Aston Martin şirkəti özünün ilk krossoveri olan DBX modelinin ilk sınaq nüsxələrinin istehsalına başlayıb. Avtomobillər britaniya markasının Seynt Atan şəhərindəki yeni zavodunda yığılırlar.
Aston Martin DBX krossoveri 2019-cu ilin sonunda debüt etməlidir. 2020-ci ilin ortasında isə modelin seriya istehsalına start veriləcəkdir. 2022-ci ildə isə, Aston Martin DBX krossoverinə Vision və All-Terrain konseptlərinin üslubunda inşa ediləcək Lagonda modelləri qoşulacaqdırlar.
İstehsalçı krossover üçün tamamilə yeni platforma hazırlayıb ki, sonradan bu platformadan dirçəldilmiş Lagonda modellərinin inşa ediləcəyi bildirilib. İlkin məlumatlara görə, Aston Martin DBX krossoveri DB11 modelindən alınmış benzin mühərrikləri ilə təchiz ediləcəkdir. Hazırda Aston Martin DB11 sportkarı britaniya markasının öz istehsalı olan V12 mühərriki və AMG şirkətindən alınan V8 biturbomühərriki ilə təklif edilir.
2020-ci ildə krossover Daimler AG konserninin elektrik hissəsini hazırladığı hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Tam elektrik güc aqreqatları isə Lagonda modellərinə qismət olacaqdır.