Avtomobillər həyatımızın ayrılmaz hissəsidir. Bu nəqliyyat vasitələri bəziləri üçün komfort və işgüzarlığın təminatçısı, digərləri üçün isə bir növ şan-şöhrət göstəricisidir. Buna görə də bəzi avtomobil markaları qənaətliliyi, bəziləri isə rahatlığı ön plana çıxarmağa çalışır. Markaların gücünün ən başlıca göstəricilərindən biri də avtomobillərə xarici bazarlarda olan tələbatdır. Bu işə öz möhürünü vurmuş “Mercedes”, “BMW”, “Range Rover”, “Opel” kimi markalar öz avtomobillərini dünyanın dörd bir yanına ixrac edirlər. Həmçinin ölkəmizdə də bu avtomobil markalaraına böyük maraq və tələbat var. Lakin, son illərdə bunlarla yanaşı ölkəmizə “Changan”, “MG”, “BAİC” kimi Çin istehsalı olan avtomobil markaları da gətirilib. Bu markalar da ölkədə qısa müddət ərzində məşhurlaşıb.
Bu yaxınlarda Azərbaycana daha bir Çin istehsalı olan marka gələcək. Bu, Çinin ən qədim avtomobil istehsalçısı olan “FAW”dır. Qeyd edək ki, “FAW” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru “Cihan Motors” şirkətidir. Şirkətin şatış mərkəzinin əməkdaşı ölkəmizə gətiriləcək modellər haqqında məlumat verdi. O, bildirdi ki, noyabr ayının sonunadək avtomobillərin salonda olacağı gözlənilir. Ölkəmizə gətiriləcək avtomobillər «Besturn B30», «T-33»,«T-77», «T-99» və “Honqgi” modelləridir.
“FAW” avtomobil zavodu və ölkəmizə gətiriləcək modellərin texniki xüsusiyyətləri barədə sizə qısa məlumat təqdim edirik:
1953-cü ildə qurulan “FAW” zavodu Çinin ən qədim avtomobil istehsalçısdır. Çinin ilk avtomobil zavodu olan “FAW” Çanqçun şəhərində “SSRİ”nin köməyi ilə işə başlayıb. Şirkət ilk dəfə “Jiefang” adlı yük maşını istehsal etsə də, sonralar minik avtomobillərinin istehsalı ön plana çıxıb. Hal-hazırda “FAW” yüngül, orta və ağır yük maşınları, yolsuzluq avtomobilləri, avtobuslar və kiçik vasitələr də daxil olmaqla altı kateqoriyalı avtomobillər istehsal edir. Qeyd edək ki, bu nəhəng şirkət 2017-ci ildə 3 milyon avtomobil istehsal edib.
İndi isə ölkəmizə gətiriləcək markaların texniki göstəriciləri və üstünlüklərini nəzərdən keçirək:
1.“Besturn 30”. Bu modelin ölçüsü Çin markası olan “Vesta”nın sedanından bir az böyükdür. Avtomobilin uzunluğu 4625mm, eni 1790 mm, hündürlüyü isə 1500 mm-dir. Ölçülərinə baxdıqda avtomobilin kompakt bir vasitə olduğu görülür. “B 30” 1600 kubsantimetrlik “atmosfer” tipli mühərriklə təchiz olunub. Bu modelin motoru 145 at gücünə sahibdir.
“T33” modelinin də 1600 kubmetrlik sadə atmosfer mühərriki var. Motorun gücü 145 at gücünə bərabər olan bu model “Hyundai Creta”dan daha böyükdür. Uzunluğu 4330 mm, təkər bazası 2600 mm-dir. “T33”ün görünüşünə gəldikdə isə avtomobilin aqressiv, bahalı, zəngin və göstərişli dizaynı var. Bundan başqa model adaptiv idarəedici LED faralar, 17 və ya 18 düymlük təkərlər, açarsız giriş, oturacaq qızdırıcısı, arxa görüntü kamerası, geniş sensorlu multimedia, işıq və yağış sensorları və s. ilə təchiz edilib.
“BestuneT99” modeli təxminən “Range Rover Velar” avtomobilinə yaxındır. Avtomobilin uzunluğu – 4800 mm, eni – 1915 mm, hündürlüyü – 1685 mmdir. “T99” in “Range Rover Velar”a nisbətən daha sadə platforması var. Amma istehsalçılar bu modeldə 4×4 versiyasız keçinəcəklərini də bildiriblər.
“Bestune T99” üçün üç seçim variantı təklif olunur: “standart”, “lüks” və “idman”. Ancaq bu variantlar yalnız müvafiq dekorlarla fərqlənir. Sürücünün qarşısında qurğular və media sistemi üçün iki 12 düymlük displey quraşdırılıb. Sensor ekranı isə bütün mərkəzi konsolu əvəz edir. Burada iqlim nəzarəti, qızdırılan oturacaqlar və bir sıra digər funksiyaları idarə etmək üçün bir menyu əks olunur. Krossoverdə D-Life tipli holografik proyektor da var.
“Hongqi” avtomobili (Çin dilindən tərcümə – “qırmızı pankart”) 1958-ci ildən istehsal olunur. Amerika modelləri əsasında hazırlanan orijinal avtomobillər məmurlar və yüksək səviyyəli partiya rəhbərləri üçün nəzərdə tutulmuşdur. “Hongqi L5” avtomobili retro üslubunda dizayn edilmiş “FAW” modelidir. Bu model ən bahalı Çin avtomobillərindən biiri olaraq tanınır. Sedan ilk dəfə 2013-cü ildə Şanxay avtosalonunda təqdim edilib. Bu model Kommunist Partiyasının baş katibi Xi Jinping tərəfindən istifadə edildiyi üçün Çinin rəsmi dövlət avtomobili hesab edilir.