Qaradağ Rayon Məhkəməsində “Fl Trans” MMC-nin 82260 Rusiya rublu (təxminən 2115 manat) məbləğində cərimə edilməsi barədə qərar çıxarılıb.
Məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə tərtib etdiyi protokola əsasən qərar çıxarıb.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Qaradağ Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “Fl Trans” MMC Rusiyadan “Ессентуки №4” və “Ессентуки №17” mineral sularının tədarükünü həyata keçirən şirkətdir.