“Azərbaycanda aqrar sığortanın tətbiqi ilə bağlı gələn ildən özəl sığorta şirkətlərinin yaradacağı idarəedici şirkət fəaliyyətə başlayacaq. Bu şirkət aqrar sığorta hazırlayacaq və onları Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fonduna təqdim edəcək”.
Bunu jurnalistlərə açıqlamasında Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.
“Fond həmin məhsulları təsdiqlədikdən sonra idarəedici şirkət onları satışa çıxaracaq. Sığorta hadisəsi baş verdikdə isə zərərin məbləğini həmin şirkət deyil, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi müvafiq imtahandan keçmiş və sığorta eksperti kimi qeydiyyata alınmış müstəqil qiymətləndiricilər müəyyən edəcək. Bunun üçün həm elektron sistem, həm də müvafiq qaydalar var. Son nəticədə fermerlər ədalətli və qabaqcadan ehtimal edə biləcəkləri şərtlər daxilində sığorta ödənişi veriləcək”, – deyə o, qeyd edib.