“Apple” şirkəti Texas ştatının Ostin şəhərində yeni binalar kompleksi inşa edəcək. O, yeni “Apple MacBook Pro” noutbuklarının yığıldığı zavodun yaxınlığında tikiləcək. Şirkət rəhbəri Tim Kuk zavodu ABŞ Prezidenti Donald Trampa nümayiş etdirməyi planlaşdırır.
Bizplus.az bildirir ki, sahəsi 280 min kvadratmetr təşkil edən kompleks ilkin mərhələdə 5 min əməkdaş üçün nəzərdə tutulacaq. Gələcəkdə isə bu sayın 15 minədək artırılacağı gözlənilir.
Hazırda Ostində təxminən 7 min “Apple” əməkdaşı çalışır. Şirkət tərəfindən tikintiyə 1 milyard dollar qoyulacaq.
Qeyd edək ki, ABŞ-ın ən aktiv inkişaf edən şəhərlərindən olan Ostində 1 milyona yaxın insan yaşayır. Burada, həmçinin Texas Universiteti və bir sıra texnoloji şirkətlərin bölmələri yerləşir. Ostin yaxınlığında Raund-Rok şəhərində isə “Dell Technologies” şirkətinin mənzil-qərargahı yerləşir.