Azərbaycan iki ərəb şirkəti ilə pilot layihələr üzrə iş birliyi qurub

Date:

Paylaş:

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri Azərbaycanda bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına  300 milyon dollardan artıq sərmayə yatıracaqlar.

Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun iştirakı ilə Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələri Azərbaycan tərəfindən Energetika naziri Pərviz Şahbazov “ACWA Power” şirkətinin İdarə heyətinin sədri Mohammad Abunayyan və “Masdar” şirkətinin İcraçı direktoru Mohammed Jameel Al Ramahi imzalayıb.

Müqavilələrə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən, illik 1,4 mlrd. kvt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Qeyd edək ki, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların surətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 1209 nömrəli Sərəncamına uyğun olaraq, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq,  intensiv müzakirələr aparılıb. “ACWA Power”  və  “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyən edilib. İlk mərhələdə ölkədə müəyyənləşdirilmiş tariflərə uyğun qiymət təklifləri təqdim edən şirkətlər seçilib. İkinci mərhələdə investorlara verilməsi nəzərdə tutulan zəmanətlər və götürüləcək öhdəliklər, layihələrin həyata keçiriləcəyi ərazilər, habelə elektrik enerjisi  şəbəkəsində aparılacaq gücləndirmə işləri üzrə ən əlverişli təklifləri verən şirkətlər seçilib. Üçüncü mərhələdə  şeçilmiş şirkətlərlə şərtlərin daha da dəqiqləşdirilməsi və layihələrin iqtisadi cəlbediciliyinin artırılması məqsədilə danışıqlar aparılıb və bu mərhələnin yekunu olaraq, 2019-cu ilin 31 oktyabr tarixində şirkətlərin təklifləri olan zərflər açılıb.  “ACWA Power” və “Masdar” şirkətləri ilə  pilot layihələr üzrə əməkdaşlığa dair qərar qəbul edilib.

Layihələrin icrasına hazırlıq məqsədilə “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cı il  05 dekabr tarixli  1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın tərkibində fəaliyyət göstərən işçi qrupları tərəfindən  tədbirlər həyata keçirilir.

Qeyd edək ki, “ACWA Power” şirkəti hazırda qlobal miqyasda bərpa olunan enerji sahəsində 8.000 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30.200 MVt qoyuluş gücünə bərabər istehsal və 45 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir. “Masdar”  şirkəti  isə bərpa olunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4.000 MVt həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8.5 mlrd. ABŞ dolları məbləğində investisiya qoyuluşu həyata keçirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...