Əsas səhifə Biznes Müsahibə “Artan risk artan gəlir deməkdir” – Uğur hekayəsi

“Artan risk artan gəlir deməkdir” – Uğur hekayəsi

349
Paylaş
Elvin Əliyev: “Hər şeyi dayandırıb sıfırdan başlamaq ruhlandırıcıdır və bəşəriyyətin irəli getməsi üçün labüddür”
Uğurludur. Amma məqsədi uğura çatmaq deyil, onunla işləməkdir. Məhz bu səbəbdən onun uğur formulu yoxdur. Deyir ki, uğur bir kağızda yazılmış formul ilə izah olunsaydı, o formulun kitabını almaq üçün bütün pullarımı verərdim. Ona görə, uğur fəlsəfə, mentalitet, düşünmə tərzidir.
Müsahibimiz Kanadada Moirai Reach İmmiqrasiya Konsaltinq Şirkətinin parntyoru Elvin Əliyevdir.
Həmsöhbətimiz dünyanın ilk telekommunikasiya şirkəti olan Bell Kanadada marketinq departamentində strateji müşavir işləyib. Kanada bazarında şirkətin telekommunikasiya tarif və məhsullarının bazara çıxışını təmin edib. 2017-ci ildə Torontoya köçüb. Azərbaycanda isə Rabitə Nazirliyinin Azintelekom şirkətində Marketinq Direktoru, mobil operatorların birində məhsulların inkişafı şöbəsinin müdiri kimi işləyib: “Bu işlərlə paralel olaraq ADA Universitetində bakalavr və biznesin idarəedilməsi üzrə magistraturada (MBA) müəllimlik etmişəm. Təhsilimi Amerika Birləşmiş Ştatlarında Dövlət Departamentinin Edmun S. Muskie təqaüdü ilə almışam və oxuduğum zaman ABŞ Federal Bankının İqtisadi Araşdırmalar Departamentində iqtisadiyyat və maliyyə sahəsində araşdırmaların aparılması ilə məşğul olurdum”.
Həmsöhbətimiz həm də 2016-cı il ASPEN İnstitutunun Liderlər Təqaüdü proqramının məzunudur.
– Elvin bəy, tərcümeyi-halınız çox zəngindir. Maraqlıdır, ilk pulunuzu nə vaxt qazanmısınız?
– Pul qazanmağa 18 yaşında başladım. Universitet illərimdə abituriyentlərə riyaziyyatdan məşğələlər keçirdim. İlk məşğulluq yerim isə sığorta şirkətində olub. Orada aviasiya sığortası sahəsində müqavilələr və sığorta sertifikatlarının hazırlanmasına məsul idim. Hazırda mənə asan görünsə də, həmin iş 19 yaşım üçün çox maraqlı idi.
– Müəllimlik, sığorta, telekommunikasiya və immiqrasiya mütəxəssisi… Fərqli sahələrdir. Fərqlilik maraqlı olduğu qədər də çətindir. O çətinliklər sizi qorxutmurdu ki?
– Qətiyyən! Əslində maneələr bizi gücləndirir. Düşünürəm ki, çətinlik və səhvlərin yoxluğunda keçirdiyin həyatın marağı da olmaz.  İnanıram ki, maneələrin əksəriyyəti gerçəklikdən çox insanların şüraltında formalaşır. Mənim üçün maneəni görüb yoldan çəkinmək həyatda uduzmağı etiraf etməkdir. Düzdür, maliyyə sahəsindən marketinqə keçid çox maraqlı transformasiya idi. Lakin, məhz maliyyə biliklərim mənim marketinq aləmində də irəli getməyimə kömək oldu.
– Belə çıxır ki, risk etməyi sevirsiniz…
– Biznes dilində desək, risk düzgün hesablanırsa, artan risk artan gəlir deməkdir. Düzgün planlaşdırılmış və bütün risklərin nəzərə alınması ilə atılan addımları çox sevirəm. Gözübağlı, cari status və vaxta söykənən planlamalar təbiətimdən uzaqdır.
– Moirai Reach İmmiqrasiya Konsaltinq Şirkəti Kanadada hansı işləri həyata keçirir?
– Kanadada biznes partyorumla birlikdə immiqrasiya şirkətini açdıq. Şirkətin həmtəsisçisi Ruslan İsmayılzadə immiqrasiya, qaçqınların müdafiəsi və təmsilçiliyi, həmçinin vətəndaşlıq hüququ ilə məşğul olur. Mənim rolum biznes immiqrasiyasıdır. Məsələn, elə xarici şirkət, təşkilat ola bilər ki, o biznes fəaliyyətini və məkanını Kanadanın böyük şəhərlərindən birində açmaq istəyər. Eləcə də özfəaliyyətlə məşğul olan “frilanslar” bazarını dəyişib Kanadaya köçmək istəyir. Yeni biznesmenlər də bu kateqoriyaya aiddir.  Bu cür fiziki və hüquqi şəxslərin bütün biznes transformasiyası, onların Kanadada hüquqi statuslarının formalaşması və bizneslərinin Kanadada açılması ilə məşğul oluram. Həqiqətən də çox maraqlı işdir. Qlobal bazar ilə işləmək çox fərqlidir. BƏƏ, Mərakeş, İtaliya, Rusiya, Macarıstan, Hindistan, Pakistan və Çin kimi ölkələrdən rəqabətə davamlı müştərilərimiz olub. Hazırda üç lisenziyalı agentimiz və iki agentliyimiz var, biri Torontoda, biri isə Heydərabaddadır (Hindistan). Birini isə tezliklə Dubayda (BƏƏ) açmağı planlaşdırırıq.
– Bu insanların immiqrasiyasını təmin edib onları Kanadaya yeni həyata başlamağa gətirirsiniz. İmmiqrantlar ölkəyə gələrkən uğurlu iş və münasibətlər qurmaq üçün nələrə riayət etməlidirlər?
– İmmiqrant mütləq yeni gəldiyi ölkənin mədəniyyətinə inteqrasiya etməlidir. Kanada çox inkluziv ölkədir və dünyanın hər bir mədəniyyəti burada öz əksini tapır. Bir rayondan o biri rayona keçərkən, İsrail mədəniyyətindən Karib mədəniyyətinə keçid etmiş olursan. İnkluzivlik və multikulturallıq Kanadanın nəbzi və gözəlliyidir. Bu cür mədəniyyətlərin kombinasiyası və bir arada yaşaması özü-özlüyündə  bir mədəniyyətdir. Bunu dərk etmək, buna uyğun davranmaq mütləqdir. Məsələn, Bell şirkətində işləyəndə mənim rəhbərliyimlə buraxılan məhsulun reklamını ən azı səkkiz dildə edirdik. Bu, Şimali Amerikaya məxsus olan misilsizlik və müxtəliflikdir. Mədəniyyətlərin bir yerdə belə yaşamasını Avropa, Asiya və dünyanın digər yerlərində tapmaq çox çətindir.
– Karyeranıza 18 yaşınızda başladığınızı dediniz. Sizcə, karyera qurmaqda hər hansı yaş həddi varmı? 
– Düşünürəm ki, hər kəs dünyaya gələndə bərabər hüquqlu olur və hər bir şəxs öz xoşbəxtliyinin təminatı üçün atacağı addımlarda azaddır. Bu prinsip ilə yaşayan insanlar anlayır ki, karyera, biznes və ya sənət seçimi üçün nə yaş, nə sosial durum, nə də insan irqi maneə ola bilməz. Hər şeyi dayandırıb sıfırdan başlamaq ruhlandırıcıdır və bəşəriyyətin irəli getməsi üçün labüddür.
– Vaxta söykənən planlamalar təbiətimdən uzaqdır dediniz. Uğur qazanmaq üçün mühüm məqamlardan biri də vaxt bölgüsü, qrafikdir. Bunu necə tənzimləyirsiniz?
– Nə qədər ticari səslənsə də, qrafik və vaxt bölgüsünü elə qurmaq lazımdır ki, gəlir gətirən işlər prioritet olsun. Bu, mənim devizimdir. Bundan əlavə, əgər öz sevdiyiniz işlə məşğulsunuzsa, orada hər bir fəaliyyəti sevə-sevə həyata keçirirsiniz. Bu zaman vaxt sizə mane olmur. Elə olub ki, mən gecə səhərə qədər işləyib günə kofe içməklə davam etmişəm, amma işimi də axsatmamışam.
– Sizcə, uğurun sirri çox çalışmaqdır, yoxsa düzgün çalışmaqdır? Öz işinizdə bunları necə ayırırsınız? 
– Uğurun sirri həvəsdədir. Həvəs varsa, çox çalışırsan və məntiqi olaraq daha çox səhv etmiş olursan. Həvəsli insan səhvlərin üzərində öyrənir və bu yolla düzgün çalışmağı vərdiş edir. Eyni zamanda, ətrafında güvənə biləcəyin kəsləri toplamaq da bu həvəsi daha da artırır və məhsuldar bir prosesə çevirir.
– Ətrafına güvənə biləcəyin insan toplamaq asan proses deyil. Sizcə, ətrafın insan həyatında, karyerasında rolu nə qədərdir?
– İnsan sosial varlıqdır, cəmiyyətdə formalaşır. Dost və çərçivənin gücünü immiqrantlar çox yaxşı anlayır. İmmiqrantlar cəmiyyətə köçəndə çox maraqlı bir vakuuma düşürlər. Bir tərəfdən öz ölkəsindəki çevrəsini geridə qoyub yeni ölkəyə köçürlər, digər tərəfdən isə yeni gəldiyi ölkədə adaptasiya  və yeni ətraf toplamaq üçün minimum bir ilə qədər vaxt lazımdır. Bu müddət ərzində immiqrantların əksəriyyəti rəqabət hissini itirmiş olurlar. Rəqabətlilik hissi olmayanda irəliyə addımlamağa da həvəs olmur. Bu motivasiya hissi yeni cəmiyyətdə ətraf və çevrə qurduqca yenidən oyanır. Bu cür təcrübə və eksperimentdən sonra əminliklə demək olar ki, çevrənin rolu böyükdür.
– Bəzi insanlar düşünür ki, uğur çarxına düşdünsə, belə də gedəcək. Sizcə, bu həqiqətən belədir?
– Hər zaman eşitdiyimiz bir fikirdir ki, uğur çarxına insanlar düşür və bu yol onları daim müşayiət edir. Lakin öz təcrübəmdən əsaslanıb deyə bilərəm ki, mən həmin uğur çarxının nə olduğunu bilmirəm. Tərcümeyi-haldakı hər bir nailiyyətin arxasında əlbəttə ki, saysız hesabsız uğursuzluq, yanlışlıq və nəticəsiz cəhdlər olub. Uğur çarxına düşənlər varsa, bu, olduqca gözəldir (güman edirəm ki, bu çox nadir hallarda olur…). Bu çarxa düşməyənlər isə güclərinə inanıb uğurlarının hekayəsini özləri yazmalıdırlar.
– Uğur çarxına deyil, gücünüzə inanıb hekayəni yazanlardansınız. Bəs sizin formulunuz varmı?
– Uğurun formulu mənə aydın deyil. Uğur qazanmaq demək yerində dayanmaq demək deyil. Məncə, uğur nöqtə yox, bir prosesdir. Uğura çatmaq yox, onunla işləmək lazımdır. Ona görə də mənim belə uğur formulum yoxdur. Digər tərəfdən, uğur bir kağızda yazılmış formul ilə izah olunsaydı, o formulun kitabını almaq üçün bütün pullarımı verərdim. Lakin, bir vərəqə uğur formulu sığmaz. Uğur bir fəlsəfədir, mentalitetdir və düşünmə tərzidir.
Aygün ƏZİZ