Azərbaycanda əhalinin böyük hissəsi avtomobil almaq və ya avtomobilini təzələmək fikrində deyil. Bu nəticələr «Business Insight» Beynəlxalq araşdırma qrupunun 2019-cu ildə Bakıda apardığı sorğularda ortaya çıxıb.
“Gələcək 12 ayda avtomobil almağı ehtimal edirsinizmi?» sualına respondentlərin 74,3%-i «yox» cavabı verib. Rəyi soruşulanların 51,7%-i bildirib ki, qarşıdakı 12 ay ərzində heç bir halda avtomobil almaq fikrində deyil, 22,6% isə bunu ehtimal etmədiyini bildirib.
Rəyi soruşulanların 15,7%i də avtomobil almağa meylli almadıqlarını bildirib – onlar bu suala «az etimal edirəm» cavabını verib.
Amma avtomobilini yeniləmək və ya yeni avtomobil almaq fikrində olanlar da var. Sorğuda iştirak edənərin 14,1%-i bildirib ki, avtomobil almaq niyyətindədirlər.
Qeyd edək ki, bui ş avtomobil bazarı ilə bağlı fikirlər ötənilkindən daha pessimisitdir. Belə ki, 2018-ci ildə keçirilən sorğularda əhalinin 65,7%-i avtomobil almaq istəmədiyini bildirmişdi. Onların 37,5%-i bildirmişdi ki, heç bir halda avtomobil almayacaq (bu il həmin göstərici 51,7%-dir).
Avtomobil almaq ehtimalı böyük olanların sayı isə əvvəlki illə müqayisədə artıb. Belə ki, 2018-ci ildə rəyi soruşulanların 10%-i böyük ehtimalla avtomobil alacaqlarını bildirmişdilər. Bu il həmin göstərici 14,1%-ə yüksəlib.
Araşdırma ölkənin bütün coğrafi zonalarını əhatə etməklə, Bakı şəhəri də daxil olmaqla yaşı 20-70 arasında olan 1401 respondent arasında fevralın ilk yarısında keçirilib.
Sorğuda iştirak edənlərin təqribən yarısı 30-50 yaş arasında, 52%-i kişi, 48%-i qadın olub. Sorğu iştirakçılarının 19,3%-nin ailə başına aylıq gəliri 300 manat, 43,4%-nin gəlirləri 300-700 manat, 20,3%-i 700-1200 manat, 8,6%-i 1200 manatdan artıq olub.