Avronu vahid valyuta kimi qəbul etmiş 19 ölkədə (avrozona) işsizlik səviyyəsi bu ilin avqust ayının yekununda 7,4% təşkil edib ki, bu da iyul ayına nisbətən 0,1 faiz bəndi azdır.
Bu barədə Avropa Statistika İdarəsi (“Eurostat”) məlumat yayıb.
Məlumata görə, hazırda avrozonada işsizlik səviyyəsi 2008-ci ilin may ayından bəri ən aşağı həddədir.
Avropa İttifaqına (Aİ) daxil olan 27 ölkədə isə işsizlik səviyyəsi avqustun sonunda 6,3% olub. Bu da iyul ayı ilə müqayisədə 0,1 faiz bəndi azdır.
Sentyabrın 1-nə Aİ-də işsiz vətəndaşların sayı 15,432 milyon nəfər olub ki, bunun da 12,169 milyon nəfəri avrozonada yaşayır. Bu rəqəmlər yaşı 25-ə qədər olanlar üzrə müvafiq olaraq 3,138 milyon nəfər və 2,202 milyon nəfərdir.
Hazırda Aİ-də ən aşağı işsizlik səviyyəsi Çexiyada (2%), Almaniyada (3,1%), həmçinin Malta və Polşada (3,3%), ən yüksək işsizlik səviyyəsi isə Yunanıstanda (17%) və İspaniyada (13,8%) qeydə alınıb.