Ukrayna alkoqol istehsalçı şirkətləri “Xortitsa” və “Nemiroff” Azərbaycan startapının texnoloji həllini istifadə edərək öz məhsullarını saxtakarlıqdan qoruya biləcəklər. Bunu “iQrex” startap layihəsinin rəhbəri Cəlal Rəhimov deyib.
Onun sözlərinə görə, “iQRex” proqram təminatı pərakəndə şəbəkələrdə satılan malların saxta olub olmadığını müəyyən etməyə imkan verir.
“Bu həllin Ukrayna bazarında tətbiqinə dair danışıqlar yaxın 1 ay ərzində baş tutacaq. O vaxtadək isə bu həllin tətbiqi “Millers Oils Azerbaijan” şirkətinin istehsal etdiyi məhsullarda tətbiq olunacaq. Bu layihənin icrasına dair artıq anlaşma memorandumu imzalanıb”, – deyə C. Rəhimov bildirib.
İstehsalçılara xüsusi proqram təminatı istifadə etmək təklif olunur ki, onun vasitəsilə üzərində qorunan kodlu stiker sifariş etmək mümkündür. Sistemdə blockchain texnologiyasından istifadə olunduğu üçün hər bir kod unikal sayılır, bu da onların təkrar çap olunmasının qarşısını alır. Bu stikerləri istehsalçı öz məhsulların üzərinə yapışdırır. Alıcı isə öz növbəsində “iQRex” mobil əlavəsini vasitəsilə stikerin üzərindəki kodu skan edərək məhsulun saxta olub olmadığını yoxlaya bilər.