Beynəlxalq sularda da fəaliyyət göstərərək üçrəngli bayrağımızı öz gəmilərində şərəflə dalğalandıran, müxtəlif yerli və xarici tərəfdaşlarla əməkdaşlıq edən, şanlı tarixinin 160 illiyinə yekun vuran Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yeni dövrə yeni brendlə qədəm qoyub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən Bizplus-a bildirilib ki, bundan sonra şirkət “ASCO” adı ilə fəaliyyət göstərəcək. Rebrendinq layihəsi yalnız adın dəyişdirilməsi ilə bitmir. Belə ki, layihə çərçivəsində şirkətin loqosu və rəsmi internet saytı da yenilənib.
Yenilənmiş loqotipdə dənizçilik ruhu ilə milli ruh vəhdət təşkil edir. Ciddilik, dəqiqlik, gücü təcəssüm etdirən loqotip qurumun abreviaturası formasında dizayn edilib. Abreviaturadakı “O” hərfi lövbər və xilasetmə dairəsinin simvolik qarşılaşdırılmasından əmələ gəlib.
Obrazlı qarşılaşdırılmadan yaranan hərf emblemdə dövlət rəmzi sayılan bayrağımızın rənglərindən istifadə olunması millilik baxımından da diqqəti loqotip üzərində cəmləyir. Digər tərəfdən emblem vahid mərkəzdən idarəetməni, tamlığı, qurumun iş prinsiplərində hərtərəflilik, çeviklik, pozitivlik, dəniz nəqliyyatı sahəsində sabit dəyərlər üzərində dayanıqlılıq prinsiplərini təcəssüm etdirir. Simvolik olaraq lövbər və xilasetmə dairəsinin qarşılaşdırıldığı emblem özlüyündə etibarlılığın, tarazlılığın, stabilliyin, məqsədyönlülüyün ifadəsidir. Modern və minimalistik xarakter daşıyan loqotip, həmçinin müasir dövrün dizayn tələblərini özündə əks etdirir. Tipoqrafik hissə stilistika baxımından axıcılığı ilə loqotipi tamamlayır.
Brendinq elementlərinə yeni nəfəs, müasir və eyni zamanda milli kolorit gətirən şirkətin rəsmi internet səhifəsi də yeni dizayn və yeni “www.asco.az” adı ilə fəaliyyətə başlayıb. Yeni sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. Saytda ASCO-nun struktur bölmələri, donanmaların tərkibi, xidmətlərlə bağlı dolğun məlumatlarla yanaşı, fəaliyyət üzrə maliyyə və davamlı inkişaf hesabatları da ictimaiyyətə təqdim olunur. Daha zəngin bir dizayna malik olan sayt mövcud və potensial müştərilərlə interaktiv ünsiyyət qurmaq imkanı da təqdim edir. Bunun üçün saytda “Bizə yazın” bölməsi yaradılıb. ASCO-nun dünyaya açılan qapısı olan yeni saytda şirkətlə bağlı mütəmadi xəbərlər paylaşılacaq. Əsas səhifədə şirkətin 160 illik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən xüsusi foto-qalereya (timeline) da yer alıb. Bu qalereyanın köməkliyi ilə gəmiçiliyin üç əsri əhatə edən tarixinə virtual səyahət etmək mümkündür.
Yeni sayt populyar sosial şəbəkələrə inteqrasiya edilib. Belə ki, bütün səhifələri “Facebook”, “Twitter”, “Google +” sosial şəbəkələrində paylaşmaq imkanı yaradılıb.
Bununla belə, sosial şəbəkələrin populyarlığı nəzərə alınaraq, sayt şirkətin bütün sosial şəbəkə hesabları ilə (facebook, twitter, instagram, youtube) tam inteqrasiya edilib.
Funksionallığı ilə seçilən saytın üstünlüklərindən biri də istifadəçiyə axtardığı məlumatları qısa müddətdə tapmaq imkanı verməsidir. Ən son texnologiyalar əsasında yaradılmış saytda xəritə və faydalı linklər də mövcuddur.