə fəaliyyətə başlayıb. Azərbaycan 2013-cü ildə ETDB-nin üzvü olub. Ölkənin bankda iştirak payı 2,98 faiz təşkil edir.
fins.az