Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti Qətər Əmirliyində işgüzar səfərdədir.
Məlumata görə, missiya çərçivəsində nümayəndə heyəti Azərbaycanın Qətərdəki səfirliyinin dəstəyi ilə bu ölkənin Kənd Təsərrüfatı və Balıqçılıq İşləri nazirinin müavini Şeyx Falih Bin Naser Əl Tani və “Al Meera Group” şirkətinin baş icraçı direktoru Yusif Əli Əl Obaydan ilə görüşüb. Görüşdə Azərbaycanın bu ölkədəki səfiri Rəşad İsmayılov da iştirak edib.
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib: “Görüş keçirdiyimiz “Al Meera Group” şirkətinin sahib olduğu mağazalar şəbəkəsi Qətərlə yanaşı, Omanda da fəaliyyət göstərir. Holdinq Azərbaycan istehsalı olan məhsulları öz mağazalarında satmaqda maraqlıdır. Görüşdə bu mövzu üzərində də müzakirələr aparıldı. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan kənd təsərrüfatı və qida məhsullarını Qətər və Omanda fəaliyyət göstərən marketlər şəbəkəsində satışa çıxarılacaq.”