Tanınmış amerikalı iş adamı Şervin Pişəvar “ADA” Universitetində “Müasir texnologiyaların qlobal biznes mühitinə təsiri” mövzusunda mühazirə oxuyub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Bu gün “Uber”, “Airbnb” kimi nəhəng qlobal şirkətlərə çevrilən “startup” təşəbbüslərə əvvəldən inanıb sərmayə qoyan sahibkar Şervin Pişəvar “ADA” Universitetinin tələbə və müəllim heyəti qarşısında çıxış edərək uğurlu biznes ideyalarının tapılmasında tövsiyələri ilə bölüşüb. Onun sözlərinə görə, başlanğıc mərhələsində olan müxtəlif layihələrə sərmayə qoyarkən bu layihələrin 99 faizinin pul itirəcəyinə hazır olmaq lazımdır. Lakin yerdə qalan 1 faiz ümidləri doğruldaraq inkişaf edir və bütün yatırımları artıqlaması ilə qaytarır. “Uğursuzluğa uğrayanlar məni çəkindirmir, çünki ideyalarını davamlı şəkildə tətbiq etməsi, çalışqanlıqları, əslində, ondan xəbər verir ki, onlar əvvəl-axır uğur qazanacaqlar”, – deyə amerikalı iş adamı bildirib.
Şervin Pişəvar tələbələrə gələcəkdə “startup” biznesləri yaradarkən iki amili – özlərinə inamı heç zaman itirməməyi və başladıqları biznesin elmi tərəfini mükəmməl öyrənməyi nəzərə almağı tövsiyə edib. O deyib: “Əgər ideyanız insanların həyat tərzi və davranışını dəyişmək potensialına malikdirsə, bilin ki, o gəlir gətirəcək”.
Şervin Pişəvar həmtəsisçisi olduğu Hyperloop One şirkətinin fəaliyyətini misal çəkərək deyib: “Nəqliyyat və daşınma sahəsində inqilaba səbəb olacaq bu layihə uzun məsafələri ultra sürətlə qət edən yerüstü nəqliyyat vasitəsi təklif edəcək. Saatlarla məsafəni bir neçə dəqiqəyə qət edəcək bu texnologiya insanların həyat tərzini və hətta bütün sənayeləri dəyişdirə bilər. Bu kimi layihələrin uğur qazanması şübhəsizdir”.
Məşhur iş adamı gənc azərbaycanlı alimləri sırf gəlir gətirə biləcək ideyalar deyil, insanların həyatını asanlaşdıracaq, bəşəriyyətin qarşılaşdığı çətinliklərə həll yolları tapacaq layihələr üzərində işləməyə çağırıb.
Mühazirənin sonunda amerikalı sahibkar “ADA” Universiteti tələbələrinin suallarını cavablandırıb.