Azərbaycanın “Can-Pa” qənnadı şirkəti 2019-cu ildə məhsullarının Rusiya, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərinə ixracını təşkil etmək niyyətindədir.
“Bizplus” bildirir ki, bu barədə Trend-ə şirkətin marketinq üzrə direktoru Günay Xələfzadə deyib.
Onun sözlərinə görə, hazırda “Can-Pa” xaricə mal tədarük etmir, lakin şirkət öz məhsullarının təşviqi və ixrac müqavilələrinin imzalanması üçün sərgilərdə fəal iştirak edir.
G.Xələfzadə xatırladıb ki, “Can-Pa”nın məhsulları – rahatluqum, marmelad, draje konfeti, həmçinin noğul Daşkənddə UZPRODEXPO qida sərgisində nümayiş etdirilib:
“Özbəkistan bizə yaxın ölkə olduğu üçün bu istiqamətdə ixrac təşkil etmək istəyirik. Biz UZPRODEXPO-nun təşkilatçılarına müraciət edərək 21-23 noyabr tarixlərində keçirilmiş sərgidə öz stendimizi açmışdıq”.
Marketinq üzrə direktor qeyd edib ki, 2019-cu ildə şirkət yerli istehsalı artırmaq, bununla da Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bazarlarına çıxmaq niyyətindədir:
“Şirkətimiz 2018-ci ilin 5-9 fevralında AzPromo-nun dəstəyi ilə Moskvada “Prodekspo” sərgisində iştirak etdi. 2019-cu ilin 17-21 fevralında isə Dubayda 24-cü “Gulfood” sərgisinə qatılmağı planlaşdırır”.
Onun sözlərinə görə, şirkət Özbəkistana ixrac həyata keçirmək üçün sertifikat alıb, hazırda isə Moskvaya tədarükün təşkili ilə bağlı danışıqlar aparılır.
Xatırladaq ki, “Can-Pa” MMC 2003-cü il martın 18-dən fəaliyyət göstərir. Qənnadı şirkəti həm istehsalatla, həm də pərakəndə satışla məşğuldur.