Y Combinatorun təsisçisi Paul Graham kimlərin necə böyük işlər görməyə müvəffəq olmasının izahını verib.
Hamı bilir ki, möhtəşəm nəsə birşey etmək üçün təbii bacarıqlardan başqa, qətiyyət də olmalıdır. Amma daha bir, üçüncü komponent də var: müəyyən mövzuya güclü həvəs. Bunu anlamaq bir qədər çətindir.
Onu izah etmək üçün mən hər hansısa insan toplusu arasında nüfuzumu qurban verməli olacağam və seçim olaraq avtobus bileti kolleksiyaçılarının üzərində dayandım. Elə insanlar var ki, köhnə avtobus biletləri yığırlar. Bir çox kolleksiyaçılar kimi onlar da yığdıqlarının xırda detallarına böyük maraq göstərirlər. Onlar müxtəlif bilet növləri arasında hər birimiz üçün yadda qalması çətin olan fərqlər axtarıb tapırlar. Bizimsə ona görə yadımızda qalmır ki, buna marağımız yoxdur. Köhnə avtobus biletləri haqqında düşünmək üçün bu qədər vaxt sərf etməyin mənası nədir?
Bizi bu aludəçiliyin ikinci özəlliyinə nə gətirib çıxarır: onun heç bir mənasının olmaması. Kolleksiyaçının avtobus biletlərinə sevgisi təmənnasızdır. Onlar bunu bizdə təəssürat yaratmaq yaxud da varlanmaq üçün deyil, ancaq özləri üçün edirlər.
Nəsə dahiyanə birşey yaratmış insanların həyatına baxsaq, bu ardıcıl mənzərəni görmüş olarıq. Onlar çox vaxt müasirləri üçün mənasız görünən nəyəsə avtobus biletləri toplamağa aludəçi ruhu ilə başlayırlar. Darvinin “Beagle” gəmisində səyahət kitabının ən diqqətçəkən məqamlarından biri onun təbiətşünaslığa olan marağı idi. Onun marağı sanki tükənməzdir. Bu fikri rəqəmlər sırası üzərində saatlarla düşünən Ramanjuan haqqında da demək olar.
Avtobus biletlərindən kolleksiya toplayanlar kimi Darvinlə Ramanjuan etdiklərindən zövq alıblar. Amma Ramanjuanla kolleksionerlər arasında fərq var. Belə ki, rəqəmlər əhəmiyyət daşıyır, amma avtobus biletləri yox.
Dahiliyi belə ifadə etmək olar: vacib nəyəsə mənfəət (təmənna) güdmədən olan bir bağlılıq.
Nəyəsə güclü maraq – bu, həm bacarıqların göstəricisidir, həm də sizi qərar qarşısında qoymayan bir amildir. Əgər sizin kifayət qədər riyazi bilikləriniz yoxdursa, rəqəmlər sırası sizə maraqlı olmayacaq. Sizə maraqlı gələn bir şeyə bağlandığınızda isə artıq qərara ehtiyac qalmır: maraq sizi bir növ seçimdən qurtarır.
Güclü maraq mümkün olduğu qədər uğur da gətirir. Uğur, Paster-in dediyi kimi, hazırlıqlı beyinlərə bağlıdır, aludəçi beyinlərə xas cəhət də artıq hazırlıqlı olmalarıdır.
Heç bir mənfəət güdməmək bu növ aludəçilik üçün ən əsas özəllikdir. Təkcə ona görə yox ki, ciddi seçimlərdən qurtarır, həm də ona görə ki, sizə yeni ideyalar düşünməyə imkan verir.
Yeni ideyalara aparan yollar perspektivli görünmür. Belə olmuş olsaydı başqaları o yolları çoxdan axtarıb tapmışdılar. Bəs qeyri-adi işlər görən insanlar başqalarının qaçırdıqları yolları necə tapırlar? Çox güman ki, onların sadəcə daha yaxşı görmə bacarıqları var: başqalarının gözdən qaçırdıqları yolları görə biləcək qədər talantlıdırlar. Amma dahi işlərin necə ərsəyə gəldiyinə baxsanız əslində bunun başqa cür baş verdiyini görəcəksiniz. Məsələn, Darvin daha çox ayrı-ayrı növlərə diqqət yetirirdi, ona görə yox ki, bunun qeyri-adi bir işə aparıb çıxaracağını o görürdü, başqaları isə yox. Ona sadəcə belələri çox-çox maraqlı gəlirdi.
Darvin işinin aludəçisinə çevrilmişdi. Elə Ramanjuan da onun kimi. Onlar yeni cığırlar açıblar və ona görə yox ki, bu yollar onlara çox perspektivli gəlib, ona görə ki, güclü maraqlarına qarşı çıxa bilməyiblər.
Bəs aludə olduğunuz ideyaların nə mənası var? Heç vaxt əmin olmaq olmaz. Yəni, heç kim qabaqcadan deyə bilməz ki, hansı yol, sizdə maraq yaradacaq yeni ideyalara aparacaq.
Amma bunu bir qayda ilə müəyyən etmək olar. Məsələn, daha perspektivli olan – əgər siz özünüz nəsə edirsinizsə, yəni, başqasının ideyasından istifadə etmirsinizsə. Ya da siz başqa insanların sizdən daha zəif olduqları hər hansısa çətin bir işlə maraqlanırsınızsa. Çox perspektivli ideyalara adətən bacarıqlı insanlarda rast gəlinir. Bacarıqlı insanlar heç də təsadüfən təsadüfi nələrləsə maraqlanmırlar.
Siz heç vaxt arxayın ola bilməzsiniz. Ola bilər ki, möhtəşəm birşey ərsəyə gətirmək üçün siz boşuna çoxlu vaxt sərf etməli olasınız. Bir çox müxtəlif sahələrdə mükafat risklə mütənasibdir. Yeni başlanğıclardan söhbət gedirsə, nəzərdə tutulan qədər perspektivli nəticələnəcək amillərə çoxlu əmək sərf etmək lazım gələcək.
Bunun doğru olub-olmadığına əmin deyiləm. Bir tərəfdən maraqlı birşey üzərində səylə çalışarkən boşuna çoxlu vaxt itirmək təəccüblü gəlir. Digər tərəfdənsə, risk və mükafat nisbəti qaydası o qədər güclüdür ki, bu, risk olan hər yerdə təsirli görünür. Nyuton bu qaydanın işlədiyinə bir nümunə ola bilər. Belə ki, o, çox yaxşı bəhrəsini göstərmiş xüsusi bir aludəçi ideyası ilə məşhurdur: dünyanı təsvir etmək üçün riyaziyyatdan istifadə. Amma onun aludəçisi olduğu iki fərqli ideyası da olub – kimyagərlik və ilahiyyat. Bu ideyaları güman ki, boş vaxt itkisi olub. Amma nəticədə o qalib çıxır. Onun hər birimizə məlum olan indiki fizika elminə etdiyi yatırımın geri qayıtması ilə digər iki ideyasının əvəzi ödənilmiş olur. Bəs həmin iki ideya lazımlı idilərmi? Belə mühüm icadlar etmək üçün böyük risklərə getməli idimi? Bunların cavabını dəqiq deyə bilmərik.
Daha narahatedici bir ideya: bir çox hallarda bütün yatırımlar yalnış nəticələnir. Amma bunun nə qədər tez-tez baş verdiyini deyə bilmərik, çünki, uğursuz yatırımlar edən insanlar tanınmırlar.
Məsələ burasında deyil ki, nəticələri əvvəlcədən təxmin etmək olmur. Onlar zamanla gözlənilmədən dəyişirlər. 1830-cu il təbiətşünaslıq elminin inkişafı üçün həqiqətəndə yaxşı bir vaxt idi. Əgər Darvin 1809-cu ildə deyil, 1709-cu ildə anadan olmuş olsaydı tanınmayacaqdı.
Belə bir qeyri-müəyyənliklə qarşılaşdıqda nə etmək lazımdır? Həll yollarında biri – belə bir vəziyyətdə şəxsən sizə maraqlı olan ideyaların əvəzinə perspektivli yollarla getməyin nəticəsinə əmin olmaqdır. Amma risklər azaldıqca mükafatlar da azalır. Əgər siz daha ambisiyalı bir yolla getməkdən ötrü sizə maraqlı olan işlə məşğul olmaqdan imtina etsəniz möhtəşəm olan nəyisə qaçıra bilərsiniz.
Başqa bir həll yolu – çoxlu müxtəlif şeylərlə maraqlanmaq. Oxşar maraqlar arasında keçid etmək sizin potensialınızı azaltmaz. Amma burada sizi bir təhlükə gözləyir: əgər çoxlu fərqli layihələriniz varsa onların heç birinin dərinliyinə gedə bilməyəcksiniz.
Əgər orijinallığın resepti sadəcə təbii bacarıqlardan və gərgin işləməkdən ibarətdirsə, o zaman edə biləcəyimiz tək şey çoxlu bacarıqlarımızın olduğuna ümid etmək və bütün gücümüzlə işləməkdir. Yox əgər dahiliyin vacib komponenti maraqdırsa o zaman onu inkişaf etdirməklə dahi ola bilərik.
Vacib bir işi sona qədər çatdırmaq üçün bir qədər dincəlmək lazımdır. Həmkarlarınızdan çoxunun perspektivli hesab etdiyi bir iş üzərində gərgin səylə çalışmaqdansa sizə sadəcə məmnunluq verən nəsə ilə məşğul ola bilərsiniz.
Avtobus biletlərindən kolleksiya nəzəriyyəsi zamanla sürətin azalmasından çıxış yolunu da təklif edir. Yəni, yaş ötdükcə insanlarda yeni ideyalar da azalır. Bu, təkcə üstünlüklərinin əldən getməsinə görə olmur. Həm də ona görə baş verir ki, artıq nüfuz qazanmış olurlar və gənc vaxtlarında olduğu kimi perspektivsiz layihələrlə məşğul olmağı düşünmürlər.
Məsuliyyətsiz olun və sadəcə təsadüfi amma sizə maraqlı gələn layihələrlə məşğul olun. Bu, ən azından sizə xoş təsir göstərəcək.