“AtaHolding” MMC “Aikon Cpit” MMC-ni məhkəməyə verib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən holdinq “Aikon Cpit” MMC-yə qarşı 52 min 973 manat ödənilməmiş icarə haqqı borcun tutulması barədə tələb irəli sürüb.
Məhkəmə tərəfindən müəyyən edilib ki, iddiaçı “AtaHolding” MMC tərəfindən cavabdehə sənədlərin təqdim olunması barədə poçt xəbərnaməsinin qoşmada göstərilməsinə baxmayaraq, ərizəyə əlavə olunmayıb.
Həmçinin, məhkəmə tərəfindən holdingin iddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən olunub ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubunun təqdim olunması barədə sənəd əlavə edilməyib.
Qərara əsasən, “AtaHolding” MMC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.
Xatırladaq ki, “AtaHolding” 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlayıb. Holdinq iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. “Aikon Cpit” MMC isə tikinti şirkəti kimi fəaliyyət göstərir.