2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. “Bizplus.az” bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
“Bizplus.az” bildirir ki, 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşmışdı.
2018-ci ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşmışdır.
Cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşmışdı.
Ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə uzun düyünün, unun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları və pendirin, zeytun və qarğıdalı yağlarının, bananın, armudun, xurmanın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, bibərin, çuğundurun, kartofun, soğanın, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin qiymətlərində bahalaşma, yumru düyünün, manna və qarabaşaq yarmasının, vermişel və makaronun, mal ətinin, yumurtanın, limonun, portağalın, naringinin, almanın, kələmin, göyərtinin, yerkökünün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, ayaqqabıların, mebel və ev əşyalarının, minik avtomobillərinin, planşet tipli kompüterlərin, fotoaparatların, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mobil telefonların qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Dekabr ayında noyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətləri bahalaşmış, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.