Əsas səhifə Biznes sahələri Avtomobil Audi şirkəti Al:me konsepti barədə məlumatı açıqlayıb

Audi şirkəti Al:me konsepti barədə məlumatı açıqlayıb

111
Paylaş

Audi şirkəti meqaşəhərlər üçün nəzərdə tutulan yığcam avtomobillərin dizayn və texnologiyalarının inkişaf vektorunu nümayiş etdirən Al:me konsepti barədə məlumatı açıqlayıb.

Bu konseptlə birlikdə istehsalçı 10-15 il irəliyə nəzər salir. Audi şirkəti gələcəkdə pilotsuz nəqliyyat vasitələrinin əyləncə, ünsiyyət və dincəlmək vasitəsinə çevriləcəyindən əmindirlər.

Audi Al:me MEB modul platformasında inşa edilib. Bu platforma Volkswagen ID. hetçbekinin və Seat el-Born elektrokarının da əsasını təşkil edir. Hətta, modellərin ölçüləri də bənzərdir. Al:me konseptinin uzunluğu 4300 millimetr, eni – 1900 millimetr, hündürlüyü isə 1520 millimetrdir. Modelin təkər bazası da adı çəkilən konseptlər ilə eynidir – 2770 millimetr. Konsept arxa oxda quraşdırılmış 170 at qüvvəli elektromotor ilə hərəkətə gəlir. Avtomobil 23-düymlük təkər diskləri və adaptiv amortizatorlar ilə təchiz edilib.

Audi Al:me kuzovboyu yerləşdirilmiş işıqdiodlarından elementlərdən və mikroproyektorlardan digər hərəkət iştirakçıları ilə ünsiyyət qurmaq üçün istifadə edir. Onlar günün qaranlıq vaxtlarında avtomobili işıqlandıra, həmçinin piyadaları yolu təhlükəsiz keçmək imkanı barədə məlumatlandıra bilərlər. Konseptin kuzovu tərkibinə polad, alüminium və plastik daxil olan çoxkomponentli materialdan hazırlanıb.

Al:me modelinin oturacaq formulu 2+x kimi müəyyən edilib. Bu, avtomobildə daim ön oturacaqların mövcud olduğundan, ikiyerli arxa divanın isə gərək olduqda əlçatan olmasından xəbər verir. Hetçbekin daxili məkanını istənilən formada konfiqurasiya etmək olar.

Audi Al:me prototipinin dördüncü səviyyə avtonom idarəetmə sistemi ilə təchiz olunduğu ehtimal edilir. Avtomobil şossedə və ya şəhər daxilindəki xüsusi zonalarda avtomatik rejimdə hərəkət edə bilər. Konseptin avtonom idarəetməyə cavabdeh olan sistemləri süni intellektə əsaslanır və öz biliyini artırmaq qabiliyyətinə malikdirlər.

Audi gələcəyin avtomobilinin ev və iş yerindən sonra “üçüncü həyat məkanı” olacağından əmindir. Bu səbəbdən də, şirkət mühəndisləri Al:me modelini baqajı saxlamaq üçün bölmələr olan geniş salon, fincanları asmaq üçün maqnit tutucular və launc-kreslolar ilə təchiz ediblər. Salon tərtibatında tekstil, süni Corian akril daşı, ağac və şüşədən istifadə edilib. Bundan başqa, ilk dəfə olaraq, bitkilər avtomobil interyerinin bir hissəsi kimi çıxış edib.

Elektron sistemləri ilə qarşılıqlı əlaqə səs komandaları, baxışın izlənməsi və qapılardakı  toxunuşa həssas panellər vasitəsi ilə həyata keçirilir. Audi Al:me üçölçülü OLED-displey, virtual reallıq eynəkləri və aktiv səs-küy boğma funksiyası olan audiosistem ilə təchiz edilib.