Əsas səhifə Xəbərlər Azərbaycan və Çin arasında mühüm Pekin anlaşması

Azərbaycan və Çin arasında mühüm Pekin anlaşması

233
Paylaş

Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar

Yanvarın 16-da Pekində Azərbaycan Turizm Bürosu, Azərbaycan Hava Yolları (AZAL) və Çin Xalq Respublikasının aparıcı turizm şirkəti olan “ETI-Holidays” (Beijing HUAYUAN International Travel co., LTD) arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.

“Bizplus.az” xəbər verir ki,Azərbaycan Turizm Bürosundan “Marja”ya daxil olmuş məlumata görə, Memorandumda Pekin-Bakı təyyarə uçuşlarında çinli turistlərin Azərbaycana səfəri və Bakı üzərindən digər ölkələrə səfərinin təşkil edilməsi ilə Bakının tranzit rolunun artırılması nəzərdə tutulur.

Eləcə də “ETI-Holidays” şirkəti Azərbaycanın turizm potensialının təbliğinə və yeni destinasiya brendinin yerli turistlərə tanıdılması işinə dəstək verməyi öhdəsinə götürür.

Tədbirdə Azərbaycan Respublikasının ÇXR-dəki səfirliyinin, ticarət nümayəndəliyinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndə heyəti iştirak edib.

“Memorandum Azərbaycan və Çin arasında turizm əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir”, – Büronun məlumatında bildirilir.

Məlumat üçün bildirək ki, 2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb.