Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının iclasında yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən “əməkhaqqı” sözünün çıxarılması müzakirə edilib.
Bu barədə İnstitutun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, Şuranın iclasında “əməkhaqqı” sözünün yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə saxlanılması qərara alınıb: “Elmi Şuranın iclasında mütəxəssislərlə birlikdə “əməkhaqqı” sözü ilə bağlı müzakirələr aparıldı. Bu sözün dilimizdə artıq daşlaşması diqqətə çatdırıldı. Ümumiyyətlə, biz dilimizdə daşlaşan sözlərə toxunmayacağıq. Çünki bu söz hamı tərəfindən qəbul edilib. Cəmiyyətdə çaşqınlıqların yaranmaması üçün “əməkhaqqı” sözünün yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılmaması qərarı verildi”.
Qeyd edək ki, M.Nağısoylu bir müddət əvvəl “əməkhaqqı” sözünün yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılmasının gündəmdə olduğunu deyib. Akademik “əməkhaqqı” sözünün əvvəlki lüğətlərdə (1960 və 1975-ci illərdə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”) olmadığını bildirib. O, bu sözün mürəkkəb söz və ikinci növ təyini söz birləşməsi olduğunu vurğulayıb.
Xatırladaq ki, yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə əvvəlki orfoqrafiya lüğətində olmayan 4000 yeni söz daxil edilib, əvvəlki lüğətdə olan, təxminən, 1000-dək söz isə yeni lüğətə salınmayıb.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”, təqribən, 5 ildən bir hazırlanır.