Amerikanın prosessorlar istehsal edən “Qualcomm” şirkəti, aprelin ortalarında əldə edilən sülh müqaviləsi çərçivəsində “Apple” şirkətindən 4,5 milyard dollar əldə edəcək.
Bu barədə The Wall Street Journal xəbər verib.
Belə qeyd olunur ki, bu məbləğ birdəfəlik ödəniləcək və 2019 kalendar ilinin ikinci rübündə – iyunun sonuna qədər “Qualcomm”-un hesabına daxil ediləcək.
Məhkəmə davası şirkətlər arasında 2017-ci ildə başlayıb. Həmin vaxt “Apple” “Qualcomm”-u patentlərin lisenziyalaşdırılması ilə bağlı məhkəməyə verib. “Qualcomm” da öz növbəsində “Apple”-dan məhkəmə yolu ilə 7 milyard dollar – şirkətin ödəməkdən imtina etdiyi royalti borcunu tələb edib.
“Apple” və “Qualcomm” 2019-cu ilin 16 aprelində sülh razılğı əldə ediblər. Onlar bütün məhkəmə davalarını dayandırıblar.
İş birliyi üçün açar element “Apple” tərəfindən edilən ödəniş olub və bu məbləğdən əvvəllər danışılmayıb. Şirkətlər həmçinin, altıillik lisenziya müqaviləsi və çip qoyuluşu ilə bağlı çoxillik razılıq imzalayıblar.