Samir Hüseynov: “Bu uğuru qazanmaqda ən böyük dəstəyi həyat yoldaşım verdi”
Məqsədlilik, çalışqanlıq, davamlılıq və inadkarlıq onun üçün uğura gedən yolda ən mühüm amillərdir. Deyir ki, insan qarşısına hədəf qoyub, o hədəfə inamlı və nizamlı addımlarla addımlasa, qarşısına çıxan bütün maneələri dəf edə bilər. Onun fikrincə, sona kimi getməyi bacarırsansa, uğur səninlədir. Sona kimi gedənlər daim qalibdir.
Müsahibimiz Amerikanın Texas ştatında doktorantura təhsili alan gənc alim Samir Hüseynovdur. Samir öz tədqiqatını həyata keçirmək üçün Amerikanın Milli Elm Fondu tərəfindən 42,6 min dollar həcmində mükafata layiq görülüb. Həmyerlimiz Fondun “Qərarvermə, risk və idarəetmə” proqramı üzrə son 5 ildə bu mükafata layiq görülən 10-cu, Texas ştatından isə ilk doktorantdır.
Amerikadakı fəxrimizin həyat və uğur hekayəsinə nəzər salaq…
Müsahibimiz 1986-cı ildə Naxçıvanda doğulub, ibtidai təhsili də elə həmin şəhərdə 1 saylı məktəbdə alıb. Orta təhsilini isə əvvəlcə Bakı şəhərində 242 saylı ümumtəhsil məktəbində, daha sonra isə 1 saylı Fizika Riyaziyyat və İnformatika təmayüllü liseydə davam etdirib. Liseydən 2004-cü ildə məzun olduqdan sonra Prezident təqaüdü əldə edərək Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub. Daha sonra həmin universitetin “Xüsusi İstedadlar Qrupunda” təhsilini davam etdirib. 2008-2010 illər arasında Macarıstanda yerləşən Mərkəzi Avropa Universitetində İqtisadiyyat üzrə magistr təhsili əldə edib, 2012-ci ildən isə Texas A&M Universitetində təhsilini davam etdirib. 2010-2012 illər ərzində Bakıda bir sıra tədqiqat qurumlarında çalışıb, eyni zamanda Qafqaz və İqtisad universitetlərində də dərs deyib. 2015-ci ildən doktoranturanı davam etdirməklə birlikdə Texas A&M Agrilife-da tədqiqatçı köməkçisi kimi çalışır.
– Samir bəy, Azərbaycandan Amerikaya gedən yoldan başlayaq…
– 2007-ci ilə qədər BP kimi şirkətlərdə işləməyi planlaşdırırdım, amma BP-də təcrübə keçdikdən sonra fikirlərim dəyişdi, çünki iş mühiti universitet həyatı ilə müqayisədə daha çox monotondur. Ona görə də 2008-ci ildə BP-dən gələn iş təklifindən imtina edib magistr pilləsində təhsil almaq üçün Macarıstana getdim. 2010-cu ildə ABŞ-ın Rutgers Universitetinə doktoranturaya qəbul olundum, amma həmin vaxt Təhsil Nazirliyinin dövlət proqramı çərçivəsində təqaüd almaq mümkün olmadı. Mən tədqiqat işlərinə yönəldim və iki il sonra dövlət proqramından maliyyə əldə edib Texas A&M getmək nəsib oldu.
– Amerikanın Milli Elm Fondu tədqiqatınıza 42,5 min dollar pul ayırıb. Bu barədə məlumat verərdiniz. Bu, necə oldu?
– ABŞ-ın Milli Elm Fondu (MEF) müstəqil federal qurumdur və əsas məqsədi elmi inkişaf etdirmək və bununla əhalinin sağlamlıq və rifahını yaxşılaşdırmaqdır. Mənim qalibi olduğum proqram “Qərarvermə, risk və idarəetmə elmləri” adlanır. Bu proqram əsasən fərdi, qrup, təşkilat və cəmiyyət qərarlarının effektivliyini artıran, bu istiqamətdəki elmi modelləri inkişaf etdirərək qərar vermədəki mövcud bilikləri dərinləşdirən və sonda siyasi qərarları daha da səmərəli edən elmi tədqiqatlara mükafat şəklində maliyyə vəsaiti ayırır. Bu tədqiqat layihəsinə təqribən 1 il zaman ayırdım və təkcə iqtisadi biliklərdən deyil, eyni zamanda istehlakçı psixologiyası, davranış və koqnitiv elmlərdə ortaya qoyulan yeni araşdırmalara da tədqiqatımda yer verdim. Qalibi olduğum proqram müxtəlif elmi yanaşmalardan istifadə edərək sosial-iqtisadi problemlərin həll yollarını inkişaf etdirən elmi işlərə daha çox üstünlük verir. Məhz buna görə də MEF sonda mənə bu tədqiqat mükafatını verməyi qərara aldı.
– Bu mükafatla qurduğunuz nəzəri-iqtisadi davranış modelini universitetin İnsan Davranışları Laboratoriyasında sınaqdan keçirmək imkanı əldə etdiniz. Tədqiqatınız haqqında geniş məlumat verərdiniz. Nəzəri-iqtisadi davranış modeli nədir?
– Mənim elmi işim ABŞ-da 2008-ci ildən qüvvədə olan “Kalori işarələmə” qanununun effektiv olmamasının səbəblərini izah etməyə və bu istiqamətdəki elmi bilikləri artırmağa yönəlib. Belə ki, həmin qanun restoranlarda və digər iaşə obyektlərində satılan qida maddələrinin kalori tutumunun açıq şəkildə göstərilməsini məcbur edirdi. Yəni ənənəvi iqtisadi nöqteyi-nəzərdən yanaşsaq, kalori haqqındakı informasiyanı iqtisadi agentlər dəyərləndirməli, buna uyğun olaraq hərəkətlərini dəyişməli və öz sağlamlıqları üçün az kalori istehlak etməli idilər. Amma bu, baş vermədi və hətta bəzi yerlərdə kalori istehlakı artdı. Mənim ortaya qoyduğum yanaşma da kalori ilə bağlı təqdim olunan informasiyanın hansı səbəblərdən istehlakçılar tərəfindən diqqətə alınmamasını izah edir. Biz layihə çərçivəsində yanlış qida seçimlərinin neyro-psixoloji əsaslarını da araşdıracağıq. Belə ki, aparılan neyroiqtisadi tədqiqatlar göstərir ki, insan beyni iki daxili qərarvermə mexanizminə malikdir. Birinci mexanizm insanı intuitiv düşünməyə sövq edir və iqtisadi seçimlərdən əldə olunan faydalara qısa dövrü perspektivdən yanaşır. Məsələn, restoranda yemək seçimi edən biri yeməkdən alacağı zövqü daha çox fikirləşib uzun müddətli dövrdə istehlak etdiyi ləziz, amma bir o qədər də sağlam olmayan qidaların verə biləcəyi ziyanları düşünmək istəmir. Amma əgər 2-ci, yəni daha dərin düşünən beyin mexanizmi iqtisadi qərarlarda daha aktiv olsa, bu, həmin qərarların daha keyfiyyətli olmasına səbəb olar. Biz layihə çərçivəsində müxtəlif metodlardan istifadə edərək beynin 2-ci, yəni daha “uzaqgörən” hissəsinin hansı hallarda daha aktiv olduğunu da ortaya qoyacağıq. Öz növbəsində bu, gələcəkdə insanların qida seçimində və digər iqtisadi məsələlərdə optimal qərar verməsinə kömək edəcək.
– Texas ştatından bu mükafata layiq görülən ilk doktorantısınız. Bu, necə hissdir?
– Bəli, mən “Qərarvermə, Risk və İdarəetmə elmləri” proqramı üzrə son 5 ildə Texas ştatından bu mükafata layiq görülən ilk doktorantam. Əlbəttə, uzun zəhmətli prosesin sonunda belə xoş mükafat almaq məni çox sevindirdi. Amma əslində bundan sonrakı proses daha ağırdır və qarşımızda tədqiqatları aparıb nəticələri elmi ictimaiyyətlə bölüşmək kimi məsuliyyətli bir öhdəlik var. Hazırda sevincdən daha çox məsuliyyət hiss keçirirəm.
– Azərbaycanlı olaraq bu mükafata layiq görüldükdə necə reaksiyalar aldınız? Amerikanların reaksiyaları necə oldu?
– Öz həmvətənlərimin sevinci və təbrikləri ilə qarşılaşdım və bu da məni olduqca xoşbəxt etdi. Bununla yanaşı, həmkarlarım, diplom rəhbərim və dekanımız da məni təbrik etdi. Təbii ki, azərbaycanlı tələbə olaraq buna nail olmağım və ölkəmizi bu səviyyədə təmsil etməyim hər zaman arzum olub. Bu, amerikalılar tərəfindən də pozitiv qarşılandı. Onu da qeyd etməliyəm ki, bu, eyni zamanda Amerika təhsil və elm sisteminin bir daha necə mütərəqqi və meritokratik bir sistem olduğunu göstərdi. ABŞ-da milli, dini və ya irqi mənsubiyyət deyil, insanın fərdi keyfiyyəti önəm daşıyır və keyfiyyətli kadrlara hər zaman lazımi şərait yaradılır.
– Gənc yaşınızda belə nailiyyət əldə etmisiniz. Bunu nəyə borclusunuz?
– Bilirsiniz, bu suala cavab vermək olduqca çətindir. Həyat yoluma retrospektiv (geriyə baxış) baxanda bir neçə amilin bunda böyük rol oynadığını görürəm. Amma məncə, ən əsası ingilislərin dediyi kimi, “persistence” –dir, yəni davamlılıq və inadkarlıq…
– Samir bəy, sizcə uğurun sirr nədir?
– Bilirsiniz, bu sualla bağlı cildlərlə kitab yazılıb və yəqin ki, yenə yazılacaq. Amma mənim ümumi qənaətim budur ki, zəhmət gec-tez öz bəhrəsini verir…
– Karyerada uğur qazanmaq üçün bir gənc nələri qurban verməlidir?
– Hər insanın seçdiyi yoldan və mübarizə şəraitindən asılı olaraq uğur qazanmaq müxtəlif qurbanlar tələb edir. Mən icazənizlə bu sualı dəyişdirib belə qoyardım: “uğur qazanmaq üçün nələri qurban verməməliyik?” Məncə, uğur üçün mənliyimizi və kimliyimizi qurban verməməliyik. Digər qurbanları tədricən həyat geri qaytarar, amma sadaladıqlarımı isə çox çətin.
– Bəzi insanlar düşünür ki, uğur yolunda mütləq motivator olmalıdır. Sizin motivatorunuz varmı?
– Yəqin ki bu uğuru qazanmaqda ən böyük dəstəyi həyat yoldaşım Şəbnəm verdi. Onun maddi və mənəvi dəstəyi olmadan bu uğur mümkün olmazdı. O, mənim həm həyat yoldaşım, həm də motivatorumdur.
– İş qurmaq istəyən gənclərə tövsiyələriniz nələrdir?
– Gənclər, hədəfə kiçik, amma inamlı və əzmli addımlarla irəliləsinlər. Gec-tez inanıram ki, hədəflərinə çatacaqlar.
– Son olaraq, gələcək planlarınız nədir?
– Hələ ki, mümkün qədər elmi məqalələr yazaraq elm aləmində qəbul olmaq istəyirəm. Əsas planım budur.