Audi şirkəti ilin sonuna qədər RS indeksinə malik olan altı yeni modeli nümayiş etdirəcəkdir. Onlardan bir neçəsi bir aydan sonra fəaliyyətə başlayacaq Frankfurt avtosalonunda geniş kütlə qarşısına çıxacaqdır.
Fotocəsusların çəkdikləri şəkillərə istinad etsək, bu modellərdən ikisinin Q3 ailəsinə aid olduğunu söyləmək olar. Yaxın zamanlarda Audi RS Q3 və RS Q3 Sportback modellərinin debütü gözlənilir. Hər iki krossover 400 at qüvvəsinə malik olan 2,5-litrlik benzin turbomühərriki ilə təchiz ediləcəkdir.
Çox güman ki, RS ailəsinin yeni bayraqdarı RS Q8 krossoveri olacaqdır. Böyük ehtimalla, bu krossover də RS6/RS7 modelləri ilə eyni güc aqreqatına sahib olacaqdırlar.
Yəqin ki, RS ailəsinin altıncı üzvünün Audi RS4 Avant modelinin olacağını söyləməyə ehtiyac yoxdur. Yenilənmiş Audi S4 modelindən sonra, məntiqə uyğun olaraq, növbə RS4 Avant modelinindir. Böyük ehtimalla, RS4 Avant 444 at qüvvəli 2,9-litrlik V6 biturbomühərrikinə sahib olacaqdır.