Azərbaycanda “Ağıllı kənd” necə olacaq? – DETALLAR

Date:

Paylaş:

Bir neçə gün əvvəl Qax rayonunda səfər edən prezident İlham Əliyevə ilk dəfə olaraq ölkədə yaradılması planlaşdırılan “Ağıllı Kənd” layihəsi təqdim edilib. “Bizplus.az” bildirir ki, bazırda bununla bağlı ilkin hazırlıq işləri başlayıb və layihənin detalları dəqiqləşdirilir.

Yeniliyin vacibliyini nəzərə alaraq məsələni araşdırdıq. Qeyd edək ki, “Ağıllı kənd” layihələri dünyanın müxtəlif ölkələrində reallaşdırılır və məqsədi kənd sakinlərinin həyatını yüngülləşdirmək və yaşayış səviyyəsini yüksəltməkdir. Azərbaycanda bu

ideyanın müəllifi və bunu reallaşdıracaq orqan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətidir.

Ağıllı kənd nəyə görə lazımdır?

Xidmətin rəisi Mirzə Əliyev  bildirib ki, bütün dünyada ağıllı kənd layihəsinin müəyyən məqsədləri var.

Bunlardan biri insanların kənd yerlərindən şəhər yerlərinə axının qarşısını almaqdır: “Yəni kənd yerlərində insanlara elə şərait yaradılsın ki, onların şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də çıxışı olsun”.

“Ağıllı kənd” layihəsinin ikinci məqsədi insanlara kənddə pul qazanmaq imkanının yaradılmasıdır.

Üçüncü məsələ isə odur ki, hər bir ölkə vətəndaşının olduğu kimi, kənd sakinlərinin də dövlət xidmətlərinə çıxışı olmalıdır. Yəni, məsələn, ASAN Xidmətin göstərdiyi xidmətlər kənd yerlərində də olsun.

“Bütün bu məsəələri həll etmək üçün dünyada innovativ kənd layihələrindən istifadə edilir. Bura 3 əsas komponent aiddir. Birincisi ağıllı infrastruktur və xidmətlər, ikincisi, ağıllı təsərrüfat və biznes, üçüncüsü, ağıllı dövlət idarəçiliyi”-deyə Xidmət rəhbəri bildirir.

Ağıllı infrastruktur nədir?

Azərbaycanda kəndlə şəhər arasındakı fərqi görmək çətin deyil. Bu fərqlər özünü həm təhsildə, həm səhiyyə xidmətlərində, hətta dərman təminatında, həm də enerji təminatı və kommunal xidmətlərdə göstərir. Baxın,

Kənddə ingilis dili kursu varmı?

Məsələn, dil kursları – çoxumuz bilirik ki, kənd yerlərində yaşayan uşaqların xarici dil, məsələn normal ingilis dili kurslarına çıxışı yoxdur, çünki yaxşı müəllimələr heç orada qalmır, Bakıda işləyir. Yaxud kənd sakini istəyir ki, övladı musiqi kursuna getsin: “Bütün bu problemləri həll etmək üçün distant təhsil üsulundan istifadə edilir. Yəni kənd yerlərindəki məktəblərdə distant təhsil üçün hər cür şərait yaradırlar – bu Avropada da belədir. Bu “Youtube”da olduğu kimi deyil, real olaraq onlayn şəkildə aparılan təhsildir”.

Həkimə getmək lazım olmayacaq

İkinci və mühüm məsələ, Azərbaycanın kəndlərində insanların səhiyyə xidmətlərinə çıxışının zəif olmasıdır. Etiraf etmək lazımdır ki, çox yerdə insanlar həkimə gələ bilmirlər. Mrizə Əliyev deyir ki, bunun səbəbləri çoxdur: “Bəzən məsələn, xanımlar müəyyən səbəblərdən həkimə müraciət etməyə çəkinirlər, və yaxud, həyat yolaşları icazə vermir. Və ya elə problemi var  ki, onu evdə deyə bilmir. Yəxud da ən sadəsi şəhərə gəlmək üçün imkanı və ya vaxtı yoxdur. Bu xüsusidə reproduktiv məsələlərə aiddir”.

Avropada bu məsələ Avropada “smart boks”ların vasitəsilə həll edilib. Bu qurğular kiçik kabinetlərdir, adətən təkərli olur, yəni avtomobilin üstünə quraşdırılır. Burada qan verməklə 30-dan artıq analizin nəticəsini 1 saata öyrənmək olar. Bu analizin nəticələri təkcə kənd sakininin özünə deyil, həm də rayon mərkəzində qurulan xüsusi mərkəzə də ötürülürö Nəticədə kənd sakinləri analizi bildikdən sonra elə bu “smart-boks”da canlı olaraq həkimdən sorğu sual edib konsultasiya ala bilərlər.

Dərman satan bankomatlar

Kənd yerlərində əas problemlərdən biri dərmanlara və bank xidmətlərinə çıxış çətinliyidir. Hazırda kəndlərin heç də hamısında apteklər və bank filialları yoxdur. M.Əliyevin sözlərinə görə, kənd yerlərində aparılan araşdırma zamanı kənd sakinləri apteklərin olmadığını, olanların da bağlandığını, eləcə də bank xidmətlərinin olmadığını bildirərək bu məsələdə dövlət orqanlarından kömək istəyiblər: “Amma hər kənddə aptek və bank filialı qurmaq da mümkün deyil. Bu məsələnin birgə həlli üçün özündə həm dərman satışını, həm də bankomatı birləşdirən bankomat tipli əczaxanalar qurulur”.

Belə qurğular həm bankoatlardır, həm də burada ən çox istifadə olunan kütləvi dərmanlar, məsələn, başağrısı və sair satılır: “Bu e-səhiyyə və tibb xidməti adlanır”.

Günəş və bio enerji

Kənd yerlərində, heç də hamısında olmasa da, aktual problemlərdən biri alternativ enerji mənbələridir. Buraya günəş, bioenerji külək və sair enerji mənbələri aiddir: “Məsələn, Almaniyada kəndə qaz verməkdənsə, bio enerjidən və günəş enerjisindən istifadə edirlər. Finlandiyanın Laplandiya əyalətində isə günəş enerjisindən istifadə edilir, küçələrin işıqlandırılması, ATM-lərin işi və sair cihazlar bu enerji ilə işləyir”.

Kənddə Ağıllı biznes qurmaq mümkündürmü

Qeyd olunduğu kimi, əsas məsələlərdən biri kəndlinin kənddə pul qazaqmasıdır. Bunun üçün kəndli məhsul istehsal edir, amma M.Əliyevin sözlərinə görə, əsas məsələ bazara çıxışdır: “Elə infrastruktur qurulmalıdır ki, şəhərdə olduğu kimi, kənddə də bazara çıxış mümkün olsun. Bunun üçün əsasən elektron platformalarından istifadə edilir. Bunlar Amazon və ya Alibaba kimi platformadır. Eyni zamanda da çalışırlar elə sistemlər yaratsındar ki, insanlar məhsullarını yoxlama və attestasyalardan onlayn keçirə bilsinlər. Yəni internetlə sertifikat ala bilsinlər”.

Digər tərəfdən, kənd sakinlərinin bank xidmətlərinə rahat çıxış olmalıdır. Məsələn, kənd sakininin kartı yoxdur, amma onlar bankomat vasitəsilə kodla nağd pul verən xidmətdən istifadə edə bilərlər. Bundan başqa elektron ödənişlər və sair də inkişaf etdirilməlidir.

Ağıllı dövlət idarəçiliyi nədir?

M.Əliyevin sözlərindən məlum olur ki, “Ağıllı kənd” layihəsində adı keçən “Ağıllı dövlət idarəçiliyi”nin kökündə vətəndaşın vaxtına və resurslarına qənaət dayanır: “Bu o deməkdir ki, kəndlilərin rayon mərkəzinə gələrək ala biləcəyi xidmətlərin bir çoxunu kənd yerlərində elektron sistem vasitəsilə almaq mümkün olsun. Məsələn, pensiyaçı pensiya kartı almalıdır. Qanuna görə, bu kart həmin şəxsə identifikasiya olunandan sonra (yəni şəxsin doğrudan da kartın sahibi olduğu təsdiqlənəndən sonra) verilə bilər. Bu günkü texnalogiyalar imkan verir ki, bu məsələ həll edilsin. Belə ki, indi dünyada üz tanıma funksiyasına malik olan bankomatar var. İnsanlar bunun vasitəsilə və şəxsiyyət vəsiqələrini təqdim etməklə bankomatdan kartlarını ala bilərlər”.

Eyni qayda digər sənədlərin alınmasına da aiddir. Beləliklə, bunlar elektron sistemilərə çıxış deməkdir. Yəni, Məsələn ASAN Xidmətə aid olan bütün xidmətləri almaq üçün kənd sakinlərinin kənddəki bir məntəqəyə, məsələn bələdiyyə binasındakı hansısa otağa gəlməsi kifayət edir.

Dünyada ağıllı kəndlər çoxdurmu?

Dünyada “ağıllı kənd”lər ideyası yeni deyil və bir neçə ölkələrdə var. Məsələn, Türkiyədə “Vodafon”un dəstəyi ilə “Ağıllı köy” layihəsi var. Qazaxıstanda “Villic Qazaxıstan” layihəsi, Ruandada “Smart villic” proyekti, Ukraynada “Avtonom ağıllı kənd” layihəsi var

Avropada isə, M.Əliyevin sözlərinə görə, bununla bağlı çox böyük pilot layihə reallaşdırılır: “Bura 100 milyonlarla avro pul yatırılır. Bu layihə “Smart villic pilot procekt” adlanır. Hindistanda “Mikrocoft”un dəstəyi ilə yaradılan böyük bir layihə isə elə bir yerdədir ki, orada heç mobil rabitə də yoxdur, yalnız xüsusi texnologiya ilə burada yüksək sürətli internet işləyir”.

Ağıllı kəndlərdə nələr olur?

“Ağıllı kənd”lərdə yüksək sürətli internet, e-sağlamlıq sistemi – hansı ki, 36 növ analizin cavabını 10 dəqiqəyə bildirir – vətəndaşlara elektron xidmətlər göstərilir, elektron sinif var, biometrik pasportlar verilir. “Ağıllı kənd”lərdə həm də dərman satan ATM əczaxana yayılıb.

Almaniyada “Ağıllı kənd” layihəsi 4 yerlə reallaşdırılır, bunlardan ən böyüyü Eysenberq şəhərindədir. Burada ağıllı ticarət və logistika,  ağıllı enerji üsullarından istifadə edilir.

Finlandiyada, Laplandiyada isə elektron təhsil, elektron tibb, alternativ enerji, elektron ticarət və nəqliyyat inkişaf edib: “Məsələn, Laplandiyada mobil telefonlar üçün belə bir tətbiq yaradılıb ki, şəhərə getmək istəyən şəxs bu proqrama daxil olur və görür ki, sabah şəhərə kim gedəcək və maşında neçə boş yer var. Əslində belə bir üsul Azərbaycanda kəndərində də var, amma bizdə bunu proqramla deyil, sözlə soruşurlar. Bunu bir proqrama çevirmək olar”-deyə M.Əliyev bildirir.
Ağıllı ev bir kənddə deyil bütöv rayonda yaradılmalıdır

Amma ağıllı kənd layihəsi bir kənddə həyata keçirilməməlidir. M.Əliyev deyir ki, bu layihə bütöv bir rayonda həyata keçirilməlidir: “Yəni əvvəlcə bir, sonra digər rayonlarda və sair bunun kimi həyata keçirilir. Bizim də istəyimiz budur, layihə ölkə rəhbərliyinin də diqqətini  cəlb edib”.

Hələlik bu layihənin hansı rayondan başlanacağı məlum deyil. Nazirlik bunun üçün ölkə rəhbərliyinə 4-5 rayon təklif etmək fikrindədir. Bu rayonlar elə seçilib ki, onlarda “ağıllı kənd” üçün müəyyən iqtisadi əsas  olsun: “Yəni bura ya turizm, ya da elə kənd təsərrüfatı baxımından potensiallı bir rayon olsun. Məsələn, mənim fikrimiz soruşsalar, mən İsmayııllı və Bərdəni təklif edərdim, çüni İsmayıllıda həm kənd təsərrüfatı, həm də turizm potensialı var. Məsələn Baskal və Lahıcda turizm, İvanovkada isə kənd təsərrüfatı var”.

Bundan başqa, seçim aparılanda əhalinin sayı da nəzərə alınacaq. İndi ölkədə elə kəndlər var ki, orda qışda heç kim yaşamır. Təbii ki seçim edəndə belə kəndlərə üstünlük verilə bilməz. Ona görə də elə eləməylik ki, bu layihə vətəndaşlara xidmət eləsin.

Təkliflər verildikdən sonra hökumət, o cümlədən maliyyə və iqtisadiyyat nazirlikləri bunu qiymətləndirib qərar verəcəklər.

 

Bir kənddə Ağıllı kənd yaratmaq neçəyə başa gəlir?

 

M.Əliyevin sözlərinə görə, “Ağıllı Kənd”in yaradılması üçün xərclər burada görüləcək işlərdən asılıdır: “Məsələn, Hindistandakı layihə ən bahalılarından biridir. Amma Azərbaycanda bunu etməyə ehtiyac yoxdur, heç lazım da deyil. Çünki bizdə baza infrastruktur – elektrik enerjisi, mobil rabitə, internet və sair var. Ona görə də hesab edirəm ki, Azərbaycanda bir kənddə bu sistmi qurmağa 150-200 min manat tələb olunur”.

Qeyd edək ki, təkcə ATM-lərin sadəsi, yəni yalnız bank xidməti üçün istifadə edilən bankomat  30-40 min manatdır: “Amma əgər burada dərman da satılsa, gərək burada dərmanları saxlamaq üçüq şərait, soyuducu və sair də olmalıdır. Ona görə də hesb edirəm ki, bir kənd üçün məbləğ 200 min manat ətrafında və yuxarı olacaq”.

Amma ölkənin ümumi investiçiya siyasətinə baxanda “Ağıllı kənd”in əhəmiyyəti o qədər yüksəkdir ki, bu məbləğ onun yananda kiçikdir.

Başqa xərclər də var. Belə ki, distant təhsil xidmətlərinin göstərilməsi üçün kənddə bir sinif otağı hazırlanmalı, kənddə günəş enerjisi qurğuları, tibb xidmətləri üçün “smart boks” olmalıdır: “Ən əsas məsələ bunun bir mərkəzi serveri qurulmalıdır. Yəni bütün bu məluatlar haradasa saxlanılmalı və istifadə edilməlidir. Yəni bir həkim oturmalıdır bir yerdə ki, kəndlərdən gələn suallara cvab versin”.

Yeri gəlmişkən, tibb xidmətləri üçün smart bokslar “gəzə” də bilər. Belə ki, onlardan bəziləri mobildir, məsələn, Finlandiyada olduğu kimi – tez-tez müxtəlif kəndləri dolaşır, analiz götürərək cavablarını həm vətəndaşa, həm də həkimə bildirir. Hindistanda isə qan analizinin nətiəsi verilir və cavablar avtomatik çıxır.

 

Bir rayonda Ağıllı kənd yaratmaq 4-5 milyon manata başa gələcək

 

Bir rayonda 30-40 kəndin olduğunu nəzərə alanda bütöv bir rayonda bu sistemi qurmaq üçün təqribən 4-5 milyon manat tələb olunrur. Hər il 2 rayon götürülsə, dövlət üçün hər il 10-12 milyon manat investisiya deməklir.

 

Ağıllı kəndlərin yarandılmasına nə vaxtdan başlanacaq?

 

M.Əliyev bildirir ki, bu layihə beynəlcxalq borc hesabına edilsə, bunun üçün qəranın verilməsi azı 6 ay çəkəcək. Məsələn, Dünya Bankı bu layihəyə vəsait ayırmağa razıdır: “Dövlətə gəldikdə isə biz bu günlərdə layihəni İqtisadiyyat nazirliyinə təqdm edəcəyik. Dövlət vəsaitləri ilə reallaşsa, bunun üçün 3-4 ay vaxt tələb olunacaq”.

 

Dövlət bu kəndlərdəki məhsulların satışına necə kömək edəcək?

M.Əliyevin sözləinə görə, hazırda Kənd Təsərrüfatı Nazirliyinin öz tərkibində Dövlət Aqrar Şirkəti var və bu şirkət fermerlərin bazara çıxışına kömək edir: “Amma hesab edirəm ki, dövlət bu məsələdə yalnız köməkçi ola bilər, yəni dövlət təchizatçıya çevrilməməli, sadəcə bu sistemin işinə dəstək verməlidir. Bunun üçün elektron platformalar yaradılmalı və onlardan istifadə edilməlidir. Məsələn, “Obalar” layihəsi kimi bir sistem yaradıla bilər”. Xidmət rəisi bildirir ki, bunun üçün insanların e-bazar anlayışına münasibəti də dəyişməlidir: “Məsələn Almaniyada biz kompüter qarşısında oturaraq bizə yaxın olan marketdən bütün malları sifpriş verib, pulunu onlayn ödəyirik, sonara isə gedib onları heç bir növbə olmadan əldə edirik. Sizə bir sms gəlir ki, sizin bazarlıq filan nömrəli qutudadır. Biz də bu sistemdən istifadə etməliyik. Elə yaratmalıyıq ki, bu yaxşı işləsin”.

 

Ağıllı kənd əhalinin Bakıya axınını dayandıra bilərmi?

M.Əliyev bildirir ki, “Ağıllı kənd” layihəsi kənd sakinlərinin buranı tərk etməsinin qarşısını alacaq: “Kənd yerində yaşayan istənilən şəxsə şəhərdə yaşamaq çətindir. Müxtəlif məsələlər var, ətrafından ayrılmaq, yaşayış şərtləri və sair. Bir tərəfdən də bu “ağıllı kənd” layihəsinin reallaşması bütün rahatlıqları yaratmaqla şəhərə axını azaldacaq”.

Ağıllı kənd kəndlilərin gəlirini artıracaqmı?

Xidət rəisinin sözlərinə görə, satış üçün elektron platformaların tətbiqi insanların öz məhsullarını daha yaxşı qiymətə satmasına və daha yüksək gəlir əldə etməsinə imkan verəcək: “Məsələn, sizin 1 ton kartofunuz var və bunların sentyabrda 1 manatdan satıb ümumilikdə 1000 manat gəlir əldə edəcəkdiniz. Amma onun 100 kiloqramını sentyabr, 100 kilosunu oktyabr, noyabr və sair satsanız daha çox gəlir əldə edə bilərsiniz. Həm də bəzi xidmələrin elektron olması buna sərf edilən vaxtı və vəsaiti də azaldacaq”.

Özəl şirkətlər Ağıllı kənd layihəsinə qoşula bilərmi?

Əslində özəl və korporativ sektor “Ağıllı kənd” layihələrində geniş iştirak edir. Türkiyə və Hindistanda bu olub. Azərbaycanda da özəl şirkətlər layihəyə qoşulmaq istəyirlər və müraciət edənlər də var: “Hətta Mikrocoft”un özü də bu layihə ilə maraqlınab və Azərbaycanda bu layihəyə dəstək verməyə maraq göstərib. Amma ilkin olaraq bu məsələni dövlət maliyələşdirəcək. İstənilən halda özəl yerli şirkətin istəyi olarsa, bu layihəyə qatqı verə bilər, istəsə, biz buna məmnuniyyətlə şərait yaradarıq. Məsələn, kimsə gəlib o ATM-dən quraşdırmaq istəsə, biz hazırıq”.

©fed.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...