Əsas səhifə Vergi Azərbaycanda “Firma mağazası mexanizmi” geniş yayılıb

Azərbaycanda “Firma mağazası mexanizmi” geniş yayılıb

53

2019-cu ildən qüvvəyə minmiş vergi qanunvericiliyinə görə, pərakəndə ticarət ilə məşğul olan şəxslər topdansatış və ya istehalçı şirkətlərdən malların alışına dair elektron qaimə-faktura tələb etməlidirlər. Amma “Bizplus.az”ın əldə etdiyi məlumata görə, hələ də bir sıra pərakəndə ticarət mağazaları malları rəsmi şəkildə almaq istəmirlər. Təbii ki, burada məqsəd vergidən yayınmaqdır. Əksər mağazalar iki mühasibatlığa malikdirlər, satılan malların böyük hissəsinə görə nəzarət-kassa aparatının qəbzi təqdim edilmir. Bir sıra mağazalarda alıcılara təqdim edilən qəbzlər nəzarət-kassa aparatının deyil, mağazanın öz daxili sisteminin tərtib etdiyi çekdir.

Topdansatış mərkəzləri, xüsusilə istehsal şirkətləri isə mallarını mağazalara satmaqda maraqlıdırlar. Bəs pərakəndə alıcılar malları elektron qaimə-fakturasız və aktsız almaq istəyirsə topdan satışçı mallarını necə satsın?

Bildiyimiz kimi, malların elektron qaimə-fakturasız və aktlarsız alış-satışına görə maliyyə sanksiyaları nəzərdə tutulub. Həm pərakəndə ticarət, həm də topdansatış ilə məşğul olan şəxslər bunu bilirlər. Topdan satışla məşğul olan üçün elə bil yol olmalıdır ki, həm mallarını elektron qaimə-fakturasız satsın, həm də aparılan bu satışa görə vergi orqanı maliyyə sanksiyası tətbiq edə bilməsin. Belə bir yol tapılıb: Firma mağazası. Ötən il Azərbaycanda firma mağazalarının sayının artması boşuna deyilmiş.

Bir sıra istehsalçı şirkətlər malları pərakəndə satış mağazalarına “firma mağazası mexanizmi” vasitəsilə satırlar.

Mexanizm belə işləyir. Tutaq ki, pərakəndə satış mağazası 10 qutu araq istəyir. İstehsalçı şirkət daxili qaimə ilə 10 qutu arağı özününü firma mağazasına göndərir. Firma mağazası əsasən pərakəndə satış üçün nəzərdə tutulduğundan alıcıya  nəzarət-kassa aparatının çeki təqdim edilməlidir. Öz firma mağazasına göndərilən  10 qutu araq guya hansısa vətəndaş tərəfindən alınır və bu alışa görə kassa çeki vurulur. Sonra mallar sifarişiyə göndərilir. Vəssalam. Əslində mallar fiziki şəkildə firma mağazasına göndərilmir, istehsalçı şirkət tərəfindən birbaşa sifarişçinin mağazasına çatdırılır. Hər şey sənəd üzərində baş verir. Firma mağazasından malları alan sıravi vətəndaş deyil, pərakəndə satış mağazasıdır. “Firma mağazası” mexanizmi ilə pərakəndə satış görüntüsü yaradılır, əslində əməliyyat topdansatışdır. Vergi orqanının işçisi istehsalçıya “sıravi vətəndaş bu qədər malları nə üçün alır?” iradını tuta bilməz.  Vətəndaşlar da məbləğə məhdudiyyət qoyulmadan külli miqdarda və ya məbləğdə mallar ala bilərlər.

Verilən məlumata görə, istehsalçı şirkətlərdə bir nəfər satışları firma mağazasının kassasına daxil etməklə məşğuldur. Hər gün mağazalardan verilən sifarişlər bu mexanizm ilə alıcılara çatdırılır. Pərakəndə satış mağazaları malları kasa çeki ilə qəbul edirlər.

Bəs pərakəndə satış mağazaları kasa çeki ilə qəbul etdikləri malları necə gizlədirlər?

Bunun üçün də “mexanizm” müəyyən edilib. Mağaza topdansatış şirkətindən bir dəfə qaimə alır, daha sonra bu qaimə üzərindən dəfələrlə dövriyyə aparılır. Tutaq ki, 10 qutu araq üçün topdansatıcıdan bir dəfə elektron-qaimə və akt əldə edilir.  Bundan sonra mağaza araqları elektron qaiməsiz, yəni kassa çeki ilə alıb satır.  Vergi orqanı qəfil yoxlama apararaq mağazadakı araqlara görə sənəd tələb etdikdə ilk dəfə alınmış qaimə götərilir. Vergi orqanı mağazada 4 qutu araq olduğunu müəyyən edibsə, guya bir dəfə alınmış qaimə ilə əldə edilmiş 10 qutu araqdan 6 qutusu satılıb, 4 qutusu qalıb. Bəlkə də, mağaza qaiməni aldığı tarixdən sonra  100 qutu araq atıb.

Qeyd edək ki, Vergilər Nazirliyi 2020-ci ildən Malların, işlərin və xidmətlərin təqdim edilməsi elektron qaiməsində barkod tələbinin tətbiqinə başlayıb. Bu tələbə görə, mağazadakı malların barkodları qaimələrdəki barkodlarla eyni olmalıdır. Bu tələbin “firma mağazası mexanizimi”nə əngəl olub olmayacağını zaman göstərəcək.