Əsas səhifə Biznes sahələri Texnologiya Azərbaycanı tərk edən İT mütəxəssislər harada və nə edir?

Azərbaycanı tərk edən İT mütəxəssislər harada və nə edir?

28169
Paylaş
fərhad ələkbərov

Xeberler.az saytına istinadən xaricə köçən İT mütəxəssilər barədə məqaləni təqdim edirik

Ramin Orucov

Ramin Orucovu yəqin ki, çoxlarımız tanıyırıq.  Belə ki,  Big Data üzrə İT mütəxəssis Azərbaycanda  təşkil olunan müxtəlif İKT layihə və tədbirlərin təşkilatçılığında yaxından iştirak edib.

O, uzun illər Azercell şirkətində İT sahəsi üzrə bölmə müdiri vəzifəsində çalışıb.

Ramin Orucov 4 ay  əvvəl Polşaya köçüb. Həmyerlimiz hazırda Varşavada Luxoft sirkətində Big Data mühəndisi işləyir.

Fərhad Ələkbərov

Rəqəmsal marketinq üzrə təlimləri ilə tanıdığımız mütəxəssis Fərhad Ələkbərov da ölkəni  tərk edib. Belə ki, həmyerlimiz ötən ildən ailəsi ilə ABŞ-a köçüb.

Öyrənirik ki, Fərhad Ələkbərov hazırda ABŞ-da rəqəmsal marketinq və marketinq yönümlü veb-saytların yaradılması ilə məşğuldur. O, ötən il sentyabr ayından rəsmi olaraq New America College-də çalışır.

Adil Əliyev

Adil Əliyev də Cənubi Koreyaya köçən İT mütəxəssislərimizdəndir.

Belə ki, həmyerlimiz 2 ilə yaxındır ki, Samsung Electronics şirkətinin baş ofisində veb platformalar qrupunda mühəndis (proqram təminatı üzrə) olaraq çalışır.

Qeyd edək ki,  Adil Əliyev 2006-cı ildən 2012-yə qədər Azərbaycanda İDRAK Texnoloji Transfer şirkətində  çalışıb. Bununla yanaşı,  mütəxəssis müxtəlif İT  layihələrdə iştirak edib.

O, həmçinin Azərbaycanda  müxtəlif universitetlərdə dərs də keçib.

Maraqlı bir faktı da öyrənirik ki,  Adil Əliyev Prezident yanında Dövlət idarəçilik Akademiyasında elə işə başladığı semestrin sonu kənarlaşdırılıb.

Onun ölkəni tərk etmədən öncə son iş yeri isə Azercell şirkəti olub.

Həmyerlimizlə söhbət zamanı öyrənirik ki, hələlik onun da ölkəyə qayıtmaq fikri yoxdur. Belə ki, bundan sonra da o, fəaliyyətinə xaricdə davam etməyi planlaşdırır.

Maraqlı ola bilər: Adil Əliyevlə müsahibə

İT mütəxəssis  Samsung şirkətindəki işindən razıdır. Deyir ki, peşəkarlarla çalışmaq və daim texnoloji trendləri izləmək zövqverici işdir:

“Nəinki trendləri izləmək, hətta trendləri yaradan komandanın  üzvü olmaq isə ayrı zövq verir”.

Xatırdaq ki, ötən günlərdə Samsung daha  2 yeni yeni smartfonunu təqdim etdi.

Qərib Mehdiyev

Azərbaycanın startap ekosistemindən tanıdığımız Qərib Mehdiyev də  uzun illərdir ABŞ-da yaşayır  və İT sektorunda çalışır.

O, WeTravel layihəsinin həmtəsisçisidir. Hazırda layihə ABŞ-dan idarə edilir.

Sabir Əlizadə

Azərbaycanda 6 ildən çox  müxtəlif  şirkətlərdə çalışan Sabir Əlizadə də Almaniyaya köçüb.

Keçmiş Qafqaz Universitetinin tələbəsi olan proqramçı hazırda Aachen şəhərində həm magistratura təhsili alır, həm də Software üzrə proqramçı işləyir.

Həmyerlimiz bildirib ki, təhsilini başa vurduqdan sonra öyrəndiklərini xaricdə tətbiq etməyi planlaşdırır.

Elxan Şahverdiyev

Xaricə köçən proqramçılardan biri də Elxan Şahverdiyevdir.  Öyrənirik ki, o,  hazırda Estoniyanın Tartu şəhərində Software engineer üzrə magistr təhsili alır.

Elxan Şahverdiyev həmçinin Belarusiya üçün developer xidməti də göstərir.

Həmyerilimiz deyir ki, ölkəyə qayıtmaq fikri yoxdur. O da fəaliyyətinə xaricdə davam etməyi planlaşdırır.

Rüfatət Babakişiyev

Azərbaycanın İT sektorunda öz fəaliyyəti ilə seçilən Rüfatət (Rüfət) Babakişiyev də bu yaxınlarda ölkəni tərk edib.

Həmyerlimiz hazırda Birləşmiş Ərəb Əmirliklərindədir.

Maraqlı ola bilər: Xaricdə uğur qazanmış Azərbaycanlı gənclər