Əsas səhifə Biznes Müsahibə Azərbaycanda startupların və internet bizneslərin əsas problemləri hansılardır?

Azərbaycanda startupların və internet bizneslərin əsas problemləri hansılardır?

285
Paylaş

Müsahibimiz sahibkar və marketoloq   Rəşad Camaldır.

  • Rəşad bəy, özünüz haqqında məlumat verərdiniz. Biznesə gəlməmişdən öncə Rəşad Camal nə ilə məşğul idi?

   Biznesə gəlməmişdən öncə marketinqə çox böyük marağım var idi. Lakin bu maraq ənənəvi marketinqə deyil, onun xüsusi bir sahəsi olan Korporativ Sosial Məsuliyyət qarşı idi. Korporativ Sosial Məsuliyyət sahəsində  məni cəlb edən, bu prosses vasitəsi ilə şirkətlər marketinq etməklə yanaşı, müəyyən bir dəyərdə yaratmasıdır və düşünürəm ki, bu sahə hazırda dünyada aktual olan mövzulardan biridir. Həmin dövrdə Azərbaycanda bu sahədə demək olar ki, məqsədli şəkildə heç bir iş görülmürdü. Düzdür, bəzi şirkətlər çox gözəl “KSM”layihələr həyata keçirirdilər, amma bu daha məqsədli şəkildə yox, sırf təsadüf nəticəsində baş tuturdu.

   Mən 2009-cu ilə qədər müxtəlif yerlərdə işləməklə bu sahə üzrə təcrübə topladım. 2009-cu ildə isə “KSM Azərbaycan” şirkətini yaratdıq. Bu şirkət digər təşkilatlara Korporativ Sosial Məsuliyyətli marketinq tədbirlərinin, kampaniyalarının keçirilməsində köməklik göstərirdi və bu bazarda demək olar ki, yeganə şirkət olmaqla bərabər kifayət qədər faydalı işlər görməyə nail olduq.

  • Növbəti biznesinizi nə vaxt yaratdınız?

            Bu biznesin yaradılması sırf təsadüf nəticəsində oldu. Biz 2010-cu ildə radio verlişlərinin birində KSM, çirkli pulların yuyulması və s. haqqında danışırdıq və təsadüfən, söhbət çirkli pulların yuyulmasının qarşısının alınması istiqamətində atılan ən effektiv addımlardan biri qeyri-nəğd ödənişlərin artırılması və bu istiqamətdə də qurula biləcək ən yaxşı startaplardan biri də ecommerce şirkəti ola biləcəyi fikirinə yönəldi. Bu görüşdə təklif olundu ki, belə bir şirkəti biz yaradaq, mən bu haqqda öncədən heç düşünmədiyim üçün bu təklif mənə yad gəldi. Lakin görüşdən dərhal sonra dostlarımdan biri mənimlə əlaqə saxlayıb, bu işi birlikdə görmək üçün təklif irəli sürdü, məndə ondan düşünmək üçün vaxt istədim. Beləcə, biz 2011-ci ilin əvvəlində ecommerce ilə bağlı şirkəti – “Shoperra.az” yaratdıq. Bazarda bu şirkətlə kifayət qədər uğur qazanmağımıza baxmayaraq, bazarın startuplar üçün münbit olmamasının da şahidi olduq.

  • Sizin fikrinizcə, Azərbaycanda niyə görə digər ölkələrdəki kimi ecommerce inkişaf etmir?

Bunun əsas səbəbi bazarın çox kiçik , vergi yükünün isə çox olması ilə bağlıdır. Yeni yaranan şirkətlər dövlətə ödənilən rüsumları daşımaqda çətinlik çəkirlər. Həmçinin, Azərbayanda belə bir faktorda vardır ki, ecommerceni mal ilə təmin edən şirkətlər, bu şirkətlərindən fərqli olaraq, iri şirkətlərə daha sərfəli endirimlər edirlər. Bu isə malin qiymətinə birbaşa təsir etdiyindən, ecommece şirkətlərinin təklif etdiyi məhsullar avtomatik olaraq cəlbedici olmur.

  • Rəşad bəy, Azərbaycanda yeni yaranan bizneslərin, startupların və kiçik şirkətlərin əsas problemi nədən ibarətdir?

        Bu problemləri sıralasaq, əsas üç istiqamətdə problemlər vardır:

  1. Vergi yükünün çox olması. Hazırda olan vergi yükü (ƏDV, mənfəət və sadələşdirilmiş vergi) yeni yaranan şirkətlər üçün olduqca yuxarıdır. Hətta qonşu ölkələrin təcrübəsidə göstərir ki, bu tip şirkətlərin inkişafı üçün xüsusi şərait yaradılmalıdır, əks halda 18% ƏDV ilə ecommercenin inkişafı demək olar ki, belə kiçik bazarda mümkün deyildir.
  2. İkinci ciddi məsələ Dövlət Sosial Müdafiə Fondunun xərcləri ilə bağlıdır. Düşünürəm ki, bu faizlərdə yeni yaranan və kiçik şirkətlər üçün olduqca yuxarıdır. Fərz edin ki, bir işçinin əmək haqqısının 40%-dən artıq bir hissəsi bu tip xərclərə gedir, halbuki yeni yaranan şirkətdə hər qəpik xərc olduqca əhəmiyyətlidir.
  3. Gömrük sistemi ilə bağlı çətinliklər. Düzdür, bu sahədə də islahatlar aparılsa da,  görüləcək hələki çox işlər vardır. Bu problemlərin bir hissəsi bəzi gömrük işçilərinin reallığa uyğunlaşa bilməməsi ucbatından sahibkarları incitməsi ilə nəticələnir və sahibkarların kifayət qədər vaxtları məhkəmələrdə keçir, bu da onların mallarının gömrük məntəqələrində günlərlə qalmasına, əlavə xərclərə gətirib çıxarır.

Problemlər çoxdur, bu sahədə dünya təcrübəsi onu göstərir ki, startupların və yeni yaranan şirkətlər üçün münbit zonalar yaradılmalıdır. Buna misal olaraq, bizə yaxın olan Belarusiyanı, Gürcüstanı göstərmək olar. Bu ölkələrdə yaradılan eko sistemlər həm xüsusi vergi şərtləri, həm iş şəraiti, həm də qeyri-maddi aktivlərlə təmin edilməsi məsələləri daha uyğun formatda təqdim edilir. Gələcəkdə, məhz bu tip eko sistemlər ölkələrin tapdığı yeni “neft yatağı” ola bilər. Misal üçün artıq Belarusiyanın “Hi-tech” parkını göstərmək olar, onun dövriyyəti, təkcə 2018-ci ilin birinci yarısında 1.4 mlrd. dolları keçib. Bu kiçik ölkə üçün böyük bir göstəricidir, nəzərə alsaq ki, bu proyekt hələki yeni başlamışdır və öz bəhrəsini yaxın illərdə daha da artırmağı düşünür.

  • Gələcək planlarınız haqqında danışa bilərsinizmi?

Hazırda yeni bir startup üzərində işləyir və araşdırmalar aparırıq. Düşünürük ki,  Azərbaycanda mağazalardan malların sifarişi ilə bağlı yenilik edək. Bizim fikrimizcə, bu sahəyə, tələbat vardır. Hələki çox detallara getmək istəməzdim. Proyektə start verdikdən sonra onun işləmə mexanizmi ilə bağlı artıq hər kəs tanış olmaq şansı qazanacaqdır.  

  • Gənclərə məsləhətiniz nə olardı?

Açığı məsləhət verməyi xoşlamıram, amma bir vacib tövsiyyəm var: “”Google” ilə dostluq edin. Orada, sizə lazım bütün suallara cavab tapa bilərsiniz, yetər ki, buna istək və niyyət olsun.