Amerikanın “United Airlines” aviakompaniyası özünün “Boeing 757-200s” təyyarə parkını “Airbus A321XLR” laynerləri ilə əvəzləmək barədə qərar qəbul edib.
Aviakompaniyanın sifariş etdiyi 50 təyyarənin çatdırılmasına 2024-cü ildə başlanacaq. Sifarişin ümumi məbləği 7 milyard dollar təşkil edir.
“Boeing” kompaniyası hazırda “Airbus A321XLR” ilə rəqabət aparmaq üçün orta magistrallı təyyarələri çatdırmaq imkanına malik deyil. Bundan başqa, onun aviatexnikası 737 MAX ailəsindən olan laynerlərin iştirakı ilə baş verən və 346 nəfərin həyatına son qoyan iki qəza ilə bağlı qalmaqal səbəbindən populyarlığını itirib. Qəzanın səbəbləri kimi təyyarənin proqram təminatı sistemində uyğunsuzluq göstərilir. Həmin insidentlərdən sonra dünyanın bütün aviakompaniyaları MAX ailəsindən olan “Boeing 737” təyyarələrinin istismarını dayandırıb.
“Airbus” A321XLR təyyarələrini ilk dəfə bu ilin iyununda Paris aviasalonunda nümayiş etdirib. Yeni dar füzelyajlı təyyarənin uçuş uzaqlığı əvvəlki A321LR modelindən 15 faiz çoxdur ki, bu da onu uzaq magistrallı geniş füzelyajlı laynerlərin qənaətcil alternativi edir.
“United Airlines” yeni təyyarələrdən Avropa marşrutlarında istifadə etmək niyyətindədir.